2021-ci il dünya boyu maskalarda və izdihamsız qarşılanıb - şəkillər

Dünya boyu 31 dekabr axşamı əksər şəhərlərdə bu il fərqli keçib. Koronavirus pandemiyası səbəbindən kütləvi bayram tədbirləri ləğv edilib və sərt karantin məhdudiyyətləri olan bəzi ölkələrdə insanlara səs-küylü məclislər keçirməmək məsləhət görülüb.

Yeni ilin gəlişini qeyd etməyə icazə verildiyi yerlərdə isə insanlar maska taxmalı və təhlükəsizlik qaydalarına əməl etməli idilər.

Britaniyanın paytaxtı Londonda, "London Eye" deyilən əyləncə meydançasında ənənəvi Yeni il atəşfəşanlığı ləğv edildi.

Parisdə də Yeni ilin küçələrdə kütləvi qarşılanmasına icazə verilməyib. Ənənəvi bayram tədbirləri əvəzinə elektron musiqi ustası Jean-Michel Jarr kompüter qrafikası vasitəsilə virtual olaraq Notre Dame kilsəsində konsert təşkil edib.

New-York-un Times Square meydanı həmişəki kimi bəzəkli olub, amma bu dəfə meydanda tamaşaçılar olmayıb. Burada təşkil olunmuş kiçik bir konsertin əsas mövzusu koronavirus ilə mübarizə mövzusuna həsr olunub.

Tokioda insanlar Kanda məbədində ibadət etməyə gəliblər. Pandemiya səbəbindən ibadətə gələnlərin sayına məhdudiyyət qoyulub.

Bir il əvvəl Covid-19 koronavirusun ilk aşkarlandığı Çinin Uhan şəhərində sakinlər Yeni ili şəhərin mərkəzi hissəsində qarşılayıblar.

Cənubi Koreyada bir çox ailələr Yeni ili evlərində şam yeməyi ilə qarşılayıblar.

BƏƏ-də Ras əl-Hayma əmirliyi möhtəşəm atəşfəşanlıq təşkil edib.

Dubayda Yeni ilin gəlişi dünyanın ən hündür binası - Bürc Xəlifə üzərində atəşfəşanlıqla qeyd olunub.