You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Keçmiş Ermənistan prezidentlərinin Paşinyanın tənqidlərinə reaksiyası
Ermənistan prezidentlərindən Paşinyanın tənqidlərinə reaksiya, Yerevanda Azərbaycanda saxlanılan erməni hərbçilərin qaytarılması tələbi ilə aksiya keçirilib, Dövlət İmtahan Mərkəzi ölkənin 11 şəhər və rayonunda 11-ci siniflər üçün buraxılış imtahanları keçirir, BBC News Azərbaycancanın xəbər icmalında.
Ermənistanın keçmiş prezidentləri Nikol Paşinyanın Ermənistan parlamentində onların ünvanına səsləndirdiyi mülahizələrə öz münasibətlərini bildiriblər.
Nikol Paşinyan çərşənbə günü Ermənistan Milli Məclisində 2020-ci il hökumət proqramının yerinə yetirilməsinin yekunları və gedişi haqqında hesabat təqdim etmək üçün ayrılan vaxtın böyük hissəsini özündən əvvəlki Ermənistan dövlət başçılarının tənqidinə sərf edib.
Nikol Paşinyanın tənqidləri xüsusilə onu "kapitulyant" (məğlubiyyətçi) və "satqın" adlandıran Ermənistanın ikinci Prezidenti Robert Koçaryana və üçüncü Prezidenti Serj Sarkisyana ünvanlanmışdı.
"Koçaryan-Sarkisyan cütlüyü 1998-ci ildə Qarabağ məsələsindən hakimiyyətə gəlmək üçün istifadə edərək, 20 ildə Dağlıq Qarabağ ətrafında danışıqları, Birinci Qarabağ müharibəsi qələbəsini uduzdular. Yunan adalarında evlər tikərək, Parisdə və Romada mehmanxanalar və evlər alaraq və tikərək, onlar erməni xalqının bütün əzablarını Baden-Badenlərdə puça çıxartdılar", - Paşinyan deyib.
Bundan başqa, Paşinyan Ermənistan parlamentində 27 oktyabr 1999-cu il təxribatı nəticəsində o zamankı Baş nazir Vazgen Sarkisyan və parlament sədri Karen Demirçyanın öldürülməsini xatırladaraq, sabiq Prezident Robert Koçaryanın buna aidiyyəti olduğuna eyham vurub.
Paşinyanın sözlərinə görə, əgər Robert Koçaryan hər hansı bir düşmən ölkənin, məsələn, "Türkiyənin agenti olsaydı", parlamentdə məhz bu iki şəxsi güllələyərdilər. Çünki, Paşinyanın ehtimalınca, "yalnız Türkiyə kəşfiyyatına Qarabağ qələbəsinin banilərindən biri və güclü Ermənistan yaratmağa çalışan bir şəxsin qətli sərfəli ola bilərdi".
İkinci Ermənistan Prezidenti Robert Koçaryanın ofisinin əlaqələndiricisi Baqrat Mkoyan buna cavab olaraq öz Facebook hesabında yazır ki, Paşinyanın çıxışları heç vaxt məntiqiliyi, reallığa uyğunluğu və ayıqlıqlığı ilə seçilməyib.
"Bugünkü çıxışı da istisna deyil. Təsəvvür edirsiniz?! Bugünümüzü murdarlayanın birisi gələcəyimizdən dəm vurmağa cürət edir. Hakimiyyətini itirən bu şəxsin vahiməli çıxışını dinləyərkən yeganə hiss duyursan - yazıqlıq hissi", - Robert Koçaryanın ofisinin əlaqələndiricisi yazır.
Müstəqil Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyanı Paşinyan "hələ 2018-ci ildə [keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı erməni qüvvələrin nəzarəti altında olan] torpaqların qaytarılmasını" məsləhət etməkdə günahlandırır.
Müstəqil Ermənistanın Birinci Prezidenti Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan isə jurnalistlərin, Paşinyanın ilk Ermənistan Prezidenti haqqında "mülahizələrini şərh etmək" xahişinə cavab olaraq, Ter-Petrosyanın Paşinyan haqqında 30 noyabr 2020-ci il tarixində dediklərini xatırladıb.
