Hüseynovun tərəfdarları onu “Eurovision məhbusu” adlandırırlar

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) fotoreportyoru və “Demokratiya Naminə Oxu” layihəsinin media koordinatoru Mehman Hüseynov xuliqanlıqda ittiham olunaraq şübhəli şəxs qismində saxlanılıb.

Səbayel Rayon Polis Şöbəsi tərəfindən saxlanılan jurnalist “istintaqdan qaçmasın deyə” saxlanılıb, qardaşı RATİ rəhbəri Emin Hüseynov belə deyir:

“Mehman çağırış zamanı xaricdə idi və geri dönməyə də bilərdi. Təyin olunmuş zamanda isə o, polis şöbəsinə gedib”.

Jurnalistin vəkili Elçin Sadıqov isə Hüseynovun ittiham edildiyi məsələdə həbs edilməsini doğru hesab etmir.

“İstintaqdan qaçmasın deyə həsab edilməsi qanunsuzdur, çünki Cinayət Məcəlləsinin 221-ci maddəsi həbsi önəmli etmir”, vəkil bildirir.

Facebook sosial şəbəkəsində Mehman Hüseynov “Eurovision məhbusu” kimi qələmə verilir.

“Mehman Hüseynovu dəstəklə” qrupunda deyilir ki, o, Eurovision dövründə öz fotoları ilə ölkədəki problem və qanunsuzluqları dünyaya göstərib.

Jurnalist, mayın 21-də Fəvvarələr Meydanında İctimai Palatanın etiraz aksiyası zamanı videoçəkiliş apararkən DİN çevik polis alayının xüsusi təyinatlı qrupunun manqa rəhbərini təhqir etmək və güc tətbiq etməkdə təqsirli bilinir.

Hüseynovun həbs edilməsi, haqqında başqa cəza işlərinin açılması və ya buraxılmasına qərar cümə axşamı verilməlidir.

Hüquq müdafiəçiləri Hüseynovun həbsini insan hüquqları sahəsində tanınan RATİ-yə təzyiq kimi qiymətləndirir.