Türkiyə: "Sərt" Erdoğan korrupsiya ilə mübarizə apardığını söyləyir, rəqibləri isə deyir, o, müxalifəti susdurur

dərviş maska türkiyə
"Sərt" Erdoğan korrupsiya ilə mübarizə apardığını söyləyir, rəqibləri isə deyir, o, müxalifəti susdurur
    • Müəllif, Orla Guerin
    • Vəzifə, BBC Dünya Xidməti
    • Məkan, İstanbul

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Bu il aprelin 23-də dəhşətli 13 saniyə ərzində baş vermiş 6,2 ballıq zəlzələ Türkiyənin ən böyük şəhərini silkələdi.

Zəlzələ o qədər güclü idi ki, İstanbulda 151 nəfər qorxu içində binalardan tullanaraq xəsarət aldı, amma ölüm halı qeydə alınmadı.

Lakin 2019-cu ildə seçiləndən bəri ilk dəfə idi ki, bələdiyyə başçısı Ekrem İmamoğlu şəhərə kömək etmək üçün barmağını belə tərpədə bilmədi.

O, şəhərin qərb kənarında, zəlzələnin episentrinə ironik şəkildə yaxın olan Silivri rayonunda sərt qorunan həbsxanada saxlanılırdı.

İmamoğlu korrupsiya ilə bağlı bir sıra ittihamlarla üzləşir, lakin o, bunları qəti şəkildə rədd edir – onun sözləri ilə desək, bu "Kafka üslubunda ittihamlardır".

Tərəfdarları isə deyir ki, onun yeganə "cinayəti" 2028-ci ilə planlaşdırılan prezident seçkilərində Türkiyə lideri Recep Tayyip Erdoğana ən böyük təhdid olmasıdır.

Istanbul meri Ekrem Imamoglu

Şəklin mənbəyi, YASIN AKGUL/AFP via Getty Images

Şəklin alt yazısı, Oktyabr ayından bəri CHP ilə əlaqəsi olan 500-dən çox insan həbs edilib.
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Zəlzələ günü Marmara həbsxanasında olan onun bir çox həbsxana yoldaşları da Erdoğanın 22 illik hakimiyyəti dövründə, bəziləri dinc etirazçılar kimi, onun hədəfinə çevriliblər.

Həbsxana hələ də geniş şəkildə əvvəlki adı – Silivri ilə tanınır. Burada yaxşı bilirlər ki, Erdoğana qarşı çıxanlar Silivri həbsxanasında illərlə sürünə bilərlər. Buna görə də xalq arasında belə bir ifadə yaranıb: "Silivri indi soyuqdur".

Tənqidçilər deyirlər ki, Qərbə yönəlmiş islahatçı kimi başladığı ilk illərdən sonra, Erdoğan son dövrlərin "Sultan"ına çevrilib, insan haqlarını məhv edib, müxalifəti sərt şəkildə sıxışdırıb və məhkəmələri siyasi silaha çevirib.

Həbsdə olan mer, üzvü olduğu Cümhuriyyət Xalq Partiyasının (CHP) liderləri, təcrübəli vəkillər və tələbə etirazçılar bu ay ayrı-ayrı məhkəmə proseslərində mühakimə olunurlar.

"Erdoğan Türkiyəni Rusiya tipli avtoritar rejimə çevirmək yolunda böyük bir addım atıb", – Vaşinqtondakı Yaxın Şərq İnstitutunun (MEI) aparıcı əməkdaşı, əslən Türkiyədən olan və hazırda ABŞ-da yaşayan Gönül Tol bildirir.

"Onun ağlındakı Türkiyə elə bir ölkədir ki, orada seçki qutusu heç bir məna daşımır… müxalifəti isə özü seçir", - o deyir.

Prezident Recep Tayyip Erdoğanın İstanbulda Prezident Zelenski ilə görüşü

Şəklin mənbəyi, Ozan Guzelce/ dia images via Getty Images

Şəklin alt yazısı, Erdoğanın bir çox sahədə, o cümlədən Rusiya və Ukraynada da "barmağı var".(İstanbulda Prezident Zelenski ilə görüş)

Ümumilikdə, ötən ilin oktyabr ayından bəri CHP ilə əlaqəsi olan 500-dən çox insan həbs edilib.

