Vəkillər Kollegiyası Xalid Bağırovun vəkilliyinə xitam verib

Şəklin mənbəyi, Getty

Azərbaycanda həbs olunan hüquq müdafiəçiləri və ictimai fəalların vəkilliyini edən Xalid Bağırov vəkillik fəaliyyətindən uzaqlaşdırılıb.

"Vəkillər Kollegiyası səbəb kimi mənim Şəki Apellyasiya Məhkəməsində çıxışın dövlətçiliyə qarşı və vəkilliyi nüfuzdan salan çıxış olduğu bildirilib. Mən demişdim ki, Azərbaycanda ədalətli məhkəmə yoxdu, olsaydı belə qərar verilməzdi", cənab Bağırov BBC Azərbaycancaya deyib.

Onun sözlərinə görə, vəkillikdən uzaqlaşdırılması sırf fəaliyyəti ilə bağlıdır və bu gün intihara sövq etmə ittihamı ilə məhkəməyə qədər həbs olunan araşdırmaçı jurnalist Xədicə İsmayılın hüquqlarını müdafiə etmək üçün orden almağa hazırlaşırmış.

"Vəkillər Kollegiyası məhkəməyə müraciət edib və belə qərar verilib. Bundan sonra məhkəmə işlərinə çıxa bilməyəcəm. Ancaq məhkəmədə öz mövqeyimi müdafiə edəcəm", vəkil əlavə edib.

Xalid Bağırov hazırda həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədov, hüquq müdafiəçisi Leyla Yunus, bloqer Əbdül Əbilov və N!DA Vətəndaş Hərəkatı üzvlərinin hüquqlarını müdafiə edirdi.