Separatçı "Dağlıq Qarabağ Respublikası": 31 illik "müstəqilliyində" nəyi var?

    • Müəllif, Səadət Akifqızı
    • Vəzifə, Bakı, BBC Azərbaycanca

Ermənistanda müxalifətin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin özünü müstəqil elan etməsinin ildönümü ilə bağlı cümə günü paytaxt Yerevanda çağırdığı mitinq Azərbaycan-Ermənistan liderlərinin Brüsseldə sülh sazişi mətninin hazırlanmasına razılaşmasından sonraya təsadüf edir.

Müxalifət liderlərindən biri, millət vəkili İşxan Sağatelyan sosial media hesabında Baş nazir Nikol Paşinyanı Brüsseldə Ermənistanın və Qarabağ ermənilərinin maraqlarını müdafiə etməməkdə qınayıb və yazıb ki, bu mitinqlə "dünyaya, düşmənlərə, onların Ermənistan hakimiyyətindəki müttəfiqlərinə göstərəcəklər ki, erməni xalqı Artsaxı (ermənilər keçmiş DQMV ərazisini belə adlandırırlar - red.) tərk etməyib".

Ermənistan Baş naziri ofisinin Nikol Paşinyanın "Arstax Respublikasının 31-ci ildönümü münasibəti ilə təbrik mesajı" adıyla cümə günü yaydığı bəyanatında Baş nazir "müstəqillik tarixinə" toxunsa da, "Dağlıq Qarabağın statusu" barədə yalnız ATƏT-in Minsk qrupunun mandatını xatırlatmaqla kifayətlənib.

Nəinki "Dağlıq Qarabağın statusu" tələbi, "Dağlıq Qarabağ" ifadəsinin istifadəsi belə rəsmi Bakını qəzəbləndirir. Azərbaycan Prezidenti İlham Əliyev tez-tez vurğulayır ki, "Dağlıq Qarabağa hər hansı status" verilməsindən söhbət gedə bilməz və ümumiyyətlə, Dağlıq Qarabağ bir ərazi vahidi olaraq ləğv edilib və burdakı bütün ərazilər (Şuşa rayonu istisna olmaqla) yeni yaradılmış Qarabağ iqisadi zonasına daxil edilib.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistan rəhbərliyi "DQR-in statusu" məsələsini iki ölkə arasında sülh danışıqlarının başlaması üçün əsas şərtlər sırasında çəkirdisə, son vaxtlarda bu ritorikanın dəyişdiyi müşahidə edilir. Elə "təbrik mesajın"da da Nikol Paşinyan "Dağlıq Qarabağın müstəqil gələcəyi"nə yox, orda yaşayan etnik ermənilərin hüquqları və təhlükəsizliyi məsələlərinə toxunaraq qeyd edib ki, bunlar həll edilmədikcə, "Dağlıq Qarabağın bir ərazi vahidi kimi mövcud olmaması və Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı bütün bəyanatlar heç bir əhəmiyyət" kəsb etmir.

Azərbaycan rəsmiləri Qarabağ ermənilərinə onların hüquqlarının qorunması və təhlükəsizlik vədi verirlər, amma bunun üçün hazırda Ermənistan pasportu daşıyan Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər.

"Dağlıq Qarabağ"ın Azərbaycan ərazisi xaricində hər hansı statusda tanınmayacağını Nikol Paşinyan da qəbul edir. O, parlamentdəki son çıxışlarının birində etiraf edib ki, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onları Qarabağın statusu məsələsində "plankanı aşağı endirməyə" çağırır, əks təqdirdə beynəlxalq ictimaiyyət Ermənistana kömək edə bilməyəcək.

