Ankara-Bakı qatarı avqustda ilk səfərə çıxır?

    • Müəllif, Aygül mehman
    • Vəzifə, Bakı, BBC News Azərbaycanca

Azərbaycan tərəfi Ankara-Bakı qatarının səfəri üçün "təklifin detallarını dəqiqləşdirir", Azərbaycan Dəmir Yollarının sözçüsü Sevinc Qədirova BBC News Azərbaycancaya deyib.

O bildirib ki, "hələlik qiymətlər dəqiqləşdirilir".

"Qatarın avqust ayında səfərə çıxması ilə bağlı xəbərlər ehtimaldır. Azərbaycan Dəmir Yolları qiymət, vaxt və s. ilə bağlı irəli sürülən təklifləri dəyərləndirir. Detallar dəqiqləşdirildikdən sonra məlumatları ictimaiyyətə açıqlayacağıq", - Sevinc Qədirova vurğulayıb.

Türkiyənin Dəmir Yollarının saytı bildirib ki, "Ankara-Bakı qatarı avqust ayında ilk dəfə səfərə çıxacaq".

"Qatarlar həftədə bir dəfə səfər edəcək, səyahət müddəti isə 40 saat olacaq. Qatarda bir sərnişinin gedişhaqqı isə 97-220 manat arası nəzərdə tutulur. Qatar bir dəfəyə 246 sərnişin daşıya biləcək. Səfər zamanı sərnişinlərə səhər yeməyi kupelərdə, nahar və şam yeməyi isə 28 nəfərlik yemək maşınında veriləcək.

Bundan başqa, qatarda duş kabinəsi olan iki nəfərlik lüks, ailələr üçünsə komfort kupelər var. Hərəkət məhdudiyyəti olan şəxslər üçün də ayrıca kupelər nəzərdə tutulub", sayt yazır.