You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
190 manatlıq dövlət yardımı üçün: Telefon nömrəsi şəxsin öz adınamı olmalıdır?
Koronavirus pandemiyasına görə iş yerini itirən və gəlirsiz qalan vətəndaşlara ödəniləcək 190 manatlıq birdəlik yardımı almaq üçün qeydiyyatdan keçməyə tələb olunan telefon nömrəsi onun öz adına olmaya da bilər. Bunu BBC-yə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.
Amma aprelin 6-na qədər belə bir tələb qüvvədə olub və vətəndaşlar üçün problem yaradıb.
Aprelin 9-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyevin BBC News Azərbaycanca müsahibəsində bildirmişdi ki, qeydiyyat zamanı istifadə olunan nömrələr “mütləq vətəndaşın öz adına olmalıdır".
"Mobil nömrələr mütləq öz adına olmalıdır. Mobil nömrə öz adına olmasa, digər vətəndaşın məlumatlarını başqa vətəndaşın mobil telefonuna göndərməyə bizim hüququmuz yoxdur.”- o, Sual Vaxtı verilişində deyib.
Amma BBC News Azərbaycanca araşdırıb ki, aprelin 6-da nazirlik bu tələbi aradan qaldırıb və yeni qaydaya görə, telefonu öz adına olmayan şəxslər də qeydiyyatdan keçə bilərlər.
Bəs, mobil nömrəsi olmayan vətəndaşlar nə edə bilər sualına Cəmaləddin Quliyev həmin vətəndaşlarla "hər hansı bir şəkildə əlaqə saxlanılacağını" bildirmişdi.
"Telefon vasitəsilə onunla əlaqə saxlanılacaq. Bizə zəng edəndə qeydiyyata alanda, telefon nömrələrini bizdə saxlayacaq və onunla telefon vasitəsilə əlaqə saxlanacaq", - cənab Quliyev belə demişdi.