Azərbaycan, Gürcüstan və Türkiyə hərbi Anlaşma Memorandumu imzalayacaq

Şəklin mənbəyi, modgovaz

Azərbaycan Gürcüstan və Türkiyə ilə birgə hərbi təlimlər keçirmək, kiber təhlükəsizlik üzrə əməkdaşlıq etmək və neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin təkmilləşdirilməsi ətrafında razılığa gələ bilər.

"Biz müdafiə sahəsində üçtərəfli Anlaşma Memorandumu imzalamağı nəzərdə tuturuq. Hazırda layihəsi razılaşdırılmaqda olan Anlaşma Memorandumunun imzalanması əməkdaşlığımızın hüquqi bazasının əsasını təşkil edəcək, üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsinə zəmin yaradacaqdır," müdafiə naziri Zakir Həsənov bildirib.

Zakir Həsənov, gürcüstanlı həmkarı Tinatin Xidaşeli və türkiyəli həmkarı İsmət Yılmazla mayın 15-də Qəbələdə görüşüb, Müdafiə Nazirliyi bildirib.

Cənab Həsənov qeyd edib ki, üç tərəfli görüş zamanı regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ətrafında fikir mübadiləsi aparılıb.