Paşinyan: "Bakı seçkinin nəticəsinə təsir göstərməyə cəhd edir", Azərbaycan nümayəndə heyəti İrandadır

Şəklin mənbəyi, TASS
Nikol Paşinyanın fikrincə, Bakı onun partiyasının parlament seçkilərində qələbəsində maraqlı deyil, Azərbaycan nümayəndə heyəti İrandadır, Azərbaycan prezidenti mayın 30-da Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ilə görüşüb - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Paşinyan: "Azərbaycan Ermənistandakı seçkilərin nəticəsinə təsir göstərmək istəyir"
Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın fikrincə, Bakı onun partiyasının parlament seçkilərində qələbəsində maraqlı deyil.
O, bu fikri bazar günü rəhbərlik etdiyi partiyasının fəalları ilə görüşdə söyləyib, TASS xəbər verib.
Paşinyan hesab edir ki, Ermənistandakı növbədənkənar parlament seçkilərinin nəticələrinə təsir göstərmək üçün Azərbaycan sərhəddə gərginlik yaradır.
"Azərbaycanın [sərhəddəki] son təxribat hərəkətləri Ermənistandakı seçkiqabağı proseslərə təsir göstərmək məqsədi daşıyır, - Paşinyan deyib. -Azərbaycan təxribat xarakterli hərəkətləri ilə seçkilərin konkret nəticə ilə bitməsinə çalışır."
Paşinyanın fikrincə , onun rəhbərlik etdiyi partiyanın parlament seçkilərində qələbə çalmasında Bakı maraqlı deyil.
Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-nə təyin olunub.
Mayın 12-dən bəri Azərbaycanla Ermənistan sərhədində, Zəngəzur (Sünik) bölgəsində gərginlik yaşanır.
Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan isə indi beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini bildirir.
Əliyev: "Ermənistan tərəfi də artıq Zəngəzur dəhlizinin qaçılmaz olması ilə bağlı məsələləri düzgün təhlil edir"

Şəklin mənbəyi, AZERTAG
Zəngəzur dəhlizi Türkiyə ilə Azərbaycan arasında "yeni bir bağlantını təmin edəcək."
Prezident İlham Əliyev bu fikri mayın 30-da Bakıda Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ilə görüşü zamanı bildirib.
"Müharibədən sonra ilk mərhələdə Ermənistan bu məsələ ilə bağlı öz etirazını bildirmişdir. Ancaq son vaxtlar mənə məlumat verilir ki, Ermənistan tərəfi də artıq bu dəhlizin qaçılmaz olması ilə bağlı məsələləri düzgün təhlil edir", - Prezident Əliyev deyib.
Prezident Əliyev deyib ki, "indi üçtərəfli çərçivədə müzakirələr aparılır."
"Azərbaycan, Rusiya, Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup çərçivəsində bu məsələ müzakirə edilir və yaxşı nəticələr də var", - Əliyev bildirib.
"Biz artıq azad edilmiş torpaqlarda Horadizdən Ermənistan sərhədinə qədər dəmir yolunun çəkilişinə start verdik. Əminəm ki, yaxın iki il, bəlkə iki il yarım ərzində o dəmir yolu tam istismara veriləcəkdir, - Azərbaycan prezidenti qeyd edib. - Naxçıvan dəmir yolunun böyük hissəsi fəaliyyətdədir və çatışmayan hissə də inşa ediləcək, bütün təlimatlar verilib. Ermənistan ərazisində Zəngəzur dəhlizinin önəmli hissəsi inşa edilməlidir. Beləliklə, yeni bir dəhliz açılacaq və Türkiyə-Azərbaycan arasında bu bağlantı daha da möhkəm olacaqdır".
Prezident İlham Əliyev mart ayında Yeni Azərbaycan Partiyasının VII qurultayında Zəngəzur dəhlizi məsələsinin 10 noyabr tarixli Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin imzaladıqları Üçtərəfli Bəyanata salınmasını "tarixi nailiyyət" adlandırıb.
"Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır," - İlham Əliyev deyib.
2020-ci il 9 noyabr tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən, "Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası" təmin edilməlidir.
Rəsmi Bakı: Azərbaycan-İran əlaqələri "yüksələn xətlə inkişaf edir"

Şəklin mənbəyi, AZERTAG
Rəsmi Bakı hazırda Azərbaycan-İran əlaqələrinin "yüksələn xətlə inkişaf etdiyi" qənaətindədir.
Bu fikri Azərbaycan Baş nazirinin müavini, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə müştərək komissiyanın həmsədri Şahin Mustafayev Tehranda İranın Neft Nazirliyində keçirilən görüşdə bildirib, AZƏRTAC xəbər verib.
"İki qonşu və dost dövlətlər arasında neft-qaz, nəqliyyat, ticarət, mədəniyyət və digər sahələr üzrə əməkdaşlıq əlaqələri davam edir. Bu gün İran Azərbaycanın əsas tərəfdaşlarından biridir. Xəzər dənizində neft və qaz yataqlarının birgə işlənilməsi istiqamətində işlər həyata keçirilir. Enerji sahəsində qarşılıqlı əməkdaşlığın nəticəsidir ki, 2004-cü ildən başlayaraq Naxçıvan Muxtar Respublikası İran tərəfindən təbii qazla təmin edilir", - Şahin Mustafayev deyib.
Baş nazirin müavini İran ilə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsinin "Azərbaycan üçün əhəmiyyətli xarakter" daşıdığını da qeyd edib.
İranın neft naziri Bijən Namidar Zəncənə Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin Tehran üçün "xarici siyasətin prioritet istiqamətlərindən biri" olduğunu vurğulayıb.
"İran Azərbaycanla yalnız enerji sahəsində deyil, bütün sahələr üzrə əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlıdır. İki yaxın qonşu və dost ölkənin xoş münasibəti və qarşılıqlı əməkdaşlığı xalqlarımızın mənafeyini əks etdirir", - İran naziri deyib.
Bundan bir neçə gün əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda səfərdə olub.
"Düşünürəm ki, hazırda ölkələrimiz arasında əlaqələr bəlkə də əməkdaşlığımızın tarixində ən yüksək səviyyədədir. Əlbəttə ki, regionda yeni vəziyyətin - münaqişədən sonrakı vəziyyətin yaranması ilə əlaqədar yeni imkanlar, yeni çağırışlar var və sözsüz ki, İran və Azərbaycan iki qardaş ölkə olaraq səyləri əlaqələndirməli, regionda bütün bölgə ölkələrinin xeyrinə uzunmüddətli və dayanıqlı sülh şəraitində inkişafa töhfə verməlidir," - Cavad Zəriflə görüşdə Prezident İlham Əliyev deyib.
Cavad Zərif onu da deyib ki, İran Ermənistanla sülhə nail olmaqda, həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və bərpasında hər hansı bir rolu oynamağa hazırdı.