Prokurorlar mer və onun tərəfdarlarını rüşvət almaqda, tenderləri saxtalaşdırmaqda, hədə-qorxu yolu ilə pul toplamaqda və terrorçuluqla əlaqələrdə ittiham edirlər.

Lakin mərkəzçi və dünyəvi mövqeyi ilə tanınan CHP bildirir ki, bu həbslər siyasi motivli addımlardır və məqsəd müxalifəti susdurmaqdır.

Partiya ittihamları rədd edir.

Bəzi insanlar soruşurlar: türk demokratiyası açıq-aşkar hücum altındaykən, beynəlxalq ictimaiyyət niyə bu qədər susqunluq nümayiş etdirir, hətta demək olar ki, heç nə etmir?

Ola bilərmi ki, Erdoğanın Rusiya, Ukrayna, Suriya və NATO da daxil olmaqla çoxsaylı sahələrdə maraqlarının olması Avropa liderlərini onunla qarşıdurmadan çəkindirir?

Bəs ABŞ Prezidenti Donald Trump-ın insan haqları mövzusunda göz yumması Erdoğana daha sərbəst davranmaq imkanı verirmi?

"Ədalətin sərhədlərini aşmaq"

Mart ayında, həbsindən bir neçə dəqiqə əvvəl, yüzlərlə polis evinin qarşısına toplaşarkən, mer İmamoğlu sakitcə qalstukunu düyünləyir və eyni zamanda tərəfdarlarına sosial media vasitəsilə müraciət edirdi.

"Biz böyük bir zülmlə üz-üzəyik, – o deyirdi, – amma… mən ruhdan düşməyəcəyəm".

O, soyuqqanlı və qətiyyətli idi və Vaşinqton İnstitutunun Türkiyə üzrə araşdırma proqramının direktoru Soner Çağaptayın təbirincə, "Ərdoğana ölümcül təhdid" idi.

"O, xarizmatikdir, insanlara yaxındır, Erdoğan kimi mühafizəkardır, amma, eyni zamanda dünyəvidir. O, bir çox meyarlara cavab verir".

Lakin həbsxanada o, çox az meyara cavab verə bilir.

İstanbulun müxalifətçi meri Ekrəm İmamoğlunun həbsi son illərin ən böyük etirazlarına səbəb oldu.

Şəklin mənbəyi, Burak Kara/Getty Images

Şəklin alt yazısı, İstanbulun müxalifətçi meri Ekrəm İmamoğlunun həbsi son illərin ən böyük etirazlarına səbəb oldu.

Onun həbsi Türkiyənin ən böyük müxalifət partiyası olan CHP-nin onu prezidentliyə namizəd göstərmək üzrə olduğu bir vaxta təsadüf etdi. (İmamoğlu həbs edildikdən sonra da onlar onun namizədliyini irəli sürdülər).

İmamoğlunun həbs edilməsi son on ildən artıq müddətdə hökumət əleyhinə keçirilən ən böyük etirazlara səbəb oldu. Küçələrə, əsasən, gənclər, başqa lider tanımayan "Erdoğan nəsli"nin nümayəndələri çıxdılar.

"Bu, insanların çoxu üçün dözüm həddini aşdı, – İstanbuldan olan 21 yaşlı bir gənc deyir. – Onlar ədalətin sərhədlərini aşdılar".

Başqa biri isə bunun "demokratiyalarına birbaşa hücum" olduğunu söyləyir.

Hökumət, əsasən, dinc xarakter daşıyan etirazları qadağan etsə də, onların qarşısını ala bilməyib.

Yasin Akgül qaz maskası taxmış dərviş geyimli və səma rəqsi edən etirazçının fotosunu çəkdi.

Şəklin mənbəyi, YASIN AKGUL/AFP

Şəklin alt yazısı, Yasin Akgül qaz maskası taxmış dərviş geyimli və səma rəqsi edən etirazçının fotosunu çəkdi.

Bütün dünyada qəzetlərin ilk səhifəsinə çıxan fotoda ənənəvi dərviş geyimində, amma üzündə qaz maskası olan və tək dayanmış etirazçı və eyni anda polisin bibər qazından istifadə etdiyini göstərən məqam əks olunub.

Foto çəkildikdən bir neçə saat sonra AFP xəbər agentliyindən olan fotoqraf Yasin Akgül evində saxlanıldı, onun hələ də gözyaşardıcı qazdan əlləri yanırdı. Digər bir neçə tanınmış fotojurnalist də həbs edildi.

