You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Baş nazir müavini Əli Əhmədov: "Tofiq Yaqublu barəsində çıxarılan məhkəmə hökmündən narazıdırsa..."
Tofiq Yaqublunun "həyatı indi radikalların faydalanmağa çalışdığı alətə" çevrilib, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Facebook səhifəsində yazıb.
15-ci gündür ki, barəsində verilmiş məhkəmə hökmünə etiraz olaraq aclıq aksiyası keçirən Tofiq Yaqublu həbsini qanunsuz sayır.
Tofiq Yaqublu xuliqanlıqda ittiham olunur və ona 4 il 3 ay həbs cəzası verilib.
O, bir neçə gün öncə Penitensiar Xidmətin razılığı ilə həbsxanadan özəl xəstəxanaya köçürülüb.
Əli Əhmədov Tofiq Yaqublunun səhhətindən "siyasi reytinq" üçün faydalanmağa çalışanların olduğunu söyləyib.
"Müxalifətin radikal qanadı düşdüyü siyasi koma vəziyyətindən Tofiq Yaqublu "faktoru" vasitəsilə çıxmağa çalışır. Siyasətin əxlaqla toqquşduğu çirkin hadisənin şahidləriyik. Törətdiyi cinayət tərkibli əməllərinə görə bütün prosedurlara uyğun olaraq məhkəmə hökmü ilə cəza almış müxalifətçi Tofiq Yaqublunun həyatı indi radikalların faydalanmağa çalışdığı alətə çevrilib," - Əli Əhmədov qeyd edib.
Baş nazirin müavini bildirib ki, bu gün üçün aktual məsələ Tofiq Yaqublunun keçirdiyi aclıq aksiyası ilə bağlı səhhətində yaranmış problemlərin həllidir.
"Dövlət öz üzərinə düşən vəzifənin yerinə yetirilməsində seçim etmir," - Əli Əhmədov deyir ki, Tofiq Yaqublunun sağlamlığı üçün lazım olan bütün tədbirlər görülür və buna davam ediləcək, - "Lakin təəssüf ki, əks düşərgənin mövqeyi insanın sağlamlığı deyil, ondan siyasi divident qazanmaqdan ibarətdir. Görünür, radikalları onların öz sıralarından olan birisinin həyatından daha çox, yaranmış vəziyyətdən faydalanmaq maraqlandırır".
Əli Əhmədov bildirib ki, Tofiq Yaqublu barəsində çıxarılan məhkəmə hökmündən narazıdırsa, bunun üçün "hüquqi prosedurlara" müraciət edə bilər.
O söyləyib ki, "sağlamlığı hesabına hüquqa qalib gəlmək taktikasını düzgün seçim saymaq çox çətindir".
Professor Adil Qeybulla: "Tofiq Yaqublunun qaraciyərində problem aşkarlanıb, səhhətində geriləmə var"
15-ci gündür ki, barəsində verilmiş məhkəmə hökmünə etiraz olaraq aclıq aksiyası keçirən Tofiq Yaqublunun qaraciyərində problemlər aşkarlanıb, ona nəzarət edən həkimi professor Adil Qeybulla bildirib.
Tofiq Yaqublu xuliqanlıqda ittiham olunur və ona 4 il 3 ay həbs cəzası verilib.
O, həbsini qanunsuz sayır.
Tofqi Yaqublu bir neçə gün öncə Penitensiar Xidmətin razılığı ilə həbsxanadan özəl xəstəxanaya köçürülüb.
Xəstəxanada nəzarətində olduğu həkim, professsor Adil Qeybulla deyir ki, Tofiq Yaqubludan götürülən analizlərdə onun qaraciyərində müəyyən dəyişikliklər qeydə alınıb.
"Tofiq Yaqublunun 15 gün ölüm aclığında olması çox ciddi məsələdir. Bu müddətdə bədəndə müəyyən dəyişikliklər gedir. Biz ona ümumi dəstək müalicəsi aparırıq, amma bu, qida deyil. Qida resursları orqanizmdə daxili resursların hesabına baş verir, ona görə də zəifləmə davam edir. İnfuziya barədə bu gün qərar veriləcək. Tofiq Yaqubluya müəyyən dəstək müalicəsini etməsək, vəziyyəti daha da ağırlaşa bilər".
