You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Yunanıstan turist qəbuluna başlayır. Ziyarətçiləri orada nə gözləyir?
- Müəllif, Jessica Bateman
- Vəzifə, Yunanıstan
Mixail Ermogenis hər səhər itini gəzməyə çıxarır. O, Yunanıstanın Santorini adasındakı İya qəsəbəsində yaşayır. Keçən il kilsələrin məşhur mavi gümbəzlərinə və möhtəşəm qürub mənzərələrinə baxmaq üçün adaya iki milyondan çox turist gəlmişdi.
Son aylarda Ermogenis adanın mərmər küçələrində, demək olar ki, tək gəzmək şansı qazanıb, çünki koronavirus pandemiyası turizmi tamamilə dayandırıb. Ancaq gələn bazar ertəsindən etibarən vəziyyət dəyişəcək. Çünki Yunanıstan turizm mövsümünə start vermək üçün sərhədləri açmağa hazırlaşır.
Çoxsaylı turist dəstələrinə və yollardakı tıxaca görə Ermogenis qəsəbədən çıxmağa əvvəlllər bir saata qədər vaxt sərf etməli olurdu. Santoriniyə ziyarətlərin sayı o qədər çoxalmışdı ki, Avropa Birliyi adanın gələcəyi barədə düşünməyi təklif etmişdi. Ancaq pandemiya turistlərin hamısını birdən yox etdi.
"İnanılmaz vəziyyətdir. Sanki mənə "Disneylend"in açarlarını veriblər. Ancaq bilirəm ki, bu mənim məmnuniyyətim üçün deyil, qlobal fəlakətdir" - Ermogenis belə deyir.
Yunanıstan yeni turizm modeli icad edə biləcəkmi?
Turizmin dayanması Aralıq dənizi ölkələrinə, o cümlədən, Yunanıstana xüsusilə ciddi zərbə vurdu - bu ölkədə ÜDM-in 30%-ini bu sektorun gəlirləri təşkil edir, hər beş iş yerindən biri turizmə bağlıdır.
Keçən il Yunanısatanı 33 milyon adam ziyarət edib, adaların çoxunda özəl sektor işçilərinin böyük əksəriyyəti turizmdə çalışır.
İndi yunan adalarının bəzi sakinləri düşünürlər ki, məcburi fasilədən istifadə edib turizmin nisbətən qoruyucu modelinə keçmək lazımdır.
Pandemiyaya qədər ziyarətçi axınının vurduğu Ermogenisi o qədər çox narahat edib ki, məşhur İya qəsəbəsinin qorunmasıyla bağlı kampaniya başladıb, qəsəbənin hər yerində turistlərə ətraf mühiti qorumağın vacibliyini xatırladan plakatlar asıb.
Ermogenis deyir ki, hazırda turist çoxluğu aktual məsələ stausunu itirib:
"Bu məsələ nə vaxt yenidən ciddi problem səviyyəsinə çatacaq və yerli hökumət turizmi daha düşünülmüş şəkildə, daha strateji təşkil edə biləcəklərmi - indi əsas sual budur".
Bazar ertəsindən etibarən Saloniki şəhərinə beynəlxalq uçuşlar bərpa ediləcək. Buna qədər ancaq Afina aeroportu açıq idi.
- Salonikiyə Avropa ölkələrinin çoxundan, o cümlədən, İsrail, Yaponiya, Avstraliya və Yeni Zelandiyadan uçuşlara icazə verilib.
- Riskin aşağı səviyyədə olduğu 29 ölkədən gələn sərnişinləri təsadüfi seçmə üsulu ilə test edəcəklər.
- Britaniya və Rusiya da daxil olmaqla, yüksək risk kateqoriyasına aid olan ölkələrdən gələnlər üçün test məcburi olacaq. Test nəticələri neqativ olanlar karantində 1 həftə, pozitiv olanlarsa 2 həftə qalmalı olacaqlar.
- Quru yolla Yunanıstana Albaniya, Şimali Makedoniya və Bolqarıstan vətəndaşları gedə biləcəklər. Onları da təsadüfi seçməylə test edəcəklər.
- Mövsümi rejimdə işləyən mehmanxanalar fəaliyyətə başlayacaq.
- 1 iyuldan etibarən Yunanıstanın bütün aeroportlarına və dəniz limanlarına beynəlxalq uçuşlara icazə veriləcək. Bütün sərnişinlər təsadüfi seçməylə test ediləcək.
Steysi Harris-Papioanu gecə əyləncələri və tanınmış qonaqlarıyla məşhur olan Mikonos adasında yaşayır.
