You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Ermənistan Azərbaycanın görüşə "gəlmədiyini" deyir, Rusiya Bakı və Yerevana yardım təklif edib
"Azərbaycan danşıqlara gəlməyib,"- Ermənistan MN bildirir, Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin həllində "vasitəçi" olmağı təklif edib. "Eurovision 2021"-in final mərhələsi mayın 22-də keçiriləcək - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Azərbaycan-Ermənistan sərhədində, Qaragöl ətrafında baş verənlərlə bağlı tərəflərin danışığı baş tutmayıb, Ermənistan Müdafiə Nazirliyi xəbər verir.
Mayın 12-dən Azərbaycan-Ermənistan sərhədində, Zəngəzur bölgəsində, Sevliç (Qaragöl) gölü yaxınlığında gərginlik yaşanır. Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan isə beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini deyir. Rusiya və ABŞ tərəfləri yaranmış vəziyyəti danışıqlar yolu ilə həll etməyə çağırıb.
BBC News Azərbaycancanın Yerevan müxbirinin Ermənistan Müdafiə Nazirliyindən aldığı məlumata görə, görüş bu gün saat 14:00-a nəzərdə tutulsa da, "Azərbaycan tərəfi danışıqlara gəlməyib".
BBC News Azərbaycancanın Azərbaycanın xarici işlər və müdafiə nazirliklərindən reaksiya alması mümkün olmayıb.
- Sergey Lavrov Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı: "Oturdular, sakitcə bu vəziyyəti necə həll etmək barədə danışıqlara başladılar"
- Lavrov, xəritə, sərhədlər və Naxçıvana yol. Zəngəzurda nə baş verir?
- Zəngəzur dəhlizi: Azərbaycan və Ermənistan kommunikasiyaların bərpasında niyə razılığa gələ bilmirlər?
Sergey Lavrov: "Ortaq komissiya yaradıla bilər"
Bazar ertəsi Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində sərhəddəki vəziyyətin həllində Bakı və Yerevana yardım göstərməyi təklif edib, Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
"Artıq dünən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xarici işlər nazirlərinin işinə qeyri-rəsmi olaraq başladıq. Erməni həmkarlarımızın xahişinə baxdıq və bu xahişə uyğun olaraq Yerevanla Bakı arasındakı münasibətlərdəki vəziyyəti müzakirə etdik. <...> Tərəflərlə ilkin razılaşmaya əsasən, Rusiya Federasiyası sərhədlərin delimitasiya və demarkasiyası üçün yardım göstərməyi təklif edib, bu məqsədlə Rusiyanın məsləhətçi, istəsəniz vasitəçi qismində çıxış edə biləcəyi Ermənistan-Azərbaycan ortaq komissiyasının yaradılması təşəbbüsünü irəli sürüb", - Tass agentliyi Sergey Lavrova istinadən yazır.
Sergey Lavrov bundan əvvəl də Rusiyanın Azərbaycanla Ermənistan arasında demarkasiyaya kömək etməyə hazır olduğunu açıqlamışdı.
Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının bazar ertəsi keçirilən iclasında "mayın 14-dən Ermənistan ərazisinə müdaxilə edən bəzi Azərbaycan hərbçilərinin respublika ərazisini tərk etdiyini, lakin ümumən mayın 12-dən yaranmış hərbi-siyasi vəziyyətin dəyişməz" qaldığını deyib.
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı deyib ki, "hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir".
Azərbaycan "Eurovision 2021"-in finalında
Azərbaycan Eurovision 2021 beynəlxalq mahnı müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb, müsabiqənin rəsmi saytı yazır.
Hazırda məlum olan siyahıya görə, final mərhələsində Azərbaycandan başqa Böyük Britaniya, İspaniya, İtaliya, Almaniya, Fransa, Niderland, Norveç, İsrail, Rusiya, Belçika, Malta, Litva, Ukrayna, Kipr, İsveç təmsilçiləri çıxış edəcək. Bu siyahı ikinci yarımfinal mərhələsindən asılı olaraq arta bilər.
Azərbaycanı bu müsabiqədə Samira Əfəndi "Mata Hari" mahnısı ilə təmsil edir.
Mahnının musiqisi və sözləri Amy van der Wel, Josh Earl, Luuk van Beers, Tony Cornelissen-ə aiddir.
Mahnı müsabiqəsi Hollandiyanın Rotterdam şəhərində keçirilir.
Müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final isə mayın 22-də baş tutacaq.
Samira Efendinin rəsmi musiqi videosuna Eurovision mahnı müsabiqəsinin Youtube kanalında 5 milyondan çox baxılıb.
Rotterdamda müsabiqə 2020-ci ildə keçirilməli olsa da, müsabiqə COVİD-19 pandemiyası ilə əlaqədar təxirə salınmışdı.