You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycan: Rusiyalı jurnalistlər "təhlükəsizlik xidmətinə işləyiblər"
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Azərbaycan "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarını Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıqda ittiham edib.
Azərbaycan Mətbuat Şurası iyulun 12-də bununla bağlı müraciət yayıb.
Qurum bildirib ki, Rusiya media orqanının rəhbəri və baş redaktorunun saxlanılmasının onların jurnalist peşəsi ilə heç bir əlaqəsi yoxdur.
"Həmin şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq ediblər və jurnalist fəaliyyəti ilə bağlı olmayan tapşırıqları yerinə yetirmək məqsədilə Azərbaycanda olublar",- müraciətdə deyilir.
Rusiya hələlik bu iddiaya cavab verməyib.
Azərbaycanın Daxili İşlər Nazirliyi iyunun 30-da "Sputnik Azərbaycan"ın Bakı ofisində apardığı əməliyyatı media orqanının qanunsuz maliyyələşmə əsasında fəaliyyət göstərməsi ilə əlaqələndirmişdi.
Məhkəmə də rusiyalı jurnalistləri dələduzluq, qanunsuz sahibkarlıq və cinayət yolu ilə qazanılmış külli miqdarda əmlakı leqallaşdırmada ittiham etmişdi.
Lakin Mətbuat Şurası iddiasını Avropa Parlamenti və Avropa Şurası kimi təşkilatların hesabatı ilə əsaslandırdığını bildirib.
Qurum bildirib ki, həmin təşkilatlar "Sputnik"in sadəcə bir xəbər agentliyi deyil, Rusiya dezinformasiya kampaniyasının əsas aləti olduğunu qeyd edirlər".
Rəsmi Bakı "Sputnik Azərbaycan"ın ölkədə fəaliyyətinin bu ilin fevralında dayandırıldığını bildirib.
"Sputnik Azərbaycan" isə bu iddiaları təkzib edib və bildirib ki, Azərbaycan onlara bağlanmaları üçün rəsmi müraciət etməyib.
Video açılmırsa, YouTube kanalımızda baxın.