"Prezident Ter-Petrosyan bu, xalqı fəlakətə aparan ümummilli bəlanın ruhi çırpınmalarını şərh etməyi mənasız hesab edir. Qoy istədiyini danışsın. Birdir, onun özünü təmizə çıxartmaq şansı yoxdur. Erməni xalqı onu heç vaxt bağışlamayacaq", - Musinyan öz Facebook səhifəsində yazıb.
Üçüncü Ermənistan Prezidenti Serj Sarkisyanın ofisi Baş nazir Nikol Paşinyanın çərşənbə günü Milli Məclisdə çıxışı zamanı dediklərini şərh etməkdən imtina edib.
Serj Sarkisyanın ofisi qabaqcadan KİV-dən xahiş edib ki, "bu sayıqlamalara reaksiya öyrənmək üçün müraciət etməyin".
Yerevanda etiraz aksiyası keçirilib
Ermənistan paytaxtında bir qrup ictimai fəal BMT ofisi qarşısında Azərbaycanda saxlanılan erməni hərbçilərin qaytarılması tələbi ilə aksiya keçiriblər.
Aksiya iştirakçıları üzərində ingilis və rus dilində saxlananların azad edilməsi tələbləri yazılmış lövhələrlə BMT-nin Yerevandakı ofisi qarşısında toplaşıblar. Bəziləri özlərini əl qandalları ilə dəmir hasara qandallamışdı.
Fəallar belə aksiyaların Toronto, Nyu-York, Hyuston, Paris, Berlin, Roma, Moskva, Varşava, Marsel və dünyanın başqa şəhərlərində də keçiriləcəyini deyiblər.
"Bütün dövlət başçıları və beynəlxalq təşkilat rəhbərlərini dərhal və qeyd-şərtsiz erməni əsirlərin azad edilməsini Azərbaycanın öhdəsinə qoymağa çağırırıq", - onların hazırladıqları və aksiyalarda səsləndiriləcək bəyanatda deyilir.
Daha sonra aksiya Yerevanda Rusiya səfirliyi binası önündə davam edib. Aksiya iştirakçıları burada da bəyanat oxuyub və onun mətnini səfirliyin poçt qutusuna atıblar.
Erməni tərəfi 2020-ci il Qarabağ müharibəsindən sonra Azərbaycanda 200-ə qədər erməni əsirinin saxlanıldığını bildirib. Azərbaycan onların 72 nəfər olduğu və hamısının artıq qaytarıldığını bəyan edib. Rəsmi Bakı digər saxlanılan şəxsləri "terrorçu" hesab edir.
Bu gün Dövlət İmtahan Mərkəzi ölkənin 11 şəhər və rayonunda 11-ci siniflər üçün buraxılış imtahanları keçirir və qurum karantin qaydalarına əməl olunmasını tələb edir.
Dövlət İmtahan Mərkəzi (DİM) bəyan edib ki, iştirakçılar imtahana tibbi maska ilə gəlməli və bütün imtahan böyu maskanı çıxarmamalıdırlar.
İmtahanlar Gəncə şəhərinin Kəpəz rayonunda, Ağdam, Hacıqabul, İsmayıllı, Qax, Qazax, Siyəzən, Tərtər, Xızı, rayonlarında, Lənkəran və Şirvan şəhərlərində təşkil olunub.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, "tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında 8124 şagirdin iştirakı nəzərdə tutulub".
Qurum bəyan edib ki, imtahan binalarında kütləviliyin qarşısını almaq üçün hər imtahan iştirakçısının buraxılış vərəqində binaya fərqli vaxtda daxil olması göstərilib.
DİM şagirdlərə bildirib ki, sağlamlıq haqqında bəyannamə sənədi imtahan nəzarətçisinə verildiyindən həmin sənəd və buraxılış vəsiqəsi ayrı-ayrı kağızlarda çap olunaraq imtahana gətirilməlidir.Qurum bildirib ki, imtahanların təşkili üçün regionlarda ümumilikdə 36 imtahan binası, 634 imtahan zalı ayrılıb.
İmtahanların keçirildiyi yerlərdə 36 ümumi imtahan rəhbəri, 107 imtahan rəhbəri, 763 nəzarətçi-müəllim, 72 mühafizə çalışacaq.