Bağça müəllimləri üçün yeni qayda: Onlar bir neçə xəstəlik üzrə müayinədən keçəcəklər

Azyaşlılarla işləyən məktəbəqədər təhsil müəssələrində işləyən pedaqoqların tibbi müayinədən keçməsini nəzərdə tutan qərar qəbul olunub.

Bu haqda Nazirlər Kabineti qərar verib.

Qərara görə, məktəbəqədər təhsil sahəsində çalışanlar işə qəbul olunarkən və işlədikləri müddətdə ildə bir dəfə olmaqla dövrü tibbi müayinədən keçməlidirlər.

Onlar tibbi müayinədən çalışdıqları yerin göndərişi əsasında keçməlidirlər və buna görə məsuliyyət məktəbəqədər təhsil qurumu rəhbərinin üzərinə düşür.

Azyaşlılarla işləyən pedaqoqlar tibbi komissiya tərəfindən vərəm, sifilis, süzənək, qurd xəstəlikləri, bağırsaq infeksiyaları, virus infeksiyaları, ruhi xəstəliklər, eləcə də narkoloji xəstəliklər və ağıreşitmə ilə bağlı müayinə olunmalıdırlar.

Qaydaya görə, yalnız tibbi müayinədən keçən və sağlamlığı tələblərə cavab verən pedaqoqların azyaşlılarla işləməsinə icazə verilməlidir. Yeni qərar dövlət və özəl məktəbəqədər təhsil müəssisələrinin hər ikisinə aiddir.