İranda məcburi hicab yenə müzakirə edilir

Videonun alt yazısı,
İranda məcburi hicab yenə müzakirə edilir

İranın ali dini lideri Ayətullah Əli Xameneyi deyib ki, hicab geyinən qadınlar daha çox inkişaf edir:

"İslam Respublikasında hicab geyinən, islami geyimə hörmət edən müsəlman qadının bütün sahələrdə digərlərindən daha çox inkişaf etdiyi, həm evində, həm də cəmiyyətdə aktiv rol oynadığı nümayiş etdirilib".

O bu sözləri ölkədə məcburi hicab barədə müzakirələrin davam etdiyi vaxtda deyib.

Bundan əvvəl mühafizəkar deputatlar məhkəmə sistemini məcburi hicab qanununu lazımi şəkildə tətbiq etməməkdə günahlandırıb.

Həmçinin məlum olub ki, Kəşfiyyat Nazirliyi Ayətullah Əli Xameneyi üçün hicabla bağlı gizli hesabat hazırlayıb.

Hökumətin informasiya şurasının rəhbəri təsdiqləyib ki, dini lider hökumətə "mədəni və sosial məsələlər" barədə təlimat verib.

Bundan əlavə ölkədə məcburi hicab siyasətini dəstəkləyənlər nümayiş keçirib və sərt qaydalar istəyiblər.

İranda son dövrlərdə daha çox qadın hicab taxmaqdan imtina edir – bu daha çox böyük şəhərlərdə baş verir.

Bu il Prezident Məsud Pezeşkian administrasiyası hicabdan imtina edənlər üçün kəskin cərimə nəzərdə tutan qanunu dərc etməkdən imtina edib.