Etirazlardan sonra təxminən 2 min nəfərdən çox adam səhərə yaxın reydlərdə saxlanıldı. Onlardan 800-dən çoxu "icazəsiz nümayişlərdə iştirak" ittihamı ilə mühakimə olundu.

Gönül Tolun sözlərinə görə, bu günlərdə həbs olunmaq "ən asan işdir". "Sadəcə, Erdoğanı tənqid edən bir tviti və ya Facebook paylaşımını bəyənməyiniz kifayətdir".

22 yaşlı tələbə etirazçı Esila Ayia Türkiyə liderini "diktator" adlandıran plakat qaldırdığına görə həbs olundu (Prezidenti təhqir etmək Türkiyədə cinayətdir). Əgər məhkum olunarsa, dörd il həbs cəzası ala bilər.

Ekrem Imamoglu Erdoganın prezidentliyə ən güclü rəqibi kimi görünürdü

Şəklin mənbəyi, YASIN AKGUL/AFP via Getty Images

Şəklin alt yazısı, Ekrem Imamoglu Erdoganın prezidentliyə ən güclü rəqibi kimi görünürdü.

Həbslər davam edir

İstanbulun Sabancı Universitetinin siyasi elmlər üzrə dosenti Berk Esenin sözlərinə görə, bir çox türk "soyuqluğu" hiss edir. O, siyasət, vətəndaş cəmiyyəti, akademiya və mediada müxalif şəxslərə qarşı "genişmiqyaslı təzyiq və repressiyalar" olduğunu bildirir.

Amma o əlavə edir ki, Türkiyə "hələ tam avtoritar rejim deyil… hələ də bir qədər etiraz üçün yer var".

Buna baxmayaraq, həbslər davam edir. 100-dən çox CHP üzvü hələ də həbsdədir.

Prezident iddia edir ki, CHP "korrupsiyaya bulaşıb" və onun "qolları Türkiyənin digər hissələrinə və xaricə uzanan bir "osminoq şəbəkəsi" var.

Lakin Human Rights Watch təşkilatından Emma Sinclair-Webb fərqli bir osminoq görür: hökumətin özünü.

Onun "hər yerə uzanan çoxsaylı qolları" var, deyə o bildirir.

"Hökumət tənqidçilərə və müxalifətə qarşı məqsədyönlü hücum həyata keçirir", - Emma Sinclair-Webb əlavə edir.

Prezident Ərdoğan CHP-ni "korrupsiyaya batmaqda" ittiham edib.

Şəklin mənbəyi, Ugur Yildirim/ dia images via Getty Images

Şəklin alt yazısı, Prezident Erdoğan CHP-ni "korrupsiyaya batmaqda" ittiham edib.

"Ədliyyə sisteminə tam etimad itkisi var. İnsanlar onu getdikcə daha çox siyasiləşmiş görürlər və həbslər tənqidçiləri susdurmaq üçün vasitə kimi istifadə olunur".

Hakimlər, prokurorlar və məhkəmə üzvləri isə "həmişə yuxarıdan göstəriş gözləyirlər", – deyə o bildirir.

Hökumət isə ədliyyənin müstəqil və qərəzsiz olduğunu iddia edir.

"O, sərt xarakterli, ağıllı adamdır"

İstanbulun bələdiyyə sədri Silivridə həbsdə qalmaqda davam edərkən, beynəlxalq ictimaiyyətin diqqəti başqa yerlərdədir, əsasən, İsrailin Qəzzadakı müharibəsi və Rusiyanın Ukraynadakı müharibəsində.

Analitiklərə görə, bu vəziyyət Prezident Erdoğana üstünlük verir.

O, həm Vladimir Putin, həm Volodimir Zelenski, həm də Trump ilə kifayət qədər yaxşı münasibətlərə malikdir.

Sabancı Universitetindən Berk Esen deyir:

"Belə mövqedə olan başqa lideri təsəvvür edə bilmirəm. Düşünürəm ki, beynəlxalq arenada o, özünü razılaşma əldə edən, masada oturan, əl sıxan oyunçu kimi göstərməyi sevir".

Recep Tayyip Erdoganın Trump ilə nisbətən yaxşı münasibətlərə malik olduğu deyilir.

Şəklin mənbəyi, Alex Wong/Getty Images

Şəklin alt yazısı, Recep Tayyip Erdoganın Trump ilə nisbətən yaxşı münasibətlərə malik olduğu deyilir.

