Azərbaycanlı fəal Daşqın Ağalarlı Polşada saxlanılıb

Daşqın Ağalarlı

Şəklin mənbəyi, Daşqın Ağalarlı - Facebook

Bazar ertəsi günü Polşada Gdansk aeroportunda azərbaycanlı fəal Daşqın Ağalarlı polis tərəfindən saxlanılıb, o özü BBC News Azərbaycancaya deyib.

O bildirib ki, hazırda Gdansk hava limanında polis idarəsində saxlanılır və telefonu hələlik özündədir.

Onun sözlərinə görə, Polşa polisi ona Azərbaycan tərəfindən İnterpol vasitəsiylə axtarışa verildiyini və o səbəbdən də saxlanıldığı bildirilib.

"Mən Norveçdən gəlib Çex Respublikasını, Almaniyanı gəzmişəm. İndi də Gdansk aeroportundan Norveçə qayıdırdım ki, saxladılar. Çox güman ki, mən Oslodan çıxandan sonra Azərbaycan məlumatlanıb və Polşaya xəbər edib ki, bu bizdə axtarışdadır. Bunlara xəbər ediblər ki, məni saxlasınlar", Daşqın Ağalarlı deyib.

Fəalın adı İnterpolun saytında axtarışda olan şəxslər siyahısında tapılmayıb.

Onun sözlərinə görə, 2019-cu ilin 17 sentyabrından Norveç dövləti onu müdafiə və yaşayış üçün icazə ilə təmin edib, amma Polşa polisi bunu qəbul etmək istəmir.

Cənab Ağalarlı bildirib ki, onun müdafiəsi ilə Polşa "Helsinki" komitəsi məşğuldur.

O sabah məhkəmə qarşısına çıxmağı gözləyir.

Daşqın Ağalarlı kimdir?

Daşqın Ağalarlı AXC hakimiyyəti dövründə Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifəsində işləyib.

Müsavat partiyasının fəalı olmuş Daşqın Ağalarlı Norveçə köçməzdən əvvəl bir neçə il Gürcüstanda yaşayıb və orada Azərbaycandakı "siyasi məhbuslar"a azadlıq tələbilə keçirilən aksiyaların fəal iştirakçılarından olub.