You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
İranda su çatışmazlığı: insanlar etiraz etmək üçün küçələrə çıxır - video
Video açılmırsa, YouTube-da izləyin.
İranın cənub-qərbində içməli suyun çatışmazlığı artıq bir həftəyə yaxındır ki, davam edən kütləvi etirazlara səbəb olub.
Xuzistanda müxtəlif şəhər və qəsəbələrin küçələrinə axışan insanlar içməli suyun verilməsini tələb edirlər. Ötən gün nümayişlər İsfahan və Fars bölgələrinin bəzi yerlərində də keçirilib.
Nümayişlərin dağıdılması vaxtı ən azı iki nəfərin öldüyü xəbər verilir.
Etirazlara münasibət bildirən İran Prezidenti qanun çərçivəsində hərəkət etməyə çağırıb.
"Xuzistan xalqının bəzi şikayətləri ola bilər. Qanun çərçivəsində etiraz və tənqid etmək problem deyil, - Həsən Ruhani deyib. - Şikayət etmək, etiraz etmək və hətta qanunlar çərçivəsində küçələrə çıxmaq onların təbii hüququdur".
Həsən Ruhani su çatışmazlığını havaların isti keçməsi və quraqlıqla izah edib.
Xuzistanda yay aylarında havanın istiliyi 50 dərəcəyə çata bilər. Buna görə etirazların gecə vaxtları keçirildiyini görmək olar.
Rəsmi mediada bölgəyə su daşıyan avtomobil karvanının göndərildiyi nümayiş etdirilir.
Müxtəlif ölkələrdə internet trafikiylə bağlı vəziyyəti izləyən NetBlock kampaniya qrupu yerli mobil internetin işində fasilələrin yarandığını bildirir.
Qrupun Twitter hesabına əsasən, Xuzistanda rabitənin fəaliyyətindəki pozulma halları ötən həftə etirazların başlandığı tarixə təsadüf edir.
NetBlock internetlə bağlı problemlərin hazırda da davam etdiyini təsdiqləyir.
İran hakimiyyəti 2009-cu ildəki mübahisəli prezident seçkiləriylə bağlı kütləvi etirazlardan sonra internet üzərində nəzarəti gücləndirib.