Paşinyan: "Trump marşrutunun tikintisi 2026-cı ildə başlanacaq"
Ermənistan baş naziri Nikol Paşinyan deyib ki, "Tramp marşrutu"nun tikintisinə 2026-cı ildə başlanacaq.
"Mənim proqnozum dəyişməyib. Torpaq üzərində işlərin başlanmasını 2026-cı ilin ikinci yarısında görəcəyik", - Nikol Paşinyan brifinqdə deyib.
Bundan əvvəl, Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, Yerevan layihənin hüquqi və tənzimləyici çərçivəsi ilə bağlı amerikalı tərəfdaşları ilə intensiv danışıqlar aparır.
Təşəbbüs Ermənistanda qeydiyyatdan keçəcək Ermənistan-Amerika birgə müəssisəsi olan TRIPP tərəfindən həyata keçiriləcək.
"Güman edirəm ki, həyata keçiriləcək ilk layihə dəmiryolunun tikintisi olar. Eyni zamanda istisna etmirəm ki, iqtisadi zəruriyyətdən irəli gələn və investisiya yatırımları ilə bağlı məsələlərin dəqiqləşdirilməsi nəticəsində qaz və ya neft boruları layihəsi nəzərdə tutulduğundan tez həyata keçirilsin. Lakin bu, iddia deyil, sadəcə ehtimal edirəm", - Paşinyan bildirib.
Ermənistanın Sünik bölgəsindən keçərək, Azərbaycanı anklavı Naxçıvanla birləşdirəcək bu marşrut Azərbaycanda Zəngəzur Dəhlizi adlandırılır.
"Tramp marşrutu" layihəsini ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev avqustun 8-də Vaşinqtonda imzalayıblar. Bu görüş zamanı, həmçinin, Ermənistan və Azərbaycan arasında Sülh müqaviləsinin razılaşdırılmış mətni paraflanıb.



