Astaranın Diqo kəndi ərazisində başlayan yanğınlar Pəlikəş ərazisində "davam edir"

Astaranın Diqo kəndində bazar günündən bazar ertəsinə keçən gecədən başlamış yanğın rayonun digər kəndi Pəlikəş ərazisində davam edir, Pəlikəş kənd bələdiyyəsinin sədri Nicat Qafarov deyir.

O, BBC News Azərbaycancaya bildirib ki, yanğın təxminən gecə saat 3-də başlayıb.

"Yerli camaatın köməyi ilə yaşayış obyektləri ərazisində yanğın dayandırıldı, ordan uzaqlaşdırıldı. Sonradan Fövqəladə Halların da işçiləri gəldi. Sadəcə ərazi yanğın söndürən maşınların, texnikanın istifadəsinə imkan vermədi. Diqo kəndi dağlıq ərazidə yerləşir, həm də yanğın yeri maşın yolundan çox uzaqda idi. Onlar da əl əməyindən istifadə etdilər".

Cənab Qafarov deyir ki, yanğınlar gecə ilə Diqo kəndinin sərhəddində yerləşən Şəvqu kəndinin ərazisinə də keçib: "Ancaq indi orada da yanğınlar söndürülüb".

Bölgədə "yalnız Pəllikeş ərazisinə yaxın yerdə yanğınlar qalıb. Onu da söndürməyə külək imkan vermir. Yanğın yaşayış ərazisində deyil, ancaq yanan ərazilərdə sıx meşəlik də yoxdur, çox güman ki günortaya qədər ordakı yanğınlar da söndürülüb qurtaracaq," - Nicat Qafarov bildirib.

Fövqəladə Halla Nazirliyinin məlumatına görə, qeyd olunan ərazidə təqribən 20 ha sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanır.

"Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da cəlb olunub", - qurumun açıqlamasında bildirilib.