You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Avropa məcburi əsgərliyi bərpamı edir?
Avropada məcburi hərbi xidmətə qayıtmağa işarə verən ölkələr siyahısında artıq Polşa da var.
Polşanın Baş naziri Donald Tusk keçən ay açıqlayıb ki, əsgərliyi kişilər üçün məcburi edəcək bir plan üzərində işləyirlər.
Rusiyanın 1,3 milyon, Ukraynanın isə 800 min hərbçisi olduğunu deyən Tusk bildirib ki, ölkəsindəki 200 min civarında olan əsgər sayını 500 minə çatdırmaq istəyirlər.
Digər tərəfdən, məcburi hərbi xidmətin həyata keçirildiyi Rusiya bu ilki yaz çağırışında 160 min nəfəri orduya çağıraraq hərbi xidmətə cəlb edilmə istiqamətində 2011-ci ildən bəri ən böyük ilk addımı atıb.
"İstəyirik ki, müharibə vəziyyəti yaranarsa, Polşadakı bütün kişilər bu sahədə təlim keçmiş olsun və ehtiyatda olan hərbi gücümüz potensial təhlükələrlə üzləşmək üçün kifayət etsin", - Polşa lideri Tusk deyib.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi bəzi Avropa ölkələrinin hərbi çağırışa baxışını dəyişib.
Xüsusilə coğrafi baxımdan Rusiyaya daha yaxın olan ölkələr mümkün müharibəyə qarşı ordularını gücləndirmək istəyirlər.
Bunlardan biri də Rusiya ilə həmsərhəd olan Latviyadır. 2006-cı ildə məcburi hərbi xidməti ləğv etmiş bu Baltikyanı ölkə 2023-cü ildən etibarən, kişilər üçün 11 aylıq məcburi əsgərlik başladıb. Qadınlar könüllü olaraq hərbi xidmətə gedə bilərlər.
Latviyanın Baş naziri Edgars Rinkevics martın 9-da bildirib ki, bir çox Avropa ölkəsi də eyni addımı atmalı olacaq.
Latviyanın 2 il əvvəl atdığı bu addımdan sonra, Rusiya ilə qonşuluqda məcburi hərbi xidməti həyata keçirməyən yeganə Avropa ölkəsi Polşa qalıb. İki ölkənin Kalininqradda kiçik sərhədi var.
Polşa lideri Tusk-ın planı işə düşsə, Rusiyanın bütün Avropa qonşuları gələn ilə qədər məcburi hərbi xidmət modelini bərpa etmiş olacaq.
Qərbi Avropada bir çox ölkə İkinci Dünya müharibəsindən və ya "Soyuq müharibə"dən sonra məcburi hərbi xidmət çağırışını ləğv edib.
Lakin qitədə bu modeldən əl çəkməyən ölkələr də var.
Bu ölkələrə əlavə olaraq, son illərdə Ukrayna, Litva, İsveç və Latviya da məcburi əsgərliyi bərpa edib.
"Nəsildə bir dəfə olan dəyişiklik"
"Biz ABŞ-ın Avropaya verdiyi təhlükəsizlik zəmanətlərini geri götürdüyünü və Trump-ın Ukraynanın yerinə, Rusiya ilə ittifaq qurduğunu görürük", - Böyük Britaniyanın keçmiş müdafiə naziri Tobias Ellwood BBC-yə deyib.
"Buna görə də Avropada daha böyük hərbi münaqişə riski var. Bu da nəsildə bir dəfə olan müdafiə dəyişikliyi tələb edir", - o əlavə edib.
Lakin ABŞ-da mənzillənən Karnegi Beynəlxalq Sülh Fondunun (Carnegie Endowment for International Peace) əməkdaşı Sophia Besch və Katrine Westgaard-ın fikrincə, məcburi hərbi xidmətə çağırışın həm də böyük maliyyə yükü var.
Bu yük çoxlu insanı yatacaqla, qidayla təmin etməkdən, həm də insanlar karyeralarına fasilə verdikləri zaman bunun iqtisadiyyata təsirindən qaynaqlanır.
Digər tərəfdən, ekspertlər bildirirlər ki, Danimarka, İsveç və Litva kimi bəzi ölkələr əsgərlərə peşə təhsili, hərbi xidmət zamanı maaş və sonradan məşğulluq imkanları təklifləriylə hərbi xidməti daha cəlbedici etməyə və onun iqtisadi təsirlərini tarazlaşdırmağa çalışırlar.
Onlar, həmçinin bildirirlər ki, Estoniyada informasiya texnologiyaları (İT) sahəsində çalışanlar orduda da eyni sahəyə cəlb edilirlər və bu da onların karyeralarına yeni bacarıqlarla qayıtmasına səbəb olur.
Aİ vətəndaşları işğal olunsa belə, ölkələrini müdafiə etmək istəmirlər
Ekspertlər əlavə edirlər ki, hər bir ölkənin vəziyyəti və ehtiyacları fərqli olduğundan, bu məsələdə bütün ölkələrə uyğun formul yoxdur və hər ölkə öz həllini yaratmalıdır.
Yenə də Avropada məcburi hərbi xidmətə çağırış ideyası populyar deyil.
İtaliya, Avstriya və Almaniya vətəndaşları təkcə Avropa İttifaqında (Aİ) deyil, bütün dünyada ölkələrinə təcavüz edilərsə, döyüşməkdən ən çox çəkinənlərdir.
Qadınlar üçün də məcburi hərbi xidmət
İsveç və Norveçdə hərbi xidmət qadınlar üçün də məcburidir.
Bəzi ölkələrdə onlar könüllü olaraq orduya gedə bilirlər.
Həmçinin 2026-cı ildən Danimarkada, 2028-ci ildən isə Latviyada qadınlar üçün hərbi xidmətin məcburi olması planlaşdırılır.
Hərbi xidmətin məcburi olduğu Avropa ölkələrində dini, siyasi və ya mənəvi səbəblərə görə hərbi xidmət keçmək istəməyənlər üçün vicdani etiraz hüququ tanınır. Azərbaycan və Türkiyə istisnadır.