Prezident Erdoğan müəyyən uğurlar da qazanıb – məsələn, 2022-ci ilin iyulunda Ukraynanın taxıl ixracını Qara dəniz vasitəsilə bərpa etməsi üçün razılaşmanın əldə olunmasına yardım edib.

Bu ixracat Rusiyanın beş ay əvvəlki işğalı səbəbindən dayandırılmışdı. Həmçinin bu il o, Kiyev və Moskva nümayəndələrinin 2022-ci ildən bəri ilk üzbəüz danışıqlarını təşkil edib.

"Hamı onun Rusiya və Ukrayna məsələsindəki rolunu tərifləyir. Qərb liderləri Avropanın müdafiəsini qurmaq üçün ona ümid edirlər. Trump isə [Erdoğanın daxildə nə etdiyinə] fikir vermir, buna görə də Erdoğan anlayır ki, bundan cəzasız çıxacaq", - deyə dr. Tol bildirir.

Onun sözlərinə görə, Trump-ın Ağ Evə qayıdışı "regional avtokratların özlərini daha güclü hiss etdikləri bir beynəlxalq mühit yaradıb".

Vaşinqton İnstitutundan Dr. Çagaptay deyir ki, Trump-ın daxili siyasətə yönəlməsi və iki liderin "xüsusi kimyası" Erdoğana daha sərbəst hərəkət etmək imkanı verir.

"Onu bəyənirəm və o da məni bəyənir. O, sərt xarakterlidir və çox ağıllıdır", - Trump Erdoğan haqqında belə deyib.

İstanbul Avropa və Asiyanı birləşdirir – bu qitələri Boğaziçi ayrır
Şəklin alt yazısı, İstanbul Avropa və Asiyanı birləşdirir – bu qitələri Boğaziçi ayrır

Erdoğan həm də geosiyasi baxımdan əlverişli mövqedədir. Türkiyənin ərazisi qismən Asiyada, qismən Avropada yerləşir, iki qitə arasında körpü rolunu oynayır.

O, başqa bir çox üstünlüklərə də malikdir, ən başlıcası qonşu Suriya üzərindəki təsiridir. O, orada qalib tərəfi dəstəklədi, dekabr ayında Prezident Bəşər əl-Əsədi devirmiş islamçı üsyançılara dəstək verdi.

Erdoğan, həmçinin NATO-da yeganə müsəlman ölkəsinə rəhbərlik edir, alyansdakı ikinci ən böyük orduya malikdir və əhalisi 85,6 milyon nəfərdir. Burada baş verənlər həm Şərq, həm Qərb üçün önəmlidir.

Vaşinqton İnstitutundan Dr. Çagaptay bildirir:

"Erdoğan dövründə Türkiyə öz çoxsaylı kimliklərini çox uğurla istifadə edir. Avropa İttifaqı ilə münasibətlərdə Türkiyənin orta səviyyəli güc siyasətindən çox yaxşı istifadə edildiyini düşünürəm… istər Suriyanı sabitləşdirmək, istərsə də atəşkəsdən sonra Ukraynanı stabilləşdirmək məsələsində olsun".

Səsvermənin müqəddəsliyi

Bəzi analitiklərə görə, Erdoğan güclü və imkanları geniş olsa da, bunun da bir həddi var.

İstanbul Kadir Has Universitetindən tarix və beynəlxalq münasibətlər professoru Onur İşıq bildirir ki, o, növbəti prezident seçkilərini ləğv etməyəcək.

"Tarixi olaraq, türk xalqı səsvermənin müqəddəsliyinə çox həssas olub və onu məhdudlaşdırmaq cəhdləri ciddi nəticələrə səbəb olar".

Türkiyədə seçkilər, adətən, səsvermə günü azad keçirilir, lakin əvvəldən ədalətli olduğunu deyə bilmərik.

Oyun sahəsi bərabər deyil. Əksər əsas media qurumları hökumət tərəfdarıdır. Hökumət tərəfdarı olmayanlar isə ciddi təzyiqlərə məruz qalır.

2023-cü il prezident seçkisində Erdoğan 52,18 faiz səs toplayaraq müxalif rəqibi Kamal Kılıçdaroğlunu (qırmızı qalstuklu) məğlub etdi.

