İranın nüvə proqramı: İsrailin İran obyektlərini vurmaq ehtimalı artırmı?

    • Müəllif, Yolande Knell
    • Vəzifə, BBC-nin Yaxın Şərq müxbiri, Qüds

Bir neçə gün əvvəl Qırmızı dənizin firuzəyi sularında İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin dəniz donanmaları ABŞ-ın hərbi gəmisiylə birlikdə ilk dəfə ortaq təlimlər keçiriblər.

Keçən ay isə İsrailin Eylat liman şəhərinin şimalındakı aviabazada İsrail və daha yeddi ölkənin iştirak etdiyi döyüş təlimləri baş tutmuşdu.

Bu təlimlər son dövrlərdə böyük hərbi manevrlər edən İrana xəbərdarlıq mahiyyətindədir.

İsrail hökuməti İranın nüvə obyektlərinə hücuma hazırlıq məqsədiylə orduya 1,5 milyard dollar vəsait ayırıb. Siyasətçilər və hərbçilər az qala hər gün İrana xəbərdarlıq edirlər.

"İranın nüvə silahına sahib olmasına imkan verə bilmərik"

İrandakı prosesləri yaxından izləyən mütəxəssislərdən hadisələrin hansı istiqamətdə inkişaf edə biləcəyini soruşdum.

"İsrail müharibə istəmir, amma İranın nüvə silahına sahib olmasına imkan verə bilmərik. Bu ölkənin nüvə proqramları çərçivəsindəki fəaliyyətini müşahidə edərək hərbi əməliyyatlar da daxil, bütün ssenarilərə hazırlaşırıq" - İsrailin təhlükəsizlik xidmətində çalışan rəsmilərdən biri belə deyir.

2015-ci ildə İranla beş böyük ölkə (Böyük Britaniya, Çin, Fransa, Almaniya və Rusiya) və dolayısıyla həm də ABŞ arasında imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı noyabrın 29-da Avstriyanın paytaxtı Vyanada yenidən müzakirə etdiriləcək.

Birgə Hərtərəfli Fəaliyyət Planı İranın nüvə fəaliyyətlərini məhdudlaşdırmış və bəzi beynəlxalq sanksiyaların ləğv edilməsi müqabilində bu ölkənin nüvə obyektlərini yoxlamaq imkanı yaratmışdı. Amma 2018-ci ildə ABŞ-ın o zamankı Prezidenti Donald Trump İsrailin də razılığıyla Amerikanın həmin razılaşmadan çıxdığını bəyan etdi.

Həmin sənəd üzrə danışıqların bərpa olunacağı ərəfədə İran 25 kq uranı 60% zənginləşdirdiyini açıqladı və beləliklə, nüvə silahı əldə etmək imkanına bir addım da yaxınlaşdı. Bundan başqa, İranın əlində 20% zənginləşdirilmiş 210 kq uran var.

Rəsmi Tehran nüvə proqramının dinc xarakter daşıdığını bəyan etsə də, bu səviyyədə zənginləşdirilmiş uranın indiyə qədər ancaq nüvə silahına malik ölkələrdə olduğunu iranlı mütəxəssislər özləri də etiraf edirlər.

İsrailin hərbi ekspertləri qeyd edirlər ki, İran nüvə silahı əldə etməyə yetəcək qədər uranı cəmi bir ay ərzində əldə edə bilər. Ancaq həmin silaha - ballistik raketə quraşdırılacaq döyüş başlığı da lazımdır. Bu başlığı isə 18-24 aya hazırlamaq olur.

Diplomatiyanın uğur qazanmaq şansı azdır

İsrailin keçmiş milli təhlükəsizlik müşaviri, hazırda Qüds Strategiya və Təhlükəsizlik İnstitutunda çalışan Yaakov Amidror İranın nüvə ambisiyalarıyla bağlı ilk dəfə 1990-cı illərin əvvəllərində - hərbi kəşfiyyatda xidmət edərkən xəbərdarlıq edib.

