Gəncədə selin apardığı iki nəfərin meyiti tapılıb

Şəklin mənbəyi, APA
Göygöl bölgəsinə gələn selin apardığı iki nəfərin meyiti bu gün Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində tapılaraq ekspertizaya göndərilib, Daxili İşlər Nazirliyi (DİN) bildirib.
DİN-in açıqlamasına görə, ötən gün Göygöldə intensiv yağışlar nəticəsində sel gəlib, rayonun Topalhəsənli kəndi ərazisində sel daşqını nəticəsində kəndin içindən keçən və rayonla bir neçə kəndi birləşdirən yolda nəqliyyatın hərəkəti də dayanıb, amma sonradan yol açılıb.
"Topalhəsənli kəndindəki hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb, bir neçə avtomobilə maddi ziyan dəyib", - DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov deyib.
Məlumata görə, polis seldən ziyan çəkən üç nəfəri çay axınından xilas edib.

Şəklin mənbəyi, AZERTAG
Gəncə şəhərindəki Heydər Əliyev Park-Kompleksindəki süni göl daşıb, yaxınlıqdakı mənzil, həyətyanı sahələr və küçələrə su dolub, Azərtac agentliyi yazıb.
Park-Kompleksin müdiri İlyas Məmmədov agentliyə bildirib ki, parka ziyan dəyməyib, ilkin məlumata görə xəsarət alan yoxdur.




