Britaniya Azərbaycan hakimiyyətinə yalnız "tövsiyyə verə bilər"

Britaniyanın Azərbaycandakı səfiri BBC Azərbaycancaya müsahibəsində demokratiya, insan haqlarının siyasətə qurban verilməsi iddiaları barədə suallara cavab verib və müasir dünya quruluşunda yeni təmayüllərdən danışıb.

İrfan Siddiq deyib ki, Azərbaycanla dialoq aparan Britaniya hökuməti heç bir mövzunun müzakirəsindən çəkinmir.

"Azərbaycanda demokratiya və insan haqları məsələlərində dəyişiklik görmək istədiyimiz sahələr var, ancaq biz onları dostcasına, özəl danışıqlarda müzakirə edirik və bəzən ictimai bəyanatlarla tövsiyyə edirik ki, Azərbaycan bəzi məsələləri fərqli edə bilərdi", İrfan Siddiq BBC Azərbaycancaya müsahibəsində deyib.

"Azərbaycan hakimiyyətinin suveren roluna hörmət edirik və bu məsələlərə qarışmayacağıq", səfir belə deyib.

Onunla müsahibəni BBC Azərbaycanca müxbiri Xanım Cavadova aparıb.

Səfir həmçinin BBC Azərbaycanca oxucularının suallarını da cavablandırıb və onlar yaxın günlərdə saytımızda dərc olunacaq.