Azərbaycanda iki günlük ev təcridi elan edildi, ölkə üzrə karantin rejimi uzadıldı

Azərbaycanda həftəsonu ikigünlük ev təcridi elan edildi, o cümlədən ölkədə xüsusi karantin rejimi iyulun 1-nə qədər uzadıldı.

Ötən həftəsonundan fərqli olaraq, bu dəfə şənbə günü təcridə daxil edilməyib.

Koronavirus epidemiyasına görə Azərbaycan martın 24-dən başlayaraq ölkədə xüsusi karantin rejimi elan edib. İndiyə kimi virusa 8 mindən çox yoluxma halı aşkarlanıb, 100-ə yaxın adam ölüb.

Son bir ayda yoluxma halları artdığı üçün Nazirlər Kabineti ötən həftəsonu ilk dəfə ev təcridinin tətbiqinə qərar vermişdi.

Çərşənbə axşamı Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib ki, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək başlayan üçgünlük ev təcridi Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərini, o cümlədən Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarını əhatə edəcək.

Operativ Qərargah digər rayonlarda da karantinin sərtləşdirilməsini bu ərazilərdə yüksək yoluxma faktlarının aşkar olunması ilə izah edib.

İki günlük təcrid zamanı vətəndaşlar evlərini yalnız sağlamlığına təhlükə yaranarsa, təcili yardım vasitəsilə, yaxınları vəfat edərsə, dəfnə polisin icazəsi ilə tərk edə biləcək. Bunun üçün 102 xidmətindən icazə alınmalıdır.

Nazirlər Kabineti ölkəyə giriş-çıxış məhdudiyyətini də iyulun 1-nə qədər uzadıb.

Operativ Qərargahın çərşənbə axşamı keçirdiyi brifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, iyunun 15-dən daxili uçuşları bərpa etməyi planlaşdırırlar. Onun sözlərinə görə, ilkin mərhələdə Naxçıvana uçuşlar həyata keçiriləcək, ancaq hələlik həftədə 2 dəfə. İbrahim Məmmədov deyib ki, bu zaman tətbiq ediləcək xüsusi qaydalar barədə əlavə məlumat veriləcək.

Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.

Ölkədə martın 24-dən tətbiq edilən karantin rejimi mayın 4-dən etibarən bir qədər yumşaldılıb.