Professor deyir ki, Tofiq Yaqublu uzun müddət ac qaldığı üçün səhhətində geriləmə, halsızlıq, əzələlərində zəiflik var.
Aclıq aksiyasının 14-cü günündə Tofiq Yaqublunun vəziyyəti necə idi?
Adil Qeybulla BBC News Azərbaycancaya deyib ki, hazırda Tofiq Yaqublu özünü zəif hiss etsə də, vəziyyəti stabildir, amma aclığı davam etdirsə, bu dəyişə bilər.
"Hələlik vəziyyəti stabildir, aclıq aksiyası keçirən adamın vəziyyətinə uyğundur. Bu gün qan təhlilləri götürülüb, onun əsasında müəyyən tədbirlər görülə bilər. Tofiq Yaqublu aclığı dayandırmasa, vəziyyəti ağırlaşa, komaya düşə bilər, daxili orqanları ilə bağlı geridönülməz başqa dəyişikliklər ola bilər. Biz ona görə istəyirik ki, aclığı dayandırsın, onun səhhəti əsas məsələdir. Amma o, aclığı davam etdirməkdə israrlıdır".
Nigar Həzi: "Atam dedi ki, qərarım qətidir, aclığı dayandırmayacam"
Nigar Həzi bazar ertəsi günü günorta saatlarında atası Tofiq Yaqublu ilə görüşə bilib.
O deyir ki, atası "xeyli zəifləyib, gözlərinin çuxuru daha da dərinləşib və yataq rejimində idi".
Ədliyyə Nazirliyi Penitensiar Xidmət bildirib ki, Tofiq Yaqublu özəl xəstəxanaya köçürülüb və özünün istədiyi həkim Adil Qeybullanın nəzarəti altındadır.
Xuliqanlıqda ittiham olunan Tofiq Yaqublu bunu rədd edir və həbsini qanunsuz saydığı üçün aclıq aksiyasına başladığını bildirib.
"Atam mənə dedi ki, artıq sistem köçürülməsindən də imtina edirəm. Mənim qərarım qətidir. Ya azadlıq, ya ölüm,"- Nigar Həzi bildirib.
Onun sözlərinə görə, atası ona aclığı dayandırmayacağını deyib.
"Bizə görüşə icazə vermirlər"
Nigar Həzi bazar ertəsi səhər saatlarında BBC News Azərbaycancaya söyləyib ki, o, atası ilə nə görüşə, nə də telefonla danışa bilir və bunun səbəbi onlara izah olunmayıb.
"Bizim həbsxanada görüş günümüz cümə axşamı, zəng günümüz çərşənbə günüdür, bəlkə onu səbəb gətirə bilərlər. Amma belə şəraitdə görüşə icazə verməlidirlər".
Nigar Həzi deyir ki, atasının həbsxanadan xəstəxanaya köçürüldüyü barədə onlara nə əvvəlcə, nə də sonra məlumat verilib.
Onun sözlərinə görə, ailə bu barədə xəbəri sosial mediadan öyrənib.
Nigar Həzi hazırda atasının reanimasiya şöbəsindən palataya köçürüldüyünü deyir.
"Həkimi ilə bu gün danışdım. Tofiq Yaqublu aclıq aksiyasını davam etdirir. Aclıq aksiyasını həkim nəzarətində etməyi bizi bir az rahatlaşdırır ki, ehtiyac halında həkim müdaxilə edə biləcək. Hazırda onun yuxu sistemini qaydaya salmağa çalışırlar".
"Sistem köçürülür"
Nigar Həzi bazar günü reanimasiya şöbəsinə yerləşdirilmiş Tofiq Yaqubluya "qida tərkibi olmayan sistem köçürüldüyünü" demişdi:
"Həbsxanada uzun müddət su içə bilmirdi. O qədər ac qalmışdı ki, su da içə bilmirdi. Susuzluqdan fəsadlar əmələ gəlmişdi, yuxusu tamam pozulmuşdu, yata bilmirdi. İndi həmin fəsadlar aradan götürülür".
