You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Aqil Abbas: "Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur", General-mayor Polad Həşimovun adına Qəbələdə küçə
Milli Məclisdə Səhiyyə Nazirliyinin fəaliyyətindən danışılıb, General-mayor Polad Həşimovun adına küçə, Baş Prokurorluğun AXCP üzvləri ilə bağlı açıqlaması - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
- “Erməni də bir insandır, müsəlman da bir insandır. Hamısı dost olsun, qonşu olsun, dolansın," - Tovuz sakini 5 günlük döyüşlər barədə
- Tovuzda döyüşlər: cəbhədə nə baş verir? Təhlilçilər şərh edir
- "Müharibə heç kimə sərf etmir". Ekspertlər Ermənistan və Azərbaycan sərhədində vəziyyətin gərginləşməsinin səbəbləri haqqında
Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas əlilliyin təyinatının Səhiyyə Nazirliyinə verilməsi məsələsinə toxunaraq nazirliyin fəaliyyətini tənqid edib.
"Öz işçilərinə inanmadılar, əlilliyin təyinatını verdilər Səhiyyə Nazirliyinə. Guya Səhiyyə Nazirliyi süddən çıxmış ağ qaşıqdır. Halbuki Səhiyyə Nazirliyi öz işini görə bilmir. Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur", yerli media Aqil Abbasdan sitat gətirib.
Ona cavab olaraq spiker Sahibə Qafarova deyib ki, Səhiyyə Nazirliyinin olmaması ilə bağlı səslənən fikirlər əsassızdır.
O əlavə edib ki, "Bu gün pandemiyanın qarşısını almaq üçün Səhiyyə Nazirliyi, həkimlər əlindən gələni edir. Dövlət başçısı tərəfindən də, Milli Məclis tərəfindən də onlara təşəkkür edilib. Onlara öz hörmətimizi göstərmişik".
Səhiyyə Nazirliyi BBC News Azərbaycancaya Aqil Abbbasın bəyanatına heç bir reaksiyası olmadığını deyib.
General-mayor Polad Həşimovun adına Qəbələdə küçə
General-mayor Polad Həşimovun adı Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə verilib.
Qəbələ Rayon İcra Hakimiyyəti Polad Həşimov adının Həzi Aslanov küçəsinə verilməsi ilə bağlı iddiaları rədd edib və bildirib ki, Həzi Aslanov küçəsinin adı dəyişdirilməyib.
Məlumata görə, Polad Həşimov küçəsi Həzi Aslanov küçəsi ilə kəsişmədən başlayır və Arif Haqverdiyev küçəsi ilə kəsişmədə sonlanır.
Həzi Aslanov küçəsi isə Heydər Əliyev prospekti ilə kəsişmədən başlayır və 1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı həlak olmuş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidə kompleksinədək uzanır.
Baş Prokurorluğun AXCP üzvləriilə bağlıaçıqlaması
Baş Prokurorluq iyulun 14-dən 15-ə keçən gecə Bakıda "Orduya dəstək" aksiyasında həbs olunanlar barədə açıqlama yayıb.
Qurum saxlanılan AXCP üzvləri Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı və digərlərinin istintaq zamanı işgəncələrə məruz qalması ilə bağlı yayılan iddiaları təkzib edib.
"…təqsirləndirilən şəxslərin iştirakı ilə keçirilmiş bütün istintaq hərəkətləri Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq yalnız müdafiəçinin iştirakı ilə həyata keçirilib və sonuncuların hüquqlarının pozulması hallarına yol verilməyib".
Məlumatda bildirilir ki, həbs olunanlarla bağlı "ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil edilməsi, bu cür hərəkətlərdə fəal iştirak edilməsi və xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərilməsi ilə müşayiət olunan hərəkətlərin törədilməsi" faktları ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluq bildirir ki, "hazırda cinayət işi üzrə zəruri, intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilməklə cinayətin törədilməsində hər hansı formada iştirak edən şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri təmin ediləcək"
Azərbaycan və Ermənistan sərhəddində iyulun 12-də başlayan atışmalardan sonra yüzlərlə şəxs iyulun 14-dən 15-nə keçən gecə Bakının müxtəlif yerlərindən Şəhidlər Xiyabanına yürüş edərək orduya dəstək nümayiş etdirib.
Bundan sonra saxlananlar olub.
184 Çağrı Mərkəzi nədir və necə fəaliyyət göstərir?
Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə dəstək məqsədilə yaradılmış 814 Çağrı Mərkəzi həftənin 6 günü, bazar ertəsindən etibarən şənbə gününədək, səhər saat 8-dən axşam saat 8-dək işləyir, Səhiyyə Nazirliyi bildirib.
"Bakı şəhəri üzrə fəaliyyət göstərən 814 Çağrı Mərkəzi COVID-19 virusuna yoluxma şübhəsi olan vətəndaşları dislokasiyaları üzrə məntəqələrə yönəldir, koronavirusla bağlı həkim məsləhətinə ehtiyacı olanlara yaşadıqları əraziyə aid olduğu tibb müəssisəsi barədə məlumat verir və vətəndaşların sahə həkimləri ilə əlaqələrini təmin edir", Nazirlik tərəfindən yaradılan işçi qrupunun üzvü Sevda Məmmədova deyib.
Onun sözlərinə görə, ağır simptomlu və yüksək qızdarmalı COVID-19 xəstələri 103 nömrəsi vasitəsilə Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət etməlidir.