Azərbaycanda bağlanmış media təşkilatlarının qısa tarixçəsi

Keçən ilin noyabr ayında Prezident İlham Əliyev beynəlxalq informasiya agentliklərinin konqresinin iştirakçıları ilə görüşdə Azərbaycanda mətbuat azadlığının "tam şəkildə təmin olunduğunu" söyləyib. Lakin, Son 10 il ərzində, Azərbaycanda bağladılmış və ya bağlanmağa məcbur edilmiş media təşkilatları bəzi qurumların çətinliklərlə üzləşdiyini göstərir.

Prezident çıxışı zamanı agentliklərin nümayəndə heyətlərinə deyib: "Ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə, mətbuat azadlığının məhdudlaşdırılmasından necə danışmaq olar?! Əgər sosial şəbəkədə, Facebook-da və Twitter-də 2 milyon insanımız varsa, mətbuat azadlığını necə məhdudlaşdırmaq olar?! Biz qarşımıza bu cür siyasi məqsəd qoymamışıq", o, əlavə edib.

Keçən ilin yayında ANS-in bağlanması, bu il isə Turan informasiya agentliyinin bağlanacağı barədə məlumatlar, Azərbaycanda məhdudlaşan media mühitinin ən yeni nümunələridir.

Azərbaycan mediası bundan əvvəl də məhdudiyyətlərlə üzləşib. Son 10 il ərzində baş vermiş hadisələrin bir qismini təqdim edirik.

Həmçinin oxuyun:

2006-2007

2006-cı il, noyabrın 24-ü ANS və Milli Televiziya və Radio Şurası (MTRŞ) arasında lisenziya üzrə yaranmış mübahisə nəticəsində, ANS-in yayımları dayandırılıb.

Lakin bir ay sonra, dekabrın 12-i ANS-in yayımı bir daha bərpa edilib və şirkət fəaliyyətinə davam etmək üçün bir daha lisenziya üzrə tender prosesində iştirak etməli olub.

Bu dövrdə, ANS-in həmtəsisçisi Vahid Mustafayev, ANS-in siyasətə qarışmadığını deyib. 2007-ci il, aprelin 17-si MTRŞ ANS-ə 6 illik lisenziya verib. Tenderdə yalnız ANS iştirak edib.

2008-2009

Oktyabr ayında keçirilmiş prezident seçkilərindən iki həftə sonra, MTRŞ xarici radio stansiyaların Azərbaycanda yayımının qadağan ediləcəyini bəyan edib.

Bir neçə ölkənin və beynəlxalq təşkilatların tənqidlərinə baxmayaraq, 2009-cu ilin əvvəlində BBC Azərbaycanca və Azadlıq Radiosunun radio yayımları dayandırılıb.

2014-2015

2014-cü il, dekabrın 26-sı Azadlıq Radisonun Bakı ofisinə reyd keçirildikdən sonra ofisin qapısına möhür qoyulub.

Vergiləri ödəməməkdə təqsirləndirilən media qurumu, bu iddiaları rədd edərək ittihamların Azərbaycan hökuməti və ABŞ arasında gəlirsiz şirkətlərə dair vergi razılığı ilə ziddiyətli olduğunu deyib.

Bu dövrdə, ofisin yerləşdiyi binanın sahibi Azadlıq Radiosu ilə icarə müqaviləsini yeniləmədiyinə görə, 2015-ci il, mayın 22-i Azadlıq Radiosu Bakı ofisini bağlamaq qərarına gəlib.

2016

İyulun 15-i Türkiyədə hərbi çevriliş cəhdi baş verir. Türkiyə hökuməti çevrişin cəhdinin arxasında ABŞ-da yaşayan müsəlman vaiz Fethullah Gülen və onun tərəfdarlarının olduğunu iddia edir.

ANS Fethullah Gülen-dən müsahibə alıb yayımlamağı planlaşdırdığına görə, iyulun 18-i Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ANS-in yayımını dayandırmağa qərar verir.

Baş Prokurorluğun müraciətinə cavab olaraq, MTRŞ nazirliyin qərarını dəstəkləyərək bəyan edib ki, "Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımı müvəqqəti olaraq dayandırılır".

Lakin iyulun 29-u bu müvəqqəti addım ANS-in lisenziyasının ləğvi ilə daimiləşib.

2017

Martın 27-si Baş Prokurorluq Rabitə, Yüksək Texnoloqiyalar və Nəqliyyat Nazirliyinə müraciət edərək, Azadliq qəzeti, Azadliq Radiosu, Meydan TV, Azerbaycansaati.tv və Turan TV-nin internet səhifələrinə Azərbaycandan girişləri bloklamağa çağırıb. Nazirlik saytları müvəqqəti olaraq bloklamağa qərar verib.

Aprelin 3-ü, nazirliyin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) Səbail Rayon Məhkəməsinə müraciət edib və bloklanma qərarının qəbul edilməsini xahiş edib.

Mayın 12-i məhkəmə saytların bloklanmasına dair qərarı dəstəkləyib.

İyun ayında, Vergilər Nazirliyi Turan İnformasiya Agentliyinin 2016-cı il dövründə 5 min manat məbləğində vergi öhdəliklərini yerinə yetirmədiyini iddia edib və agentliyin bank hesabından 5 min manat çıxarıb.

Agentliyin şikayətindən sonra, bir daha yoxlama aparan nazirlik qanun pozuntusunun baş vermədiyi qənaətinə gələrək, agentliyə götürdüyü 5 min manatı qaytarıb.

Lakin Avqustun 7-si vergilər nazirliyi Turan informasiya agentliyini bir daha vergidən yayınmaqda təqsirləndirib. Nazirlik, agentliyin 2014-2016 dövründə 37 min manat məbləğində vergindən yayındığını iddia edib və agentliyin bank hesabından bu məbləğin çıxarılmasına dair addımlar atıb.

Avqustun 17-si agentliyin ofisində axtarış keçirilib və maliyyə sənədləri müsadirə edilib.

Turan agentliyinin direktoru Mehman Əliyev avqustun 24-ü şübhəli qismində saxlanılıb. O, səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə təqsirləndirilib.

Növbəti gün, onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Bank hesabının praktiki olaraq dondurulmasına görə, Turan İnformasiya agentliyi sentyabrın 1-dən fəaliyyətinə son qoymağa qərar verib.