Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Bayraq günü

Şəklin mənbəyi, Getty Images

Artıq 12 ildir ki, Azərbaycanda bayram kimi qeyd olunan Dövlət Bayrağı Günü ilə bağlı 2009-cu ilin noyabr ayında Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib. Həmin sənədə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxildir.

Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin".

Hazırkı üçrəngli və ay-ulduzlu bayraq 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə müstəqil respublikanın dövlət bayrağı elan edilib.

2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı olub. Meydanda dirəyinin hündürlüyü 162 metr olan Azərbaycan bayrağı ucaldılıb və Dövlət Bayrağı Muzeyi yaradılıb. Lakin bir müddət sonra həmin bayraq dirəyi sökülüb. Yerli medianın yazdığına görə, yeni bayraq dirəyinin ucaldılması üçün türk şirkətləri təmir-bərpa işləri aparır.