Bakıda un və çörək hansı qiymətlərə satılır?

Manatın məzənnəsinin düşməsi Azərbaycanda qiymət artımına səbəb olub. Qiyməti artıdığı deyilən məhsullar arasında un və çörək də var.
Qiymət artımı Azərbaycanın bir sıra bölgəsində etirazlara da səbəb olub. Hökumət isə qiymətlərin süni şəkildə artırıldığını və bununla mübarizə apardığını bildirir.
Un və un məhsullarına, eləcə də çörəyə tətbiq edilən əlavə dəyər vergisi cümə günündən etibarən, rəsmi qərarla ləğv olunacaq.
Bəs bu gün mağazalarda vəziyyət necə olub.
Müxbirimiz Elnarə Məmmədova Bakıdakı mağazaları gəzərək un və çörəyin neçəyə satıldığını müşahidə edib.
"50 kiloluq bir kisə un neçəyədir” sualına aldığım “30 manat” cavabına təəccüblü reaksiyam satıcını da çaşdırır. Səsləndirdiyi rəqəmə bəraət qazandırmaq üçün gülə-gülə “mənə 29 manata gətirirlər, mən də pul qazanmalıyam ya yox” deyir.

Ucuz sayılan topdan satış mərkəzlərinin yerləşdiyi Mirəli Qaşqay küçəsi ilə irəliləyib digər bir mağazaya daxil oluram.
Bayaqkı yerli istehsal olan eyni markalı unun kisəsi burada fərqli məbləğə təklif olunur: 28 AZN.
İçəri keçib digər unun qiymətini soruşanda mağaza sahibi jurnalist olduğumu anlayaraq satıcının “səhvini düzəldir”.

“Bizdə ancaq Karmen unu kisə ilə satılır. O da 26 manatdır”, - deyib məhsulların gəliş qiyməti yazılan hesab kağızını həvəslə mənə göstərir.
Qiymətlər üzərində yazılmadığından, daxil olduğum digər mağazada yenidən unun kisəsinin neçəyə başa gəldiyini soruşuram. Ən ucuz qiymət 28 AZN-dir.
“Ömrümdə ilk dəfədir, belə artım görürəm. Görmüşük ki, unun qiyməti qəpik-quruş artsın”, - deyə yaşlı alıcı bir kisə unun qiymətinin birdən-birə 10 AZN artmasını “ilin hadisəsi” saydığını əlavə edir.
Topdan satış mərkəzlərində kiloluq paketlərdə satılan ən ucuz unun qiyməti isə 1 AZN- dən başlayır.

Amma eyni unun kilosunu müxtəlif mağazalarda fərqli qiymətə deyə bilərlər. Məsələn 1 manatlıq un digər mağazalarda 1.20 manata da təklif olunur.
Baş çəkdiyim mağazalar arasında unun qiymətini birbaşa üzərinə yazıb vuran yeganə obyektə daxil oluram. Burada satıcı paketlərdə olan undan 10 ədəd alana 5 qəpiklik endirim edir.
“Biz bunların qiyməıtinin üstünə qəpik quruş qoymuşuq” deyən satıcı buna baxmayaraq “alverinin zəif getməsindən” gileylənir.

Müşahidələrimi çörək satışı mağazaları ilə davam etdirirəm. Topdansatış mərkəzində çörək satan satıcı “Çörəyin qiyməti artandan mənə demək olar ki, sexlər 30 qəpiklik çörək gətirmir” deyir.
Satılan çörəklərin qiyməti isə satış obyektlərində çəkisinə görə dəyişir. Məsələn, 395 qramlıq çörək 30 qəpiyə, 550 qramlıq çörək 40 qəpiyə, 690 qramlıq çörək isə 50 qəpiyə satılır.
28 Mall-da yerləşən supermarketdə isə qiymət daha fərqlidir. Burada çörəyin 450 qramlığı 50 qəpiyə, 600 qramlığı 40 qəpiyə, 700 qramlığı isə 70 qəpiyə təklif olunur.
<bold>Həmçinin oxuyun:</bold><link type="page"><caption> Un və çörəyin qiyməti endirilib</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/01/160114_bread_flour_price" platform="highweb"/></link>




