Paşinyan: “Qarabağ” və “Qərbi Azərbaycan” mövzularına dəyməyək

Videonun alt yazısı, Paşinyan: “Qarabağ” və “Qərbi Azərbaycan” mövzularına dəyməyək
Paşinyan: “Qarabağ” və “Qərbi Azərbaycan” mövzularına dəyməyək

Ermənistan Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ və "Qərbi Azərbaycan" ifadələrindən uzaq durmağı təklif edir. O, Almaniyaya səfəri zamanı jurnalistlərə belə deyib:

"Mən artıq demişəm ki, bu qayıdış mövzusu çox təhlükəli mövzudur. Mən "Qarabağa qayıtmalıyıq" deyən adamlarımıza da demişəm ki, bu, realistik deyil".

Ermənistanın baş naziri bunun səbəbini belə izah edib:

"Çünki bizim geri dönmək gündəliyini davam etdirməyimiz, yenidən Qarabağ hərəkatını başlamaq deməkdir. Mən demişəm ki, Qarabağ hərəkatını davam etdirmək lazım deyil. Qarabağ hərəkatı bitib, və yenidən başlamaq cəhdləri faydaızdır.

Nikol Paşinyan Azərbaycanda tez-tez işlədilən "Qərbi Azərbaycan" ifadəsinə də toxunub:

"Digər tərəfdən, Ermənistanda da görürlər ki, Azərbaycan daima anlaşılmaz "Qərbi Azərbaycan" ifadəsini işlədir. İndi bundan baş çıxartmaq lazımdır: hansı hansının nəticəsidir – səbəb hansı, nəticə hansıdır".

Onun bu məsələylə bağlı təklifi var: "... gəlin oturub yol xəritəsi hazırlayaq, görək bu problemi necə aradan qaldıra bilərik. Çünki bu problemin aradan qaldırılması uzunmüddətli strateji mənada istənilən münaqişə vəziyyətinə tamamilə son qoymaq deməkdir".

Rəsmi Bakı Paşinyanın bu təklifini hələ şərh etməyib.

Amma bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliynin sözçüsü Ayxan Hacızadə bildirib ki, Qərbi Azərbaycan İcmasına dair istinadlar ərazi iddiaları kimi qəbul edilməməlidir.