Nigar Həzi qeyd edib ki, Tofiq Yaqublu reanimasiya şöbəsindən palataya köçürülməlidir.
Bundan əvvəl Penitensiar xidmətin yayıdığı məlumatda qeyd olunmuşdu ki, Tofiq Yaqublunun səhhətinin daim həkim nəzarətində saxlanılması üçün o, "istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib, səhhəti sabit olub".
"Eyni zamanda onun xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılıb".
Məlumatda bildirilib ki, Adil Qeybulla müayinənin və müalicənin daha rahat və əlçatan olması üçün çalışdığı "City Hospital"ına Tofiq Yaqublunun köçürülməsi ilə bağlı müraciət edib.
"Tofiq Yaqublunun səhhətinə qayğı ilə həssas yanaşılaraq və humanizm nümayiş etdirilərək o, mülki xəstəxanaya - "City Hospital"a köçürülüb. Adil Qeybullanın KİV nümayəndələrinə açıqlamasında bildirdiyi kimi, Tofiq Yaqublunun müayinəsi və müalicəsi bilavasitə həkim nəzarəti altında "City Hospital"da davam etdiriləcək," - Penitensiar xidmətin məlumatında deyilib.
Siyasi partiyalar: Yaqublunun məhkəmə hökmü qanunsuzdur
Siyasi partiyaların rəhbərləri və politoloqlar Yaqublunun məhkəmə hökmünün qanunsuz olduğunu bildiriblər.
Ötən gün aclıq aksiyasının 11-ci günündə xəstəxanaya yerləşdirilən Müsavat partiyasının üzvü Tofiq Yaqublu ilə bağlı bir qrup siyasi partiya rəhbərləri və politoqloqlar Azərbaycan prezidentinə müraciət ediblər.
"Biz, bu müraciəti imzalayan siyasi partiyalar və hərəkatlar elan edilmiş məhkəmə hökmünü ədalətli hesab etmir, onun əsaslandırılmadan və qanunsuz qəbul olunduğunu bəyan edirik", - müraciətdə deyilir.
Bəyanatda qeyd olunub ki, 10 gündən çoxdur ki, davam edən aclıq aksiyası nəticəsində Tofiq Yaqublunun səhhətində ciddi problemlər yaranıb, onun həyatına təhlükə və risklər artır.
"Bunu həyəcanla izləyən ictimaiyyət, eləcə də bizim rəhbərlik etdiyimiz siyasi partiyaların və hərəkatların üzvləri, politoloqlar sizin Tofiq Yaqublunun işinin ədalətlə həll edilməsi üçün müdaxilənizlə onun azadlığa buraxılmasını zəruri hesab edirik", - prezidentə müraciətin müəllifləri bildiriblər.
Müraciəti imzalayanlar prezidentə çağırış ediblər: "Biz, Tofiq Yaqublunun işini xüsusi nəzarətinizə götürməyə, onun işi ilə bağlı ən qısa zamanda apellyasiya məhkəməsi keçirilərək həbs qətimkan tədbirinin dəyişdirilməsinə çağırırıq."
"Tofiq Yaqublu xəstəxanaya yerləşdirildi, aclıq askiyası bitməyib"
11 gündür ki, həbs olunmasına etiraz olaraq aclıq aksiyası keçirən Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib. O, aclıq aksiyasına burda davam edəcək, yaxınları bildiriblər.
4 il 3 ay həbs cəzası alan Müsavat Partiyasının üzvü xuliqanlıq və zərər çəkmiş şəxsə zor tətbiq etmək maddələri üzrə ona verilmiş ittihamı qəbul etmir.
Bəzi yerli və xarici ictimai-siyasi qurumlar, fəallar, hüquq müdafiəçilri onun azadlığa buraxılmasını tələb edir.
Hakimiyyətin bu tələbi şərh etməyib, yalnız hökumət dəstəkli Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc BBC News Azərbaycancaya bildirib ki, bu məsələ ilə bağlı müsbət addım atıla bilər.