Şəklin mənbəyi, Burak Kara/Getty Images

Şəklin alt yazısı, 2023-cü il prezident seçkisində Erdoğan 52,18 faiz səs toplayaraq müxalif rəqibi Kamal Kılıçdaroğlunu (qırmızı qalstuklu) məğlub etdi.

2023-cü ildəki son seçkilərdə Erdoğan çətinliklə hakimiyyətdə qaldı, müxalifətin namizədi Kamal Kılıçdaroğluna qarşı səsvermədə 52,18 faiz qazandı.

Son sorğular göstərir ki, növbəti seçkilərdə onu İmamoğlu məğlub edə bilər. Lakin bələdiyyə sədri hələ də həbsdədir, bir neçə müxtəlif məhkəmə prosesinə cəlb olunub və müxalifət ehtimal ki, fərqli namizəd seçməyə məcbur olacaq.

İki müddət Prezident olmuş 71 yaşlı Erdoğanın növbəti dəfə seçilməyi qadağandır, amma bu problemi erkən seçkilər çağırmaqla və ya yeni konstitusiya qəbul etməklə həll edə bilər.

May ayında o deyib:

"Mən yenidən seçilməkdə və ya vəzifəyə namizəd olmaqda maraqlı deyiləm".

Berk Esen isə fərqli düşünür:

"O, yaşadığı müddətcə prezident seçkilərinə qatılacaq".

Erdoğan Türkiyə

Şəklin mənbəyi, KEMAL ASLAN/AFP via Getty Images

Şəklin alt yazısı, Müxalifətin etirazlarına baxmayaraq, bir çox mühafizəkar seçici Erdoğanın AKP-sinə Türkiyə iqtisadiyyatını modernləşdirdiyi və dünyəvi respublikada İslamın rolunu artırdığı üçün səs verir.

Müasir Türkiyənin ən uzun müddət hakimiyyətdə olan lideri kimi, onun loyal tərəfdarları var və onu dəstəkləyirlər.

Bir çox mühafizəkar seçici onun Ədalət və İnkişaf Partiyası (AKP) vasitəsilə gətirdiyi inkişaflara və İslamın təşviqinə görə minnətdardır.

Son seçkilərdən əvvəl keçirilən prezident tərəfdarlarının mitinqində bu sadiqlik açıq-aydın görünürdü.

Bir tərəfdar, Ayşe Özdogan, liderinin hər sözünü eşitmək üçün erkəndən gedib onun yanında gəzirdi.

"Erdoğan mənim üçün hər şeydir, – deyə o, geniş bir təbəssümlə söyləyir. – Əvvəllər xəstəxanalara çata bilmirdik, indi nəqliyyatımız var. Yolları yaxşılaşdırıb. Məscidlər tikdirib".

Bəs bunun Türk demokratiyasına təsiri nədir?

"Demokratiya ciddi şəkildə zəifləyib, amma ölməyib. Çox canlı bir demokratiya var, demokratik prinsiplərə və seçkilərə bağlıdır", - deyə Emma Sinclair-Webb bildirir.

O, həmçinin deyir ki, müxalifət də çox möhkəmdir.

Soner Çagaptay iti bıçaqla ət doğrayan dönərçini misal çəkir.

"Mənə görə, bu, Erdoğan dövründəki türk demokrasiyası kimidir. O, son 20 ildə çox nazik-nazik dilimlər kəsib və çox az ət qalıb".

Amma o əlavə edir ki, Erdoğan dövründən dərs götürmək olar: "Bir demokratiyanı öldürmək uzun çəkir".

Rəsmi cavab üçün prezidentin kommunikasiya ofisi ilə əlaqə saxladıq, amma cavab ala bilmədik.

Türkiyə Xarici İşlər Nazirliyinin Birləşmiş Millətlər İnsan Haqları Şurasına təqdim etdiyi hesabatda bildirilir ki, Türkiyə "insan haqlarını qorumaq və təşviq etmək üçün möhkəm mövqe tutub… və hüquqda beynəlxalq standartlara daha çox uyğunluq üçün səylərini davam etdirib".

Hesabatda əlavə olunur ki, ölkə "vətəndaş cəmiyyətinə, o cümlədən insan haqları müdafiəçilərinə əlverişli şərait yaratmaq üçün əlindən gələni edir".

Bu isə Silivridəki həbsxana divarları arasında boş söz kimi səslənə bilər.