You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Ermənistan parlamentinin sədri: “Yerevanla Bakı arasında 3-4 müddəa üzrə fikir ayrılığı var”
Azərbaycan-Ermənistan sülh sazişi ilə bağlı “Bakı ilə Yerevan arasında konsensus əldə olunub”, Ermənistan parlamentinin spikeri Alen Simonyan çərşənbə axşamı keçirdiyi brifinqdə deyib.
Simonyan əlavə edib ki, Yerevanla Bakı arasında 3-4 müddəa üzrə fikir ayrılığı mövcuddur, lakin onların nədən ibarət olduğunu açıqlamayıb.
”Mən onları səsləndirə bilmərəm, çünki prosesə mane olar. Lakin onu deyə bilərəm ki, bu, [müddəalar] qəbul olunmuş beynəlxalq prinsiplərə uyğundur. Məsələn, bunlar bizim bəzi ölkələrlə sülh müqavilələrində də qeyd olunur. Bu, ümumi müddəalardır“, - spiker deyib.
Eyni zamanda Simonyan qeyd edib ki, Yerevan bu sənədə gələcəkdə Ermənistanın dövlətçiliyi, suverenliyi və ərazi bütövlüyünü təhdid edə biləcək “minalar” daxil edilməsinə qarşıdır. Onun sözlərinə görə, sülh sazişində “Dağlıq Qarabağ problemi” ilə bağlı hər hansı müddəa olmamalıdır.
Spikerin sözlərinə görə, bu o demək deyil ki, onlar Qarabağ ermənilərinin maraqları və hüquqlarının müdafiəsindən imtina edirlər.
Simonyan sülh müqaviləsinə dair Ermənistan tərəfinin Azərbaycana təqdim etdiyi təkliflərə rəsmi Bakının reaksiyasına bələd olmadığını deyib.
Daha əvvəl, Ermənistan hökumətinin 16 fevral tarixli iclasında Baş nazir Nikol Paşinyan bəyan etmişdi ki, Yerevan Bakı ilə sülh müqaviləsi üzərində növbəti mərhələni bitirib və öz təkliflərini Azərbaycan tərəfinə göndərib.
Paşinyanın sözlərinə görə, söhbət bütöv müqavilənin layihəsindən gedir və sənəd, həmçinin ATƏT-in Minsk qrupu həmsədr ölkələrinə göndərilib.
Rəsmi Bakı Qarabağda yaşayan ermənilərə hər hansı müstəqillik verilməyəcəyini bəyan edib və onlara Azərbaycan vətəndaşlığını qəbul etməyi təklif edib.
Çərşənbə axçamı rusiyalı həmkarı Sergey Lavrovla birgə Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycan xarici işlə naziri Ceyhun Bayramov deyib ki, onlar hazırda danışıqlarla bağlı şərhlər göndərirlər və o bunu “onlayn diplomatya” adlandırır.
Amma nazir hesab edir ki, son 6 ayda müəyyən irəliləyiş var, lakin onların fikrincə, “yanaşmalar nəticəyönümlü olsaydı, həmçinin müxtəlif növ xoşagəlməz sürprizlərlə qarşılaşma ehtimalı az olsaydı, daha yaxşı nəticə əldə edilə bilərdi”.
“Moskva başqa ölkələrin təşəbbüslərinə hədsiz emosional və əsəbi yanaşır”
Alen Simonyan deyib ki, Moskva Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə danışıqlarda başqa ölkələrin təşəbbüslərinə “hədsiz emosional və əsəbi yanaşır”.
“Əlbəttə, Rusiya bu danışıqlarda öz rolunu anlayır. O, kənarda qala bilməz. Çünki, hər necə olsa da, orada (Qarabağda -BBC.) Rusiya sülhməramlıları dayanır. Lakin, eyni zamanda hər hansı tərəfin müsbət bir iş görmək cəhdinə Moskvanın əsəbi reaksiyalarını yersiz hesab edirəm. Onlar hədsiz emosionaldır”, - Ermənistan parlamentinin spikeri deyib.
Moskva Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında Qərbin – ABŞ və Avropa İttifaqının – iştirakına tənqidi yanaşır.
Fevralın18-də Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı günlərində ABŞ dövlət katibi Antony Blinken-in iştirakı ilə üçtərəfli görüşməsindən sonra Rusiya XİN-in sözçüsü Mariya Zaxarova “ABŞ başda olmaqla, Qərbi” Azərbaycan-Ermənistan tənzimlənməsini əngəlləməkdə ittiham edib.
“Kimsə Azəbaycan-Ermənistan tənzimlənməsini pozubdursa, bu, ABŞ başda olmaqla, Qərb ölkələridir. ATƏT-in Minsk qrupu formatı 2022-ci il fevralında amerikalı və fransalı həmsədrlər tərəfindən uydurma bəhanələrlə tarixin zibilliyinə göndərilib. Fakt budur”, - Zaxarova növbəti brifinqlərin birində deyib.
Eyni zamanda Ermənistan parlamentinin spikeri Alen Simonyan birifinqdə əlavə edib ki, əgər Rusiya Azərbaycanla Ermənistan arasında münaqişəni başqa yolla həll edə bilərsə, Yerevan bunu yalnız alqışlayar.
Rəsmi Yerevan sülh sazişi üzərində işlərin növbəti mərhələsini başa vuraraq öz təkliflərini Bakıya təqdim etdiyini bildirib.
Fevralın 27-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakı ilə Yerevanın sülh sazişi üzrə danışıqlara dair onlayn formatda təkliflərlə bağlı fikir mübadiləsi apardıqlarını deyib.
Simonyan hesab edir ki, Rusiyanın reaksiyası daha təmkinli və sakit olmalıdır.
