You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Maska niyə tapılmır? Taxmayanı cərimə gözləyirmi?
- Müəllif, İlkin Həsənov
- Vəzifə, BBC Azərbaycanca, Bakı
Koronavirusla mübarizə üçün Azərbaycan hökuməti vətəndaşları küçəyə çıxarkən maska və əlcəkdən istifadə etməyə çağırsa da, paytaxt və əyalət apteklərində maska tapmaq müşkülə çevrilib.
Paytaxt Bakının bir neçə aptekini gəzdikdən sonra yalnız birində maska tapdığını deyən ictimai fəal İlkin Rüstəmzadə hətta maska axtarışını videoya da çəkərək sosial mediada yayıb.
Bakıda yaşayan başqa bir istifadəçi isə sosial media hesabında yazıb ki, maskasız olduğunu əsas gətirən polis onu cərimələyib, amma polis buna görə cərimənin nəzərdə tutulmadığını bildirir.
Hökumət tezliklə yerli maska istehsalına başlanacağını və ölkənin tələbatının ödənəcəyini bəyan edib.
Cümə axşamı günü Azərbaycandan Macarıstana 10 min maskanın verilməsi barədə də xəbər yayılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) bundan əvvəl bildirib ki, koronavirusla mübarizədə artan tələbat məticəsində Azərbaycanda son 1 ayda 200-210 min maska satılıb. Qurum yeni müəssisənin bu tələbatı ödəyəcəyini və əlavə olaraq depolarda da maska olduğunu və eyni zamanda idxalın da davam etdiyi bildirilib.
"Yalnız bir aptekdə maska ala bildim"
Bakıda bir çox aptekdə tibbi maska tapılmır. Rəsmi qurumlar əhalini evdə qalmağa və çölə çıxarkən maska taxmağa çağırır, amma bir çox aptekdə tibbi maska tapmaq çətindir.
İctimai fəal İlkin Rüstəmzadə deyir ki, cümə axşamı günü Bakının bir neçə ərazisində onlarla apteki gəzib, amma demək olar ki, maska tapmayıb.
"Yalnız bir aptekdə maska ala bildim, o da gördülər ki, çəkiliş edirəm ona görə maska satdılar mənə. Əslində isə aptekin qapısında maska olmadığı yazılmışdı," - İlkin Rüstəmzadə deyib.
Bu vəziyyətdən şikayətçi olan az deyil. Bəziləri tibbi maskaların yoxluğundan, bəziləri isə onun qiymətinin artmasından danışır.
Koronavirusla bağlı xəbərlərin yayıldığı ilk vaxtlarda adi tibbi maskanın qiyməti 20 qəpik idi.
"Bizə limitlə verilir"
BBC News Azərbaycancanın müxbiri Bakının bir neçə fərqli ərazisində apteklərdə maska tapa bilməyib.
Apteklərin əksəriyyətindən bildirilib ki, onalara dərman depolarından satış üçün günaşırı 100 maska verilir.
"Maskalara tələbat çox olduğundan tez də satılıb qurtarır. Maskalar insanlara limitlə satılır və depolar günaşırı işləyir deyə hər gün maska sata bilmirik, bizə də limitlə verilir,"- Bakının Yasamal rayonu ərazisindəki apdeklərdən birində BBC müxbirinə deyilib.
Maskasızlığa cərimə düşür, ya yox?
Bir Facebook istifadəçisi isə öz hesabında yazır ki, o polis tərəfindən maska və əlcək taxmadığı üçün 100 manat məbləğində cərimələnib. O iddia edir ki, həyətlərində ərzaq alırmış.
Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev isə vətəndaşların maska və əlcəkdən istifadə etməsinin karantin rejiminin tələbi olduğunu deyib.
"Xidməti vəzifələrini icra edən polis əməkdaşları mütləq qaydada vətəndaşlara yaxınlaşmalı və onları qoruyucu vasitə istifadə etməyi tələb etməlidir. Maska və əlcəkdən istifadə etməmək karantin rejiminin qaydalarını pozmaq kimi qiymətləndirilir,"- o deyib.
Amma Bakı Şəhər Baş Polis İdarəsindən BBC News Azərbaycancaya bildirilib ki, polis maska olmamasına görə heç kimi cərimələmir.
"Qanunvericilikdə yoxdur deyə cərimə nəzərdə tutulmayıb. Cərimələnən şəxslər ola bilsin ki, karantin qaydalarını pozublar və bu səbəbdən cərimələniblər," - paytaxt polisindən bildirilib.
Ölkənin paytaxt və bölgələrində maskanın qəhətə çıxdığı bir vaxtda, Azərbaycandan Macarıstana 10 min maskanın verilməsi barədə də xəbər yayılıb.
Cümə axşamı "Macarıstanın xarici işlər və ticarət naziri Péter Szijjártó öz rəsmi Facebook səhifəsində yazıb ki, Azərbaycan hökuməti Macarıstanın "Bakıdakı səfirliyinə 10 000 üz maskası verib".
Nazir qeyd edib ki, bu, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan dövlətlərdən daha birinin koranavirus epidemiyasına qarşı mübarizədə "macar xalqı ilə həmrəyliyidir."
Macarıstanlı nazir onu da əlavə edib ki, bağışlanılan maskaların nəqli işləri ilə məşğuldurlar və "ön cəbhədə" işləyən insanlar üçün tezliklə əlçatan olacaq.
BBC News Azərbaycanca Macarıstana maskaların göndərilməsi məsələsi ilə bağlı hələ ki, Azərbaycan hökumətindən mövqe ala bilməyib.
Buna kimi isə Azərbaycan fevralın 8-də Çinin Myenyan şəhərinə tibbi ləvazimatlar göndərib.
Sumqayıt şəhər İcra Hakimiyyəti göndərdiyi sovqatın içərisində 40 min maska, 100 min cüt steril əlcək olub.
Nazirlər Kabinetinin sözçüsü İbrahim Məmmədov aprelin 2-də bildirib ki, Sumqayıtda maska istehsalı üçün lazım olan avadanlığın böyük hissəsi quraşdırılıb.
O, maska istehsalı üçün zəruri xammalın ölkəyə gətirildiyini deyib.
O, dəqiq vaxt deməsə də, "tez müddətdə maskaların istehsalına başlanacağını" deyib və gündə 200 min maskanın istehsal edilə biləcəyini bildirib.