Diş fırçanız bakteriya yuvasıdır: Onu nə vaxt dəyişməli, hamamda harada saxlamalısınız?

    • Müəllif, Richard Gray
    • Vəzifə, BBC Future

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Diş fırçanız əslində mikroskopik ölçüdə, iyrənc sayılacaq qədər canlılarla dolu bir ekosistemdir.

Fırçanızın köhnəlmiş tüklərini, suyun altında qaldıqca milyonlarla orqanizmə ev sahibliyi edən bir meşəyə bənzətmək olar.

Hazırda diş fırçanızda 1 ilə 12 milyon arasında bakteriya və göbələk ola bilər. Bu orqanizmlər yüzlərlə fərqli növə aiddir və saysız-hesabsız viruslarla birlikdə yaşayırlar.

Onlar fırçanın səthində bioloji bir təbəqə əmələ gətirir və ya köhnəlmiş tüklərin çatlarına sızırlar.

Ağızdan gələn su, tüpürcək, dəri hüceyrələri və yemək qalıqları bu mikroblara yaşamaq üçün lazım olan bütün qidaları təmin edir.

Bəzən yaxınlıqdakı tualetin su çəkilməsi zamanı havaya yayılan və ya açıq pəncərədən gələn mikroorqanizmlər də bu "icmaya" qoşulur.

Və siz, gündə iki dəfə bu "qarışığı" ağzınıza salıb gözəlcə qarışdırırsınız.

Bəs, diş fırçanız əslində nə qədər təmizdir? Bu barədə narahat olmalısınızmı?

Bu sual illərdir diş həkimlərini və həkimləri maraqlandırır. Onlar diş fırçalarımızda nə cür canlılar yaşadığını, bu mikrobların nə dərəcədə təhlükəli olduğunu və fırçalarımızı necə təmizləməli olduğumuzu araşdırırlar.

Mikroblar haradan gəlir?

Almaniyadakı Rhine-Waal Tətbiqi Elmlər Universitetindən mikrobioloq Mark-Kevin Zinn diş fırçalarındakı mikrobların mənbəyini üç qrupa bölür:

Zinn bunları fırçanın sahibinin ağzı, dərisi və fırçanın yerləşdiyi mühit kimi sıralayır.

Lakin o bildirir ki, diş fırçası hələ ilk dəfə istifadə edilməmişdən əvvəl belə onun üzərində mikroblar ola bilər. Mütəxəssislər birdən çox diş fırçasını eyni yerə qoyarkən, onların bir-birinə toxunmamasını tövsiyə edirlər.

Braziliyadakı mağazalardan alınan 40 yeni diş fırçasının araşdırıldığı bir tədqiqatda onların yarısının artıq müxtəlif bakteriyalarla çirklənmiş olduğu müəyyən edilib.

Xoşbəxtlikdən, diş fırçalarımızda yaşayan mikrobların çoxu zərərsizdir. Onların böyük bir hissəsi təxmin ediləcəyi kimi – ağzımızdan gəlir.

Diş fırçasını ağzımıza hər saldığımızda, onun tükləri normalda ağızda mövcud olan və adətən zərərsiz sayılan Rothia dentocariosa, Streptococcaceae mitis və Actinomyces kimi bakteriyaları süpürüb özünə toplayır.

Diş fırçasının tüklərinə yapışa bilən bu bakteriyaların bəziləri hətta faydalıdır – bəziləri diş çürüməsinə səbəb olan zərərli bakteriyalara qarşı bizi qoruyur.

Ancaq aralarında zərər verə biləcək "qonaqlar" da var.

Zərərli bakteriyalar

Braziliyadakı San Paulo Universitetindən stomatologiya professoru Vinisius Pedrazzi belə deyir:

"Ən vacibləri diş çürüməsinə səbəb olan Streptococcus və Staphylococcus növləridir."

Bu bakteriyalar həmçinin diş ətində iltihaba gətirib çıxaran parodontal xəstəliklərə səbəb ola bilər.

İstifadə olunmuş diş fırçalarında həmçinin mədə infeksiyaları və qida zəhərlənməsi ilə əlaqəli Escherichia koli, Pseudomonas aeruginosa və Enterobacteria kimi bakteriyalar da aşkarlanıb.

Bundan başqa, xəstəxana infeksiyalarının əsas səbəblərindən biri olan Klebsiella pneumoniae və ağızda göbələk yaradan Candida mayaları da fırçalarda tapılıb.

Bu mikroblar diş fırçasına yumaq üçün istifadə olunan sudan, əllərdən və ya ətraf mühitdən keçə bilər. O mühit isə çox güman ki, hamamımızdır.

