İlham Əliyev icra başçılarına: "Kasıb adamın puluna göz dikmək vicdansızlıqdır"

Bu gün Prezident İlham Əliyev yeni təyin etdiyi icra hakimiyyəti başçılarına "kəndləri gəzməyi" tapşırıb, Ermənistan Azərbaycanın əsir götürdüyü hərbçisinin "pis havada azdığını və itdiyini" deyir - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında

"Kasıb adamın puluna göz dikmək vicdansızlıqdır"

Prezident İlham Əliyev Biləsuvar və Saatlı rayon icra hakimiyyətlərinin yeni təyin etdiyi başçılarına deyib ki, "bütün kəndləri bir-bir gəzib, vətəndaşlarla görüşüb onların problemlərini dinləsinlər".

Azərtac-ın məlumatına görə, İlham Əliyev yeni icra başçılarına tapşırıb ki, "həmişə insanlarla bir yerdə" olsunlar: "İlk növbədə, rayonlarda vəziyyət düzgün təhlil edilməlidir, mövcud olan nöqsanlar, çatışmazlıqlar araşdırılmalıdır. İnsanları narahat edən problemlər öz həllini tapmalıdır".

İlham Əliyev həbs olunan keçmiş icra hakimiyyəti başçıları ilə bağlı danışarkən deyib ki, "son vaxtlar həbs olunan bütün icra başçılarının cinayət əməlləri demək olar ki, eyni" olub.

O, çıxışında aztəminatlı təbəqə üçün nəzərdə tutulmuş ödənişli iş yerlərinin əməkhaqqının mənimsənilməsinin sözügedən icra hakimiyyəti başçıları üçün "adi hala çevrildiyini" söyləyib.

"Həbs edilmiş bütün icra başçılarının ya öz iş otaqlarından, ya da köməkçilərinin otaqlarından insanların ödəniş kartları çıxdı. Kasıb adamın puluna, özü də minimum əməkhaqqı səviyyəsində olan əməkhaqqına göz dikmək vicdansızlıqdır və bu məsələyə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də yerli icra orqanları tərəfindən çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu məsələ mənim nəzarətimdədir. Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır", - İlham Əliyev deyib.

Prezident yeni icra hakimiyyəti başçılarına deyib ki, onlar öz davranışları ilə "insanların hörmətini qazanmalı, təvazökar olmalıdırlar".

"İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz. Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik".

Bu ilin ilk 5 ayı ərzində Azərbaycanda oxşar ittihamlarla həbs edilən və ya işdən çıxarılan icra başçısının sayı 6-nı keçib.

Sonuncu dəfə ötən həftə Kürdəmir icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov barəsində həbs qəti-imkan tədbiri seçilib.

Saxlanan keçmiş icra başçılarının çoxu "səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığında" ittiham olunublar.

"Döyüş zamanı erməni diversiya qrupunun komandiri əsir götürülüb"

Avqustun 24-də səhər saatlarında cəbhənin Goranboy rayonu istiqamətində erməni həbrçisi əsir götürülüb, Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, bu, Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun "təxribat törətmə cəhdindən" sonra baş verib.

Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan tərəfinin "itki verərək geri çəkilməyə məcbur edildiyini" açıqlayıb.

"Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə, baş leytenant Qurgin Alberyan əsir götürülüb," - Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şushan Stepanyan isə Facebook səhifəsində bildirir ki, zabit Qurgen Alaverdyan avqustun 22-də saat 19:30 radələrində döyüş mövqeyini yoxlamaq üçün posta gedərkən pis hava şəraiti səbəbindən azıb və itib.

Şuşan Stepanyan zabitin diversiya qrupunun rəhbəri olması ilə bağlı məlumatı dezinformasiya adlandırıb.

Azərbaycan və Ermənistan arasında 30 ildən çoxdur ki, Qarabağ münaqişəsi davam edir. 

26 il əvvəl tərəflər arasında atəşkəs imzalansa da, mütəmadi olaraq atışmalar davam edir. 

Bu il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərdə Azərbaycan tərəfi 12 hərbçi və 1 mülki şəxsini, Ermənistan isə 5 hərbçisi itirib.

Hər iki tərəf atəşkəsi pozmaqda bir-birini ittiham edib.