Müharibə real təhlükədir və Avropa buna hazır deyil, Polşanın Baş naziri Tusk xəbərdarlıq edir

Şəklin mənbəyi, HANNIBAL HANSCHKE/EPA-EFE
- Müəllif, Paul Kirby
- Vəzifə, BBC News
Polşanın Baş naziri Donald Tusk açıq şəkildə xəbərdarlıq edib ki, Avropa “müharibədən əvvəlki dövrə” daxil olub və Ukrayna Rusiyaya məğlub olarsa, Avropada heç kim özünü təhlükəsiz hiss edə bilməyəcək.
“Mən heç kimi qorxutmaq istəmirəm, amma müharibə artıq keçmişdə qalan anlayış deyil, - o, Avropa mediasına bildirib. - Bu, realdır və iki ildi ki, başlayıb".
O bu xəbərdarlığı Rusiyanın Ukraynanı hədəfə alan yeni raket zərbələrindən sonra edib.
Rusiya son həftələr Ukraynaya bombardmanlarını gücləndirib.
Ukrayna Hərbi Hava Qüvvələri 58 pilotsuz təyyarə və 26 raketi vurduğunu bildirib və Baş nazir Denis Şmihal ölkənin qərbində, mərkəzində və şərqindəki altı regionda enerji infrastrukturunun zədələndiyini bildirib.
Avropa İttifaqı Şurasının keçmiş Prezidenti Donald Tusk deyib ki, Rusiya Prezidenti Vladimir Putin cihadçıların Moskvadakı "Crocus City Hall" binasına hücumuna görə, heç bir sübut olmadan Ukraynanı günahlandırıb və “açıqcası, Ukraynada mülki obyektlərə getdikcə daha şiddətli hücumlara haqq qazandırmaq ehtiyacını hiss edir”.
O qeyd edib ki, Rusiya bu həftənin əvvəlində ilk dəfə gündüz vaxtı Kiyevə hipersəs raketləri ilə hücum edib.
Donald Tusk Avropa liderlərinin öz müdafiələrini gücləndirmək üçün “daha çox iş görməsinin” tərəfdarıdır və hesab edir ki, Avropanın hərbi cəhətdən özünü təmin edə biləcəyi təqdirdə ABŞ üçün daha cəlbedici tərəfdaş olacaq.

Şəklin mənbəyi, EPA-EFE/Jakub Szymczuk/KPRP
O əlavə edib ki, söhbət Avropanın ABŞ-dan hərbi muxtariyyət əldə etməsindən və ya “NATO-ya paralel strukturlar yaratmasından” getmir. Polşa hazırda iqtisadi məhsulunun 4 faizini müdafiəyə sərf edir və hər bir Avropa ölkəsi ÜDM-in 2 faizini xərcləməlidir, Avropa İttifaqı isə bütövlükdə özünün təhlükəsizliyi üçün mübarizə aparmağa psixoloji olaraq hazırdır.
Rusiya Ukraynada genişmiqyaslı müharibəyə başladıqdan sonra Qərblə münasibətlər Soyuq Müharibə vaxtı olan dövrlə müqayisədə daha da pisləşib.
Hərçənd, Rusiya Prezidenti Putin bu həftə Moskvanın NATO ölkələrinə qarşı “aqressiv niyyətinin olmadığını” deyib.
Onun sözlərinə görə, ölkəsinin Polşa, Baltikyanı ölkələr və Çexiyaya hücum edəcəyi fikri “tam cəfəngiyatdır”.
Bununla belə, Putin xəbərdarlıq edib ki, Ukrayna Qərb F-16 döyüş təyyarələrini başqa ölkələrin aerodromları vasitəsilə istifadə etsə, onlar “qanuni hədəfə” çevriləcəklər.
Bu, cənab Tusk-ın ilk müharibəqabağı xəbərdarlığı deyil. Bu ayın əvvəlində o, sağ-mərkəzçi Avropa liderlərinə eyni mesajı ünvanlamışdı.
Donald Tusk bildirib ki, İspaniyanın Baş naziri Pedro Sánchez Aİ liderlərindən zirvə bəyanatlarında "müharibə" sözünü işlətməməyi xahiş edib, çünki insanlar təhlükə hiss etmək istəmir. Cənab Tusk-ın sözlərinə görə, o cavab verib ki, Avropanın ona məxsus hissəsində müharibə artıq mücərrəd bir fikir deyil.

Şəklin mənbəyi, Omar Marques/Anadolu
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
O, Ukraynaya təcili hərbi yardımdan danışaraq xəbərdarlıq edib ki, müharibənin növbəti iki ili hər şeyi həll edəcək: “Biz İkinci Dünya Müharibəsinin bitməsindən bəri ən kritik anı yaşayırıq”.
Donald Tusk Avropanın bəzi ən böyük qəzetlərindən olan jurnalistlərə deyib ki, indi onu narahat edən məsələ "sözün əsl mənasında hər hansı bir ssenarinin mümkün olması"dır.
Baş nazir Polşadakı ailəsinin evinin divarındakı, doğulduğu Qdansk yaxınlığında, Baltik dənizinin cənub sahilində yerləşən Sopot çimərliyində gülən insanların əks olunduğu bir şəkli xatırlayıb.
Cənab Tusk deyib ki, foto 31 avqust 1939-cu ilə aid idi: 10 saat sonra və 5 km aralıda İkinci Dünya müharibəsi başlayıb.
"Müharibəqabağı dövr. Mən bilirəm ki, bu, xüsusilə də gənc nəslin nümayəndələri üçün dağıdıcı səslənir, lakin biz yeni dövrün gəlişinə ruhən öyrəşməliyik", - o xəbərdarlıq edib.
Bu soyuqqanlı qeydlərinə baxmayaraq, Baş nazir Avropaboyu mentalitetdə real inqilab adlandırdığı məsələ ilə bağlı optimist idi.
O, 2007-ci ildən 2014-cü ilə qədər ilk dəfə Polşanın Baş naziri olanda, Polşa və Baltikyanı ölkələrdən savayı, bir neçə Avropa liderinin də Rusiyanın potensial təhlükə olduğunu başa düşdüyünü söyləmişdi.
Cənab Tusk bir sıra Avropa liderlərini tərifləyib və Polşa, Fransa və Almaniya - Veymar Üçbucağı kimi tanınan alyansın - arasında təhlükəsizlik sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb.
O, müsahibəsində bir vaxtlar pasifizm və neytrallıq mövqeyi sərgiləyən, lakin hazırda NATO-nun üzvü olan İsveç və Finlandiyanı da qeyd edib.










