Piyada Azərbaycandan keçərək Vyetnama gedən üçlük

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

"Biz piyada səyahət edirik, bəli. Hər gün təxminən 30km addımlayırıq. Günün axırı ya çadır qururuq, ya da otel axtarırıq. Hər üç-dörd gündən bir istirahət edirik, daha sonra isə yolumuza davam edirik. Həmişə ayaqla".

Luke, Sophie və itləri Belle Vyetnama piyada səyahət edirlər. Luke İngiltərədən başlayıb, Avropanı aşıb Türkiyə keçib. Burada isə ona Sophie qoşulub.

Daha sonra isə cütlük Azərbaycana daxil olub.

"Yolunuzun üstündə Azərbaycan da var. Gürcüstandan Azərbaycana necə daxil ola bildinizʔ Quru sərhədlər bağlıdır axı", onlardan soruşuram.

"Biz Tbilisidən Azərbaycanla sərhədə qədər piyada yeridik. Sonra taksiyə minib aeroporta getdik, oradan Bakıya uçduq. Bakıdan isə taksi ilə Gürcüstanla sərhədin həmin hissəsinə getdik. Təxminən 10 metr piyada məsafəsini itirmiş olduq. Amma başqa çarəmiz yox idi", Luke cavab verir.

Onlar Qazax, Gəncə, Yevlax və bir sıra başqa rayon və şəhərlərdən keçərək Ələtə qədər piyada yeriyiblər.

Bu səyahətdə onları Belle adlı it də müşayiət edir.

"Biz onunla Gürcüstanda rastlaşmışıq. Onu bir polis maşını vurub qaçmışdı. Onu veterinara apardıq, əməliyyat olundu. Ailəmizin bir üzvünə çevrildi, təsadüf nəticəsində", Luke deyir.

Azərbaycanda səyahət macərasız ötüşməyib. Onlara Bakıda sahibsiz pişik hücum edib, Bundan başqa Sophie yolda maşın vurmuş quşu xilas edib.

"Belle-lə gəzirdik. Bakıda çoxlu küçə pişikləri var. Onlardan biri qəfildən Belle-ə hücum etdi. Pişiyi uzaqlaşdırmaq istəyəndə mənə cırmaq atdı", Sophie xatırlayır.

Müsahibəmiz zamanı yoldan keçən bir maşın onlara salam verir.

Onlardan soruşuramn ki, Azərbaycanda yerli sakinlərin sizə münasibəti necə olubʔ

"Bizə xoş münasibət göstərirlər. Xüsusilə keçdiyimiz bir qəsəbədə bizə çay təklif edirdilər, soruşurdular, yemək istəyirisinizʔ Onlar üçün biz maraqlı gəlirik. Türkiyədə olduğum üçün, hər iki ölkədəki qonaqpərvərlik arasında çoxlu oxşarlıqlarlar görürəm. Onlar deyirlər ki, qardaşdırlar, bunu əminliklə görmək olar", Sophie cavab verir.

Azərbaycandan sonra onlar Qazaxıstan, Özbəkistan, Əfqanıstan, Pakistan, Hindistan, Banqladeş və bir neçə başqa ölkəni keçərək Vyetnama getməlidirlər.

Luke deyir ki, bir il əvvəl bu səyahətə başlayanda bu qədər çətin olacağını gözləmirmiş.

"Mən bunu özüm üçün etmək istəyirəm. Axırda ürəkdən deyə bilim ki, bacardıq", Luke izah edir.