Hamamın havası isti və rütubətli olduğu üçün, havada asılı qalan mikroskopik su damcıları (aerozollar) vasitəsilə bakteriya və virusların yayılması üçün ideal şərait yaranır.

Zinn deyir ki, "bu da hamamda saxlanan diş fırçalarını xüsusilə çirklənməyə meyilli edir."

Əksərimizin hamamında tualet də olur – və məhz burada vəziyyət bir qədər iyrənc hala gəlir.

Tualet buludu

Hər dəfə sifonu çəkdiyinizdə, su və nəcisdən ibarət kiçik damcılar təxminən 1,5 metr hündürlüyə qədər sıçrayaraq havaya qarışır.

Bu aerozol bənzəri bulud, qrip, Covid-19 və norovirus kimi xəstəliklərə səbəb olan bakteriya və virusları daşıya bilər.

Əgər diş fırçanızı tualetə yaxın yerdə saxlayırsınızsa, unitazın içindəkilər fırçanın tüklərinə yerləşə bilər.

İnfeksiya riski adətən sifonu çəkərkən mikrobların birbaşa nəfəsə daxil olması ilə bağlı olsa da, növbəti dəfə sifonu çəkməzdən əvvəl unitazın qapağını bağlamağı düşünmək faydalı olar.

Ortaq istifadə olunan hamamlarda isə problem daha da böyüyür.

Bir universitetdə aparılan araşdırmaya görə, ortaq hamamlardan istifadə edən tələbələrin diş fırçalarının 60%-i nəcisdən qaynaqlanan bakteriyalarla çirklənmişdi və mikrobların birinin fırçasından digərinə keçdiyi müəyyənləşmişdi.

Bununla belə, ABŞ-ın İllinoys ştatındakı Northwestern Universitetindən ətraf mühit mikrobiologiyası üzrə mütəxəssis Erika Hartmann, "tualet buludunun" sanıldığı qədər təhlükəli olmadığını düşünür.

O bildirir ki, İllinoysda əhalidən toplanan 34 diş fırçası üzərində aparılan tədqiqatda gözləniləndən xeyli az nəcis mənşəli bakteriya aşkarlanıb.

Bağırsaq mikroblarının çoxunun havada uzun müddət yaşaya bilmədiyini göstərən tədqiqatlara diqqət çəkən Hartmann deyir:

"Məncə, insanların çoxu diş fırçasına görə xəstələnmir."

Yenə də bəzi araşdırmalar göstərir ki, qrip və koronaviruslar diş fırçalarında bir neçə saat, herpes (uçuq) virusu isə 48 saata qədər yaşaya bilir.

Bu da xəstəliklərin ötürülməsi üçün bir yol yarada bilər.

Buna görə də səhiyyə orqanları diş fırçalarının paylaşılmamasını tövsiyə edir. Diş fırçalarında tapılan bakteriyaların çoxunun mənbəyi ağzımızdır.

Bundan başqa, bir neçə fırça eyni yerdə saxlanırsa, onların tüklərinin bir-birinə toxunmaması tövsiyə olunur.

Lakin Hartman, birlikdə yaşayan insanlar üçün bunun çox da böyük bir narahatlıq doğurmadığını bildirir:

"Birlikdə yaşayan insanların ağız mikrobları onsuz da bir-birinə çox bənzəyir. Məncə bu vəziyyət, fırçaların bir-birinə yaxın dayanması kimi dolayı yolla deyil, daha çox öpüşmək və ya birlikdə yaşamaq kimi birbaşa əlaqələr nəticəsində izah oluna bilər."

Hətta it sahiblərinin belə ev heyvanları ilə bir çox mikrobu paylaşdığı məlumdur.

Hartmann və komandası həmçinin aşkar edib ki, diş fırçaları bakteriyaları yoluxduran, lakin insanlara zərər verməyən bakteriofaq virusları baxımından da zəngindir.

Bu viruslar zərərli bakteriyaların sayını nəzarətdə saxlamağa kömək edə bilər.

Nə qədər risk var?

Zinn-in fikrincə, əksər hallarda patogenlərin yaratdığı risk olduqca aşağıdır.

Ancaq immun sistemi zəif olan insanlarda infeksiya riski arta bilər.

Zinn və digər alimlərin apardığı DNA analizləri, bəzi bakteriyaların antibiotikə davamlılıq genləri daşıdığını göstərir.

Belə bakteriyalar infeksiya yaratdıqda, onların müalicəsi daha çətin olur.

Lakin Zinn bildirir ki, bu genlər "nisbətən aşağı səviyyələrdə" mövcuddur və ictimai sağlamlıq baxımından "orta səviyyəli risk" yaradır.

İtaliyada tələbələr üzərində aparılan başqa bir araşdırmada isə 50 diş fırçasının hamısında çoxsaylı antibiotik müqavimətinə malik bakteriyalar aşkar edilib.

