Mehriban Əliyevanın təqdim etdiyi Amnistiya Aktı qəbul edilib

Milli Məclisdə Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Amnistiya Aktı qəbul olunub.
"Elə bu salonda onun vaxtilə irəli çəkdiyi insanlar ona (Heydər Əliyevə) qarşı əsassız hücumlar etmişdi. Lakin o, 1993-cü ildə Azərbaycan prezidenti seçilərək bu adamların böyük əksəriyyətini bağışladı. Bu, Heydər Əliyevin bağışlamaq qabiliyyəti idi. Bu gün müzakirə olunan Amnistiya Aktı da əslində bağışlamaq deməkdir", millət vəkili Mehriban Əliyeva Milli Məclisdəki çıxışında deyib.
Azərbaycanın birinci xanımı Mehriban Əiyevanın təqdim etdiyi akta əsasən böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər və ya əlil övladı olanlar, 60 yaşına çatan kişilər, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, məcburi köçürülmüş və digər şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər, APA xəbər verir.
Məlumata görə, Amnistiya Aktının həmçinin, həbs cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan məhkumlara tətbiq edilməsi təklif edilir.
9 000 şəxsə şamil oluna bilən aktın əsasında 2 000 şəxsin azadlığa buraxılacağı gözlənilir.
Milli Məclis aktı 125-dən 114 səs çoxluğu ilə qəbul edib.
