Bakıda "Sağlam Azərbaycan Festivalı" keçirilir - şəkillərdə

Avqustun 25-da Bakıda "Sağlam Azərbaycan Festivalı" başlayıb. Bir neçə gün davam edəcək festivalın əsas məqsədi sağlam həyat tərzinə çağırışdır.

Açıq havada keçirilən tədbir iştirakçıları üçün yoqa təlimləri təşkil olunub.

Onları peşəkar təlimçilərin keçirir. Bu, hər kəs üçün ödənişsizdir.

Ukraynadan dəvət olunan aşpaz Konstantin Stolyarov vegan yeməklərini təqdim edib.

"Mən hazırda çiy tərəvəz məhsullarından suşi hazırlayıram. Bu yeməklər heç bir termik proses keçmir və sağlamlıq üçün çox faydalıdır. Demək istəyirəm ki heyvanlara zərər vermədən də sağlam qidalanmaq olar", - 26 yaşlı vegan aşpaz deyir.

Tədbirin təşkilinə onlarla gənc könüllü cəlb olunub.

Festival çərçivəsində böyüklərlə yanaşı uşaqlar, yeniyetmələr üçün də əyləncələr yer alıb.

Gənc gimnastlar musiqili rəqs proqramı ilə çıxış ediblər.

Tədbirin əsas məqsədi həm də yeniyetmələri müxtəlif idman oyunlarına cəlb etməkdir.

Azərbaycan Milli Karate Federasiyasının dəstəyi ilə festivalda azyaşlı karateçilər də öz bacarıqlarını nümayiş etdirib.

Açıq havada rəqqaslar azyaşlılar üçün master-klasslar təşkil edib. Ziyarətçi valideynlər deyir ki, bu cür əyləncə və istirahət uşaqlar üçün maraqlı olsa da çox az keçirilir.

Festivalda əyləncə ilə yanaşı köməyə ehtiyacı olan xəstələr üçün də əl işlərindən ibarət yardım aksiyası keçirilir. Tədbir Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilir.

Fotolar Gülər Abbasovaya aiddir.