İkinci Qarabağ müharibəsinə qədər Qarabağ məsələsində daha millətçi mövqe göstərən, Qarabağın Ermənistana aid olduğunu bəyan edən Nikol Paşinyanın "təbrik mesajı"nda "status", "müstəqillik" kimi sözləri işlətməməsi onun müharibədən sonra, xüsusilə Brüssel vasitəçiliyi ilə sülh sazişinin hazırlanması mərhələsində bu məsələdə daha ehtiyatlı davranmasını göstərir. O, "təbrik mesajı"nda, sadəcə xatırladır ki, Qarabağda ermənilər yaşamağa davam edir və onların "öz evlərində, hüquqlarının qorunacağı təhlükəsiz mühitdə yaşamaq hüququ var". Paşinyan bunu "Dağlıq Qarabağ məsələsinin mahiyyəti" sayır.

"Subsidiyalar hesabına mövcud olan daha kiçik və perspektivsiz region"

30 ilə yaxın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti daxil Azərbaycanın bir neçə rayon və şəhərinə nəzarət etmiş separatçı "Dağlıq Qarabağ Respublikası"nın özünü müstəqil elan etməsinin ildönümü ikinci ildir ki, İkinci Qarabağ müharibəsinin nəticələri fonunda qeyd olunur: Azərbaycan işğal altında olmuş ərazilərinin böyük hissəsini azad edib, tanınmamış "DQR paytaxtı, yerli ermənilərin Stepanakert adlandırdıqları Xankəndinin bir neçə kilometrliyində öz nəzarət postunu qurub. Hazırda etnik ermənilərin məskunlaşdığı ərazilər: Xankəndi/Stepanakert, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi İkinci Qarabağ müharibəsini dayandıran 10 noyabr razılaşmasına əsasən bölgəyə göndərilmiş Rusiya sülhməramlılarının məsuliyyət zonası sayılır.

ABŞ-da mənzillənən Carnegie Beynəlxalq Sülh Fondunun Moskva Mərkəzinin eksperti Kiril Krişeyev müharibə bitəndən iki ay sonra yazıb ki, İkinci Qarabağ müharibəsi nəticəsində "DQR az da olsa, kənd təsərrüfatı və turizm hesabına özünü təmin edən siyasi qurumdan yalnız subsidiyalar hesabına mövcud olan daha kiçik və perspektivsiz regiona çevrildi".

Kiril Krişeyev vurğulayıb ki, separatçı "DQR" kənd təsərrüfatına yararlı torpaqların "70 faizini itirib". Müəllifə görə, "Qarabağın iqtisadiyyatının aqrar iqtisadiyyatdan sənayeyə çevrilməsi utopiyadır".

Qarabağ ermənilərinin yaşadığı ərazinin qaz-elektrik, digər kommunal xətlərinin keçdiyi Laçın dəhlizi də bu günlərdə Azərbaycanın nəzarətinə keçib. Hələlik bəlli deyil ki, bu kommunal xətlər olduğu kimi, yəni mənbəyini Ermənistandan almaqla qalacaq, yoxsa Xankəndini Ermənistanla birləşdirən yeni yol üzərindən yeni xətlərmi çəkiləcək? Ya da Xankəndi və ətraf ərazilərdə yaşayanların qaz-işıq və digər kommunal təchizatını Azərbaycanmı təmin edəcək?..

Azərbaycan SSRİ-nin bir hissəsi olmuş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində yaşayan etnik ermənilərin 1991-ci ildə özlərini müstəqil elan etməsi iki qonşu ölkə - Azərbaycan-Ermənistan arasında on mindən çox adamın ölümünə, yüz minlərlə insanın ev-eşiyindən didərgin düşməsinə, uzun illər məcburi köçkün, qaçqın kimi yaşamasına səbəb olub.

Brüsseldə Azərbaycan-Ermənistan liderlərindən xalqlarını sülhə hazırlamalarının istənildiyi və onların sülh sazişi mətninin layihəsini hazırlamağa razılaşdığı bir vaxtda separatçı "DQR prezidenti" Arayik Arutyunyan bəyan edib ki, 2020-ci il müharibəsində "erməni hərbi qüvvələrinin fəlakətli məğlubiyyətinə baxmayaraq, Artsax müstəqillik yolunda davam etməlidir".