Bakıda "müəllimin döydüyü" deyilən şagird xəstəxanadan evə buraxılıb

    • Müəllif, Cəmilə İbrahimova
    • Vəzifə, BBC News Azərbaycanca

Bakıda "müəllimin döydüyü" deyilən 7-ci sinif şagirdi evə buraxılıb, Səhiyyə və Təhsil nazirlikləri bildirib.

"Səhhəti yaxşı olmasa, evə buraxılardımı? Səhhəti yaxşıdır ki, evə buraxılıb", nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova BBC News Azərbaycancaya bildirib.

Döyüldüyü deyilən yeniyetmənin Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbin şagirdi olduğu və hadisənin məktəbdə baş verdiyi bildirilir.

Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov BBC News Azərbaycancaya hazırda hadisənin araşdırıldığını və araşdırmanın nəticələri barədə məlumat veriləcəyini deyib.

BBC News Azərbaycancanın məktəblə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.

Hadisə baş verən zaman Səhiyyə Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, şagird kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıb.

Klinik Tibbi Mərkəzdən BBC News Azərbaycancaya bildirilib ki, uşaq xəstəxanaya daxil olarkən onun başından xəsarət aldığı deyilib.

Həmçinin bax:

Videonu açalmırsa, onu YouTube kanalımızda izləyin.