You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Hərbi pilot Rəşad Atakişiyev dəfn edilib
Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev ikinci Fəxri xiyabanda dəfn edilib.
Çərşənbə günü keçirilən pilotla vida mərasimi ilk öncə evində, daha sonra isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunmuşdu.
Hərbi təyyarə iyulun 24-də, gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramışdı.
Rəşad Atakişiyevin nəşi çərşənbə axşamı günü tapılaraq dənizdən çıxarılıb.
BBC News Azərbaycancaya danışan Rəşad Atakişiyevin qayınatası Qabil Hüseyinli deyib ki, "bu gün pilotun nəşi tapılaraq sudan çıxarılıb. Atasından və anasından DNT analizi üçün nümunələr götürülüb".
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, "MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi və təyyarənin qalıqları dənizdən çıxarılıb".
"Pilotun bədəninin hissələri deformasiya olunmuş halda tapılıb. Əvvəlcə bir ayağı sonra isə təyyarənin gövdəsindəki oturacağında bədəninin digər hissələri aşkar olunub", Qabil Hüseyinli deyib.
Onun sözlərinə görə, pilotun oturacağı iki hissəyə parçalansa da, təyyarənin gövdəsində qalıb və bədən hissələri oradan tapılıb.
"DNT analizinin nəticələri bitən kimi bu gün bizə cavablar veriləcək", Rəşad Atakişiyevin qayınatası Qabil Hüseyinli deyib.
Avqustun 19-da MiQ-29 təyyarəsinin "qara qutusu" tapılaraq dənizdən çıxarılıb, Müdafiə Nazirliyi bildirib.