Neftin qiyməti 37 dollardan aşağı düşdü

Şəklin mənbəyi, Isna

Brent markalı neftin London İCE birjasında 2016-cı ilin yanvarına fyuçers qiyməti bir barrel üçün 36,98 dollara enib.

Beləliklə, 2008-ci ilin dekabrından bəri neftin qiyməti ilk dəfə olaraq bir barrel üçün 37 dollardan aşağı düşüb.

WTI markalı Amerika nefti 2009-cu ilin minimum rekordunu təkrarlayıb: Bu markadan olan neftin 2016-cı ilin yanvarı üçün qiyməti 34,94 dollar olub.

Neft qiymətləri ötən həftənin əvvəllərindən enməyə başlayıb. Buna səbəb neft ixrac edən ölkələrin OPEC kartelinin dekabrın 4-də keçirilmiş iclası olub. Həmin görüşdə kartel üzvləri nəinki hasilatı azaltmaq barədə qərar qəbul etməyiblər, onlar, ümumiyyətlə, istehsal kvotasını da müəyyənləşdirməyiblər.

Hazırda OPEC ölkələri günə 31-32 milyon barrel neft çıxarırlar.

Bundan başqa, gələn ilin əvvəllərindən neft bazarına uzun müddət beynəlxalq sanksiyalar altında olan İran çıxacaq. Neft bazarına çıxan əlavə neft bu xammalın qiymətini daha da ucuzlaşdıracaq.

Neftin ucuzlaşması fonunda rublun da qiymətdən düşəcəyi gözlənilir. Bazar ertəsi 1 dolların qiyməti 70 rubl, 1 avronun qiyməti isə 77 rubl olub.