Tofiq Yaqublunun qohumları BBC News Azərbaycancaya deyiblər ki, Tofiq Yaqublu reanimasiyaya yerləşdirilib və aclıq aksiyası həkim nəzarəti altında davam etdiriləcək.
"Tofiq bəy aclığı dayandırmayıb. Həkim Adil Qeybulla bildirdi ki, o, aclıq aksiyasını düzgün aparmayıb, buna görə də ürəyində problem yarana və komaya düşə bilər. İndi Tofiq bəy aclığı həkim nəzarəti altında davam etdirəcək".
Yaxınlarının sözlərinə görə, Tofiq Yaqublu xəstəxanada konvoy nəzarəti altındadır.
Həbsxanada Tofiq Yaqublunu müayinə edən Adil Qeybulladan rəy
Professor Adil Qeybulla aclıq aksiyasının 10-cu günündə həbsxananın sanitar hissəsində Tofiq Yaqublunu müayinə edəndən sonra onun vəziyyətinin "ciddi" olduğunu bildirmişdi.
"Mən ondan xahiş etdim ki, ona dəstək üçün ürək dərmanları verim. Bunları icra etdim. Bütün bunları protokollaşdırdıq".
Professorun sözlərinə görə, Tofiq Yaqublu xeyli çəki itirib və onun qan təzyiqində qalxıb-enmələr olur. Adil Qeybulla həmçinin prezidentə müraciət edərək həbs qətimkan tədbirinin dəyişdirilməsini, müalicənin mülki şəraitdə getməsi üçün siyasi iradənin göstərilməsini xahiş edib.
Hakimiyyətin bu və indiyədək olan çağırışlara şərhi bəlli deyil.
Bundan əvvəl Prezidentin mətbuat katibi Azər Qasımov BBC News Azərbaycancaya deyib ki, İlham Əliyevin hüquq müdafiəçilərinin ona ünvanladığı müraciətlərə cavabı barədə məlumat olduğu halda bildiriləcək.
Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyib ki, BBC News Azərbaycancaya 15-dən çox Qeyri-hökumət təşkilatının rəhbərinin Tofiq Yaqublu ilə etdiyi müraciət ölkənin "ən yüksək mərtəbəsində olan rəsmilərə" çatdırılıb.
O qeyd edib ki, "qarşıdakı günlərdə bununla bağlı müvafiq reaksiyalar və addımların atılacağına əmindir".
Video açılmırsa, YouTube kanalımızda izləyin.
Xuliqanlıq və zərər çəkmiş şəxsə zor tətbiq etmək maddələri ilə 4 il 3 ay həbs çəzası almış Tofiq Yaqublu həbsini siyasi motivli sayır və buna etiraz olaraq həbsdən buraxılmayanadək aclıq aksiyasına davam edəcəyini bildirib.
Azərbaycan höküməti siyasi motivli həbslər barədə iddiaları dəfələrlə rədd edib.
Bir sıra hüquq müdafiəçiləri azərbaycanlı fəalın həbsini müxalifətə qarşı yönələn növbəti təzyiq kimi dəyərləndiriblər.
Azərbaycan hökuməti siyasi motivli həbslər barədə iddiaları dəfələrlə rədd edib.
AXCP və Müsavat partiyasının 4 üzvü ona dəstək üçün aclıq aksiyası keçirir.
Tibb elmləri doktoru Adil Qeybulla deyir ki, Tofiq Yaqublu aclıq aksiyasını dayandırmasa, komaya düşə bilər.
Tofiq Yaqublunun həbsdən azad edilməsi üçün Azərbaycanın hüquq müdafiəçiləri Prezident İlham Əliyevə və digər müvafiq qurumlara müraciət ediblər.
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu BBC News Azərbaycancaya deyib ki, onlar Tofiq Yaqublunun azad edilməsi üçün müəyyən görüşlər keçirirlər və onun tezliklə azad olunacağına ümid edirlər.
Tofiq Yaqublu ilə bağlı səslənən tələblərə hələ ki, hakimiyyət şərh verməyib.