Steysi etiraf edir ki, adamsız çimərlikdə günəş vannası qəbul etmək fürsəti onu sevindirib.
"Doğrudur, çimərlikdə tək olmaq əladır, amma hesabı qumla ödəmək olmur" - evini mövsümi işçilərə kirayə verməklə gəlir əldə edən Steysi gülərək belə deyir.
O qeyd edir ki, əvvəllər ada sakinlərinin əsas şikayəti kruiz gəmilərindən olub:
"Bəzən gün ərzində 7 gəmi gəlirdi və bir saat ərzində adada 20 min turist peyda olurdu".
Steysi və həmfikirləri uzun illər yerli hökuməti gəmilərin qrafikini tənzimləməyə, eyni vaxta düşən reyslərin sayını azaltmağa çağırıblar.
Bu il koronavirus pandemiyası bütün kruizləri təxirə saldığı üçün ada sularına heç bircə gəmi də lövbər atmayıb.
Mikonos sakinlərinin çoxu buna sevinir, amma kafe və minimarketlər kimi kiçik biznes sahibləri üçün bu, böyük maliyyə itkisi deməkdir.
Koronavirus Yunanıstanda
Yunanıstanın Milli Səhiyyə Təşkilatının məlumatına görə, ötən bazar ölkədə cəmi 10 yoluxma faktı qeydə alınıb, ölən olmayıb.
- Ölkədə virusa yoluxanların toplam sayı 3100 nəfər olub.
- "Covid-19" xəstəliyindən ölənlərin sayı 183 nəfərdir.
- Bazar gününə olan məlumata görə, reanimasiyada koronavirus diaqnozlu 13 nəfər qalıb. Vəziyyəti yaxşılaşan 116 nəfər adi palatalara köçürülüb.
Pandemiyaya qədərki dövrdə adanın daha bir problemi yerli infrastrukturun ziyarətçi sayına adekvat sürətlə inkişaf etməməsi olub.
Məsələn, Mikonosda işıqlar tez-tez sönür, məişət tullantılarının təkrar emalı da ciddi problem olaraq qalmaqdadır.
Müasir Yunanıstanın inkişafında turizmin rolu
Yunanıstanın ard-arda dəyişən hökumətlərinin hamısı ölkəni iqtisadi böhranlardan çıxarmaq üçün turizmdən istifadə etməyə çalışıblar.
1950-ci illərdə hakimiyyət beşulduzlu otellər tikərək imkanlı şəxsləri ölkəyə cəlb etməyə çalışırdı.
1967-ci ildəki hərbi çevrilişdən sonra hakimiyyət sağ yönümlü xuntanın əlinə keçdi və bundan sonra kütləvi turizmin inkişafına start verildi. Eyni strategiya diktaturaya son veriləndən (1974) sonra da davam etdirildi.
Çoxları bu sahənin pis idarə olunduğunu düşünsə də, 2008-ci ildəki maliyyə böhranından çıxmağa da Yunanıstana məhz turizm kömək etdi.
"Ölkədə turist axınıyla bağlı dəqiq siyasi proqramlar yoxdur. Sistemin ən böyük çatışmazlıqlarının biri də mərkəzi hökumətin regional hökumətlərə turizmi yerli səviyyədə tənzimləmək hüququ verməməsidir" - Qərbi Attaki Universitetinin professoru Efimiya Sarantakou belə deyir.
Pandemiya Yunanıstanın dəyişməsinə kömək edəcəkmi?
Yunanların vurğuladıqları problemlərdən biri də budur ki, iqtisadiyyatın turizmdən hədsiz asılılığı heç bir ixtisası olmayan mövsümi işçilər üçün çox sayda azmaaşlı iş yeri yaradıb.
Orta İsveçrə Universitetinin turizm fakültəsinin əməkdaşı Kristina Zampouks deyir ki, "bütün dünya üzrə turizm sektorunda çox sayda qadın, gənc və miqrant çalışır. Bu sahədəki əmək ona görə az qiymətləndirilir ki, təmizlik, xidmət və digər insanlara qulluq, adətən, "qadın işləri" kimi assosiasiya olunur".
Ziyarətçi çoxluğundan əziyyət çəkən Venesiya və Amsterdam kimi populyar turizm məkanları artıq bəyan ediblər ki, pandemiya dövrü onlara turizmin yeni, daha dayanıqlı modellərini təşkil etmək fürsəti yaradıb.
Yunanısatan hökuməti belə vədlər verməyib. Hələ ki, adalarda yaşayanların çoxu pul qazana və virusun ikinci dalğasından qurtula bilib-bilməyəcəklərini düşünürlər. Onlar həm də köhnə problemlərin geri qayıdacağından narahatdırlar.