You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycan Musiqi Mədəniyyəti muzeyi: ''Kimdə Knarik Qriqoryanın şəklinin əsli varsa, gətirsin onu paylaşaq''
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Facebook səhifəsində paylaşdığı Bülbül virtual sərigisində Azərbaycanın klassik müğənnisi Bülbülün müxtəlif illərdə çəkdirdiyi fotolarına yer verib.
Fotolardan birində erməni əsilli müğənni - Azərbaycan SSR-in opera ifaçısı Knarik Qriqoryanın şəklinin montaj edilərək çıxarıldığı məlum olub. Montaj olunmuş ağ-qara fotoda müğənninin donunun çiyin hissəsi çıxarılmamış qalıb.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyindən BBC Azərbaycancaya bildiriblər ki, bu şəkil ''kopiyadan kopiyadır''.
''Bizə şəkli bu formada veriblər. Görünür vaxtilə, hadisələrin qızğın vaxtında, Xocalı qırğını zamanı qəzəbdən bu şəkli belə kəsiblər'', muzeyin məsləhətçisi Zemfira Əsədova BBC-yə deyib.
''Biz illərdir bu dövrü yaşamışıq...30 il...'', deyə o əlavə edib və Azərbaycan torpaqlarının ötən ilin payızınadək Ermənistan ordusunun işğalı altında qalmasına işarə edib.
O, şəklin muzeyə kim və ya hansı qurum tərəfindən verildiyini xatırlamadığını deyib.
Ancaq o deyib ki, Üzeyir Hacıbəyovun 120 illik (2005-ci il -red.) yubiley tədbirləri zamanı bu fotonun nüsxəsi kompüterə yüklənib və istifadə olunub. ''Biz hər zaman sərgilərdə bu fotonu vermişik''.
''Ona görə də, vətəndaşlara deyirik, əgər kimdəsə fotonun orijinalı varsa, ona müraciət edirik, əslini bizə gətirin, onu paylaşaq'', Zemfira Əsədova bildirib.
Sosial media istifadəçilərindən Yusif İsmayıl həmin şəklin əslini muzeyin Facebook səhifəsində paylaşaraq, Azərbaycan SSR-in opera ifaçısı Knarik Qriqoryanın şəklinin orijinal fotodan silindiyini və montaj edilmiş versiyanın paylaşıldığını yazıb. O, fotonun əslini paylaşıb.
Knarik Qriqoryan kimdir?
Knarik Qriqoryan haqqında internetdə çox az məlumat mövcuddur. O, Azərbaycan SSR opera və balet teatrının solisti olub, onun adının çəkildiyi musiqi kataloqları 1930-40-cı illərə aiddir.
Qeyd: BBC ilə müsahibədən sonra Muzey Facebook səhifəsindən Bülbül sərgisini silərək, sözügedən foto olmadan yenidən paylaşıb.