"İran bomba hazırlamağa getdikcə daha çox yaxınlaşmaqdaykən İsrail oturub gözləyə bilməz. Tezliklə bunun qarşısını necə almağa dair qərar vermək lazım gələcək. İranı bombalamaqdan başqa çarə yoxdur" - Amidror belə deyir.

İndiyə qədər İsrail iki dəfə nüvə reaktoru bombalayıb - 1981-ci ildə İraqda, 2007-ci ildə isə Suriyada.

Amma analitiklər İranın daha təkmil nüvə proqramını dayandırmaq üçün İsrailin kifayət qədər mürəkkəb hücum əməliyyatı həyata keçirə biləcəyinə şübhəylə yanaşırlar. Çünki İranın proqramı müxtəlif məkanları əhatə edir və bəzilərində hətta yeraltı qurğular da var.

İran hücumlara hamını "şok edəcək" şəkildə cavab verəcəyini bildirib. Təxmin olunur ki, rəsmi Tehran bölgədəki silahlı qruplarla birlikdə hərəkət edə bilər. Bu qruplara Livanda on minlərlə raketi olan "Hizbullah", Suriya və İraqdakı şiə silahlı dəstələri, Yəməndəki üsyançı "Huti" hərəkatı və Qəzza zolağındakı İslami Cihad Təşkilatı daxildir.

İsraildə bəziləri hesab edir ki, bütün risklərə rəğmən, İranın nüvə planlarını bir neçə illiyə də olsa təxirə salmaq üçün hücuma keçməyə dəyər.

Ancaq rəsmilər problemi danışıqlar yoluyla həll etməyə üstünlük verirlər. Əvvəllər İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın analitik şöbəsinə rəhbərlik etmiş Sima Shine isə bu yolun perspektivinə inanmır:

"Diplomatiyanın uğur qazanmasını istəyərəm, amma hazırda bunun üçün böyük şans olduğunu düşünmürəm".

Shine daha bir məqama diqqət çəkir: uranı zənginləşdirməyə davam edən İran danışıqlardan sadəcə vaxt qazanmaq üçün istifadə edə bilər.

Vaşinqtondakı Yaxın Şərq İnstitutunun İran üzrə mütəxəssisi Alex Vatanka rəsmi Tehranın nüvə proqramına ideoloji baxımdan çox bağlı olduğunu deyir.

Avropalıların və ABŞ-ın şübhələrinə rəğmən, o, İranın Birgə Hərtərəfli Fəaliyyət Planına dönmək istədiyinə inanır, hesab edir ki, rəsmi Tehranın son dövrlərdəki davranış və tələbləri "əlini gücləndirmək" taktikasıdır.

Nüvə silahlarının yayılmasıyla bağlı narahatlıq

Ekspertlər bundan sonra baş verə biləcək şeylərlə bağlı fərqli düşünsələr də, qarşıdakı danışıqların region üçün həssas dövrə təsadüf etməsi barədə həmfikirdirlər.

Bəzilərinin fikrincə, İran nüvə silahı istehsal etsə, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir də bu nümunəni davam etdirmək istəyəcək.

Rəsmi Vaşinqton Yaxın Şərqdəki "sonsuz müharibələrə" son qoymaq istədiyini bildirir. Ancaq İrana gəlincə, "başqa variantlara" baxacağını deyərək onu hərbi yola əl atmaqla hədələyir.

İsrailin bu yaxınlarda keçirdiyi hava təlimində səmada simvolik olaraq yeraltı nüvə obyektləri əleyhinə bomba daşıyan Amerika təyyarəsi də görünüb.

Bunu strategiya mütəxəssisləri də vurğulayırlar: məsələnin ziddiyyətli tərəfi odur ki, İrana hücum üçün başladılan ciddi hazırlıqlar belə bir hücuma ehtiyac qalmaması üçün ən yaxşı vasitə ola bilər.