Əkin yerlərini yandıranlar cərimə olunacaq, Kənd Təsərrüfatı Nazirliyi xəbərdarlıq edib

Kənd Təsərrüfatı Nazirliyi əkin yerlərini yandıranları cərimə edəcək.

Bu barədə BBC Azərbaycancaya Nazirliyin mətbuat xidmətindən məlumat veriblər.

Fermerlər daha çox taxıl biçildikdən sonra həmin əraziləri yandırırdılar.

Nazirlik isə bunun torpaq üçün ziyanlı olduğunu bildirir.

"Əkin yerləri yandırılarkən bitki qalıqları, torpağın humus qatı, faydalı torpaq mikroflorası və mikrofaunası məhv olur. Torpaqlar münbitliyini itirir, məhsuldarlıq aşağı düşür", nazirliyin açıqlamasında deyilir.

İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslər 400-600, vəzifəli şəxslər 1500 2000, hüquqi şəxslər 5000-6000 manat civarında cərimə oluna bilər.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev BBC Azərbaycancaya bildirir ki, əkin-biçinlə məşğul olanların bu məlumatdan xəbəri olması üçün marifləndirmə işi aparırlar.

"Vərəqlərdə məlumat yayıb paylayırıq, televiziyada, radioda çıxış edirik".

Tərtər rayonunda yaşayan, adının çəkilməsini istəməyən fermer BBC Azərbaycancaya deyir ki, əkin yerlərinin yandırılması artıq bir ənənə halını alıb:

"Uzun illərdir bu yolla əkin sahəsi təmizlənir, növbəti əkin prosesinə hazırlanır. Yandırılmış torpaqda aparılan əkin zamanı əvvəlki əkindən qalan saman çöpləri suvarmaya mane olmur".

O, həmçinin bildirir ki, kənd icra nümayəndəsi təsərrüfatla məşğul olan adamları məlumatlandırıb:

"Bizə dedilər ki, artıq əkin sahələrini yandıranlar cərimələnəcəklər".

Əkin yerlərinin yandırılmasına görə cərimə tətbiqi bu ilin yanvarından qüvvəyə minib.