Azərbaycan: "Güclü külək nəticəsində xəsarət alanlar var"
Video açılmasa, YouTube-da izləyin.
Bu gün Bakıda başlamış güclü külək nəticəsində xəsarət alanlar olub.
Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, Sumqayıtda 10 yaşlı qızın başına ağac budaqları sınaraq düşüb. O, başından aldığı xəsarətlərlə Sumqayıt şəhər xəstəxanasına çatdırılıb. Hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və həkimlər uşağın vəziyyətini orta-ağır qiymətləndirirlər.
Bakıda isə Filarmoniya bağının yaxınlığında ağacın budağı qırılaraq 20 yaşlı qadının üstünə düşüb. Xəsarət alan sakin xəstəxanaya aparılıb, vəziyyəti orta-ağırdır.

Bakıda küləyin sürətinin saniyədə 30-35 metrə qalxacağı gözlənir.
Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva BBC News Azərbaycancaya bildirib ki, açıq dənizdə dalğanın hündürlüyü yüksəkdir və bəzi saatlarda 6-8 metrə çata bilər: "Bu küləkli havada dənizə girmək məsləhət görülmür. Bundan başqa, sakinlər tikinti gedən yerlərdən kənar hərəkət etməyə çalışsınlar, o cümlədən avtomobilləri ağacların altında saxlamasınlar".

Umayra Tağıyeva deyir ki, onlar qabaqcadan bütün təşkilatlara, iş yerlərinə güclü küləklə bağlı xəbərdarlıq ediblər ki, açıq havada çalışanlar iş qrafiklərində dəyişiklik edə bilsinlər.

Azərbaycanda hava şəraiti avqustun 8-nə qədər qeyri-sabit keçəcək, fasilələrlə yağış yağacağı gözlənir. Bəzi yerlərdə leysan xarakterli intensiv yağıntı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şəklin mənbəyi, AFP
Çaylarda sululuğun artacağı gözlənir.