Bəzi diş fırçaları mikrobları nəzarət altında saxlamaq məqsədilə antimikrob örtüklərlə satılır.

Lakin çoxlu araşdırmalar göstərir ki, bu örtüklər bakteriyaların sayını azaltmaqda təsirli deyil, əksinə, müqavimətli növlərin artmasına səbəb ola bilər.

Əslində, diş fırçanızı istifadə etdikdən sonra otaq temperaturunda dik vəziyyətdə açıq şəkildə qurumağa buraxmaq, üzərindəki mikrobları azaltmağın ən sadə yollarından biridir.

Çünki, məsələn, qrip və koronavirus kimi bir çox virus quruduqca parçalanır. Diş çürüməsinə səbəb olan Streptococcus mutans bakteriyaları fırça tüklərində 8 saata qədər canlı qala bilər, lakin 12 saatdan sonra ölməyə başlayır.

Amerika Diş Həkimləri Assosiasiyası (ADA) və ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC), fırça başlıqlarını qapaqlı saxlamağı və ya bağlanmış qutularda tutmağı məsləhət görmür.

Çünki bu, mikrobların çoxalmasını təşviq edə bilər.

Diş fırçası necə təmizlənməlidir?

Fırçaları sterilizasiya etməyin saysız-hesabsız üsulları var: ultrabənövşəyi işıq, qabyuyan maşın, hətta mikrodalğalı soba kimi.

Lakin məsələn, fenlə qurulamaq və ya bir stəkan viskidə gözlətmək kimi bəzi üsullar işləmir.

Mikrodalğalı soba adətən ən təsirli üsul kimi göstərilir, amma bu üsul fırça tüklərini əridə və ya zədələyə bilər.

İstifadə etdiyiniz diş pastası adətən antimikrob xüsusiyyətlərə malikdir və fırçadakı mikrobların sayını azalda bilər.

Sadəcə su ilə yumaq isə mikrobların yalnız bir qismini təmizləyir, bir çox bakteriya isə yapışmağa və çoxalmağa davam edir.

Bəzi tədqiqatçılar bildirir ki, 1%-lik sirkə məhlulu bakteriyaları azaltmaq üçün ən təsirli üsullardan biridir, lakin bu, fırçanı yenidən istifadə etdikdə xoşagəlməz dad buraxa bilər.

Fırçanı 0,12%-lik xlorheksidin və ya 0,05%-lik setilpiridinyum xlor tərkibli ağız yaxalayıcılarında 5–10 dəqiqə gözlətmək təsirli dezinfeksiya üsulu kimi tövsiyə olunur.

Köhnəlmiş və aşınmış fırça tükləri bakteriyaların yerləşməsi üçün daha çox səth və nəm yaradır.

Buna görə də, Amerika Diş Həkimləri Assosiasiyası diş fırçalarının hər üç aydan bir dəyişdirilməsini tövsiyə edir.

İmmuniteti zəif olan şəxslərdə isə bu müddət daha qısa olmalıdır.

Zinn-in araşdırmaları da göstərir ki, bakteriyaların fırça üzərindəki səviyyəsi təxminən 12 həftəlik istifadədən sonra ən yüksək nöqtəyə çatır

Bəzi tədqiqatçılar tamamilə fərqli bir yanaşma - faydalı bakteriyaları dəstəkləyən diş məcunları üzərində işləyirlər.

Bu "probiotik diş məcunları" ağız sağlamlığı üçün faydalı olduğu bilinən spesifik bakteriyaların böyüməsini stimullaşdırmağı hədəfləyir.

Məsələn, Streptococcus salivarius zərərli bakteriyaları yatıra və lövhə əmələ gəlməsini azalda bilər.

Yeni Zelandiyadakı bir şirkət bu bakteriyanı ehtiva edən diş məcunu üzərində işləyir.

Başqa bir ştamm olan Limosilactobacillus reuteri, Streptococcus mutans ilə rəqabət apararaq diş çürüməsindən qoruya bilər.

"Probiotik örtüklər və ya bioloji cəhətdən aktiv tük materialları kimi konsepsiyalar diş fırçalarında sağlam mikrob balansını təşviq etmək, onları risk deyil, qoruma təklif edən vasitələrə çevirmək üçün innovativ yollar təklif edə bilər", Zinn deyir.

Lakin o, əlavə edir ki, bu sahədə hələ çox araşdırma aparılmalıdır.

İndi isə hamamdakı fırçanıza yenidən baxmaq istəyə bilərsiniz. Onu dəyişdirməyin vaxtı gələ bilər.

Yoxsa sadəcə... fırçanızı tualetdən bir az uzaqda qoymalısınız?