Ermənistanın birinci ledisi Dağlıq Qarabağda hərbi təlim keçib

Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyan Dağlıq Qarabağ hərbi hissələrindən birində bir həftəlik hərbi təlim keçib. Təlimdə daha 15 yerli qadın iştirak edib.

Bu barədə Anna Hakobyanın rəsmi saytında məlumat və təlim prosesi haqqında fotoşəkillər dərc edilib.

Ermənistan Baş nazirinin xanımı və 15 yerli qadın kazarmada gecələyib, müxtəlif silah növlərindən istifadə etməyi öyrənib, təlimin sonunda isə qadınlar atəş hazırlığından imtahan veriblər.

Yeddigünlük döyüş kursunun Anna Hakobyanın "Qadınlar sülh naminə" kampaniyası çərçivəsində keçdiyi bildirilir.

Məlumatda Anna Hakobyan yazıb ki, ölkəyə qarşı qəsd edilərsə, qadınları da ordu ilə birlikdə müdafiəyə qatılar.

"Həmçinin, mən və bir çox qadınlar, hərb naminə deyil, vətənimiz və uşaqlarımızın müdafiəsi naminə, əlimizə silah almağa hazırıq", - yazıb.

Ermənistan 100 minlik könüllü ordu yaradır

Ermənistanda könüllülərdən ibarət yığma qoşun yaradırlması haqqında qanun müzakirəyə çıxarılıb.

Ermənistan hökuməti Silahlı Qüvvələrlə paralel olaraq könüllülərdən yığma qoşun yaradılması üzrə qanun layihəsini ictimai müzakirəyə çıxarıb. Bu qüvvələrə könüllülər ordusunun qərargahı vasitəsilə Silahlı Qüvvələrin Baş Qərargah rəisi rəhbərlik edəcək.

"Müdafiə haqqında" qanuna dəyişiklik kimi nəzərdə tutulan layihə Ədliyyə Nazirliyinin saytında dərc olunub. Layihəyə görə, 100 minlik yığma qoşun Ermənistana silahlı hücum şəraitində vətəndaşların silahlı müdafiəyə könüllü qoşulması sistemidir, Yerevanda mətbuat konfransında Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan deyib.

Onun sözlərinə görə, yığma orduya könüllü olaraq yaşı 70-ə qədər vətəndaşlar daxil ola bilər.

Qabriel Balayanm nizami ordu olduğu halda qeyri-nizami yığma qoşun yaratmaq zərurətini "digər faktorlardan başqa", həmçinin "mümkün regional inkişaflarla" izah edib.

Müdafiə Nazirliyində hazırlanmış bu layihədə vurğulanır ki, döyüş əməliyyatlarının ölkə ərazisinin içərilərinə sirayət etməsi, düşmən diversiya və təxribat əməliyyatlarının ölkə daxilinə keçməsi hallarında bu qüvvəyə ehtiyac ola bilər.

"Həmin qüvvələrə qarşı durmaq, onları neytrallaşdırmaq və ləğv etmək üçün birgə rəhbərlik altında yığma könüllü qoşum yaradılmalıdır. Yığma qoşun müharibə zamanı ölkə ərazisi və əhalisini, mühüm obyektlərini və infrastrukturu düşmənin hərəkətlərindən müdafiə etmək iqtidarında olacaq".

Yığma qoşunlara ərazi icma başçılarının müavinləri rəhbərlik edəcəklər. Bu vəzifələrə istefada olan yüksək rütbəli hərbçilərin təyin ediləcəyi nəzərdə tutulur.

Könüllü yığma orduya qadınlar da yazıla bilərlər, "bu məsələdə heç bir ayrı-seçkilik olmayacaq", müdafiə nazirinin müavini Blayan deyib.

Bəzi ekspertlər yığma qoşun yaradılmasını təqdir edir.

Hərbi ekspert Karen Hovhannisyan "Novosti-Armenii" agentliyinə şərhində yığma qoşun yaradılmasını 10-15 ildən sonrakı təhdidlərə cavab kimi qiymətləndirir.

O, genişmiqyaslı müharibə təhlükəsinin həmişə mövcud olduğunu və hökumətin belə bir struktur yaratmaq qərarının "təhlükəsizlik strategiyası çərçivəsində növbəti addım" hesab edir.

"Biz bu gün 10-15 ildən sonra baş verəcək müəyyən hərəkətlərə hazırlaşırıq. Bu təsisat çoxdan yaradılsaydı, bu günədək xeyli inkişaf etmiş olardı", - o deyib.

Lakin hüquq müdafiəçisi Nina Karapetyants deyir ki, Ermənistana qanuni nizami ordudan başqa ayrı bir silahlı struktura ehtiyac yoxdur.

O, silahlıların hansısa bir məqamda əllərində silah Yerevanın mərkəzində hansısa hərəkətlərə qatılmayacaqlarına zəmanət olmadığını bildirir.

"Hesab edirəm ki, nizami ordusu olan dövlətə qeyri-müəyyən statuslu hərbi birləşmələr lazım deyil," - hüquq müdafiəçi Azatutyun radiosuna deyib.

Hüquq müdafiəçisi xatırladır ki, yaxın keçmişdə belə bir struktur - "Yerkrapah" Könüllülər Birliyinin timsalında, "müəyyən hadisələr zamanı bu və ya digər tərəfi dəstəkləyə bilərlər" və bu yığma qoşun qüvvələri də hakimiyyət və ya başqa qüvvələr tərəfindən istifadə edilə bilər.