Azərbaycan: 2013-cü ilin yadda qalan hadisələri - şəkillərdə

2013-cü il o cümlədən İsmayıllı iğtişaşları, müxalifətin Milli Şurada birləşməsi, və qaz ixracı üzrə mühüm sazişin təsdiqlənməsi kimi hadisələrlə yadda qalacaq.

İsmayıllıda od vurulmuş qonaq evi qarşısında yanmış maşının qalıqları. Foto: Şəhla Sultanova
Şəklin alt yazısı, İsmayıllıda yanvarın 23-də bina və maşınlara od vuran etirazçılar administrasiya binası qarşısına toplaşaraq icra hakiminin istefasını tələb ediblər. Olaylardan sonra şəhərə əlavə təhlükəsizlik qüvvələri və texnika yeridilib.
Fəvvarələr meydanında mitinq. Bakı.Foto: Şəhla Sultanova
Şəklin alt yazısı, Yanvar ayında əsgər Ceyhun Qubadovun mübahisəli ölümünə etiraz edənlər social şəbəkə vasitəsilə təşkilatlanaraq bir neçə aksiya keçiriblər. Mart ayında Fəvvarələr meydanında keçən icazəsiz aksiyanı dağıtmaq üçün su şırnağı və rezin güllələrdən istifadə edilib.
İyunun 26, Afina. Yunanıstan rəsmisi TAP-ın icraçı direktoru ilə sazişə imz atır. Foto:Getty-AFP
Şəklin alt yazısı, İyun ayında Afinada müvafiq sazişi imzalamaqla Xəzərdəki Şahdəniz layihəsini idarə edən eyni adlı konsorsium hasil ediləcək qazın Avropaya Trans Adriatik Boru (TAP) kəmərilə ötürüləcəyini təsdiqləyib. Beləliklə uzun müddət davam edən qeyri-müəyyənlikdən sonra TAP kəməri qazı Mərkəzi Avropadakı müştərilərə daşıyacaq Nabucco-West kəmər layihəsilə rəqabətdən qalib çıxıb.
Heydər Əliyev parkı. Bakı
Şəklin alt yazısı, Mayın 10-da Azərbaycanda “Gül Bayramı” qeyd edilərkən Heydər Əliyev Sarayının qarşısındakı heykəl güllərlə bəzədilib. Park boyunca mərhum liderin həyatını əks etdirən güllü şəkil stendləri qurulub.
İçəri Şəhərin Cümə məscidində namaz. Bakı. Foto: Əziz Kərimov
Şəklin alt yazısı, Qız uşağı İçəri Şəhər "Cümə" məscidində Bayram namazını qılanlara baxır.
Dənizkənarı Bulvarda Rezin Ördək. Bakı.Foto: Əziz Kərimov
Şəklin alt yazısı, Hollandiyalı sənətkar Florentijn Hofmanın dünyanın bir çox ölkəsində sərgilənmiş Rezin Ördək layihəsi sentyabr ayında Bakıya gətirilib.
Müxalifət mitinqi. Bakı. Foto: Şəhla Sultanova
Şəklin alt yazısı, Sentyabrın 18-də keçən müxalifət mitinqində müxalifətin Milli Şuradan "alternativ" namizədi adlandırılan Rüstəm İbrahimbəyovun böyük plakatı sərgilənib.
Qadınlar mitinqdə. Bakı. Foto: Şəhla Sultanova
Şəklin alt yazısı, Bakıda keçən Milli Şuranın mititinqinə müxalifətin etiraz nümayişlərində aktiv olmayan dindar qadınlar da qatılıb.
Məhsul stadionunda müxalifət mitinqi. Bakı. Foto: Əziz Kərimov
Şəklin alt yazısı, Sentyabrın sonunda Milli Şuradan prezidentliyə namizədin təbliğat mitinqi “Dəyişikliklər üçün Cəmil Həsənliyə səs ver!” şüarı altında keçirilib.
Seçici qutuya bülleten atır. Bakı. Foto: Əziz Kərimov.
Şəklin alt yazısı, İlham Əliyevin qalib gəldiyi prezident seçkiləri ziddiyyətli rəylər qazanıb. Müxalifət seçkilərin nəticələrinin ləğvini tələb edib. Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti səsvermənin "dinc şəkildə" keçdiyini bildiriblər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) isə seçkiləri tənqid edib.
Aşura mərasimi. Nardaran. Foto: Əziz Kərimov.
Şəklin alt yazısı, Noyabrın 14-də Bakı yaxınlığındakı Nardaran qəsəbəsinin məscidində izdihamlı aşura mərasimi keçirilib
Vyana, 19 noyabr 2013. Foto: president.az
Şəklin alt yazısı, Azərbaycan və Ermənistan prezidentləri təqribən iki illik fasilədən sonra Noyabrın 19-da Vyanada görüşərək Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları bərpa ediblər.
Bakı, 29 dekabr 2013
Şəklin alt yazısı, İlin son günlərində, dekabrın 25-də Qarabağ veteranının özünü yandırması barədə məlumatlar yayıldı. Zaur Həsənov mülklə bağlı çəkişmələr səbəbilə özünə od vurandan sonra dekabrın 28-də vəfat edib. Onun dəfn mərasimi keçirilərkən Bakının mərkəzində etiraz aksiyası da keçirilib.