Onun sözlərinə görə, Moskvada “anlamalıdırlar ki, Ermənistanın da geosiyasi vəziyyətə və kimlərinsə istəyi və qısqanclığına rəğmən” öz maraqları var və öz təhlükəsizliyini təmin etməlidir.
Onun fikrincə, Rusiya etiraf etməlidir ki, o, Ermənistanın təhlükəsizlik məsələlərini həll edə bilmir.
“Lakin məsələ ondadır ki, Ermənistanın təhlükəsizliyi və ərazi bütövlüyünün zamini onlar olmalıdır. Gəlin, necə deyərlər, əyri oturaq, düz danışaq, - deyə Simonyan Ermənistanda Rusiya hərbi bazasının yerləşdiyini xatırladaraq əlavə edib - bizim bütün müqavilələrimiz buna yönəlib”.
“Bəs siz [Rusiya] haradasınız? Niyə iştirak etmirsiniz? Əgər bacarmırsınız, açıq bəyan edin və bəlkə birlikdə oturub bir qərar verərik. Lakin biz görürük ki, bu baş vermir”, - Simonyan bildirib
“Laçın dəhlizinin blokadası... Azərbaycana zərər vurub”
Laçın dəhlizinə dair Beynəlxalq Ədalət Məhkəməsinin ötən həftə verdiyi qərarla bağlı sualı cavablandıran Alen Simonyan deyib ki, erməni tərəfi bundan beynəlxalq səhnələrdə maksimum istifadə edəcək.
BMT Beynəlxalq Məhkəməsi fevralın 22-də Ermənistanın Azərbaycana qarşı müvəqqəti tədbir tətbiq etmək barəsində vəsatətini təmin edərək Azərbaycandan iş üzrə qəti qərar çıxanadək, Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələri və yüklərin maneəsiz hərəkətinin təminatını tələb edib.
Ermənistan parlamentinin sədri bu qərarı Yerevanın müvəffəqiyyəti kimi qiymətləndirir.
“Laçın dəhlizinin blokadası siyasi baxımdan Ermənistan və Artsaxdan daha çox Azərbaycana zərər vurub. Bəli, biz əziyyət çəkmişik, bəli, ağır narahatlıq yaşayırıq, soydaşlarımız təcrid olunub, çoxlu problemlərimiz var, lakin siyasi mənada Azərbaycan çıxmaz vəziyyətə düşüb”, - o deyib.
2022-ci il dekabrın 12-dən bəri bəzi azərbaycanlı fəal ekoloji tələblərlə Qarabağda yaşayan erməniləri Ermənistanla və xarici aləmlə birləşdirən yeganə Laçın yolunda fasiləsiz aksiya keçirir.
Separatçı Dağlıq Qarabağ Respublikası “rəhbərliyi” bildirib ki, bu aksiya nəticəsində yol bağlanıb və Qarabağ ermənilərinin zəruri tələbat mallarına, ərzaq və tibbi ləvazimatla təchizatı dayanıb, bölgə humanitar böhranla üzləşib.
Laçın dəhlizinin açılmasına dair danışıqlara gəldikdə, Alen Simonyanın sözlərinə görə, Laçın dəhlizi ilə bağlı məsələlər 2020-ci 9 noyabr tarixli üçtərəfli bəyanat əsasında tənzimlənir, “Azərbaycan tərəfi ilə danışıqları isə Dağlıq Qarabağ rəhbərliyi aparır”.
“Mən şadam ki, biz tədricən Artsaxın özünün danışıqlar aparması və özünün qərarlar qəbul etməsi məqamına yaxınlaşırıq”, - o qeyd edib.
Rəsmi Yerevan Laçın dəhlizi üzrə hərəkətin təmin edilməsi üçün öhdəliyin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına əsasən, Azərbaycan və Rusiyanın üzərinə düşdüyünü bildirir.
Rəsmi Bakı yolun bağlı olmadığını və dəhlizdən Rusiya sülhməramlı kontingentin və Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarının istifadə etdiyini, eləcə də mülki şəxslərin də Xankəndi istiqamətinə gedib-gəlməkdə sərbəst olduğunu bəyan edib.
“Harutyunyan Vardanyanı nə fikirlə təyin edib və nə səbəblə onu istefaya göndərib...”
Jurnalistlər ötən həftə Ruben Vardanyanın separatçı Dağlıq Qarabağ Respublikası dövlət naziri vəzifəsindən azad edilməsi ilə bağlı da Ermənistan Milli Məclisi sədrinin münasibəti ilə maraqlanıblar.
“Bilmirəm, Artsax prezidenti Arayik Harutyunyan Vardanyanı nə fikirlə təyin edib və nə səbəblə onu istefaya göndərib. Onların hər ikisi də bunu artıq şərh ediblər. Ermənistan hakimiyyəti isə nə onun təyinatı, nə də istefası prosesində iştirak edib və bu məsələdə maraqlı deyil”, - Simonyan deyib.
Yerevanda doğulmuş erməni mənşəli, təxminən 1,2 milyard dollarlıq sərvəti olduğu deyilən Rusiya biznesmeni Ruben Vardanyan ötən ilin sentyabrında Rusiya vətəndaşlığından çıxıb və noyabrın 4-dən tanınmamış “DQR dövlət naziri” vəzifəsinə təyin olunub.
Rəsmi Bakı “rusiyalı oliqarxın” Qarabağ ermənilərinin liderliyinə kəskin şəkildə etiraz edib və onun başçılığı ilə Qarabağ erməni əhalisi ilə heç bir təmasa getməyəcəyini bildirib. 2023-cü il fevralın 23-də “tanınmamış DQR prezidenti” Arayik Harutyunyanın fərmanı ilə Ruben Vardanyan vəzifədən azad edilib.