Özbəkistan: Qaraqalpaqıstanda toqquşmalarda 18 nəfər həlak olub, 243 yaralı var

Özbəkistanın tərkibindəki muxtar respublika olan Qaraqalpaqıstan vilayətində baş verən kütləvi iğtişaşlarda 18 nəfər həlak olub, 243 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İyulun biri və ikisində olan toqquşmalardan sonra minlərlə insan xəstəxanalarda müalicə olunur.

Bölgəninin səhiyyə naziri Qaraqalpaqıstanın paytaxtı Nukusda xəstəxanaların dolu olduğunu deyib.

Regionun Özbəkistandan ayrılmaq hüququnu geri almaq planlarına etiraz edən fəallar ilə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.

Özbəkistan parlamentinin qanunvericilik palatası ölkə konstitusiyasında muxtariyyəti olan Qaraqalpaqıstan Respublikasının suverenliyi ilə bağlı müddəaların qalmasına səs verib. İyulun 1-də hakimiyyətin bölgəni suveren statusundan məhrum etmək planlarına görə orada kütləvi etirazlar başlayıb.

Hakimiyyət orqanlarının Özbəkistan konstitusiyasına dəyişiklik layihəsini dərc etməsindən sonra minlərlə insan Qaraqalpaqıstanın paytaxtı Nukusda küçələrə çıxıb. Qaraqalpaqıstan sakinləri iki dəyişikliyə - respublikanın suveren statusunun ləğvinə və Özbəkistandan ayrılmaq hüququndan məhrum edilməsinə qarşı çıxıblar. Hər iki maddə Özbəkistan konstitusiyasına dəyişiklik layihəsində nəzərdə tutlur.

İyulun 1-də sosial şəbəkələrdə Nukusda keçirilən kütləvi nümayişlərin videoları yayılıb.

Elə həmin gün axşam saatlarında Özbəkistan Daxili İşlər Nazirliyi respublikada ictimai asayişin bərpa olunduğunu və insidentə səbəb kimi Qaraqalpaqıstan sakinlərinin “konstitusiya islahatlarını yanlış şərh etməsi” olduğunu bildirib.

Lakin ertəsi gün etirazlar davam edib. Bundan əlavə, respublikada etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar başlayıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev regional nümayəndələrlə görüşüb və etirazlara görə ölkədə sabitliyi pozmağa çalışan pis niyyətli qüvvələri günahlandırıb.

Şavkat Mirziyoyev həmçinin, fəalları silah əldə etmək üçün yerli hökumət binalarını ələ keçirməyə cəhd etməkdə ittiham edib.

Özbəkistan keçmiş Sovet respublikalarının ən repressiv hökumətlərindən biri kimi tanınır.

32 milyon əhalisi olan Özbəkistanda iki milyona yaxın insan Aral dənizi yaxınlığında, əksər əraziləri səhra olan Qaraqalpaqıstanda yaşayır.

Bölgədə fövqəladə vəziyyət elan edildikdən sonra polis və ordunun paytaxt Nukusun küçələrində patrul həyata keçirdiyi bildirilir.

Mühacirətdə olan müxalif siyasətçi Pulan Ahunov bildirib ki, fövqəladə vəziyyətlə əlaqədar insanlardan tam məlumat ala bilmirlər.

Müxalifətdə olan Birlik Partiyasının lideri Ahunov vəziyyətin öz dillərində danışan azlıq olan özbəklər və qaraqalpaqlar arasında etnik münaqişəyə çevriləcəyindən ehtiyat etdiyini bildirib.

İsveçdə yaşayan Ahunov, "Bir çox yerlərdə hələ də nümayişlər davam edir. Ümumi vəziyyət sakitləşməyə başlayıb, amma başqa təhlükə var. Qaraqalpaqlarla özbəklər arasında qarşıdurma. Vəziyyət tamamilə nəzarətdən çıxa bilər" deyib.

Qaraqalpaqıstan haradır?

Qaraqalpaqstan Özbəkistanın ərazisinə görə ən böyük bölgəsidir. Respublika ərazisinin təxminən 40%-ni tutur və dili və etnik mənsubiyyəti qazax dilinə ən yaxın türkdilli xalq olan qaraqalpaqların vətənidir.

Qaraqalpaq Muxtar Vilayəti 1924-cü ildə yaradılıb və 1930-cu ilə qədər Qazax SSR-in tərkibində olub. 1936-cı ildə Qara-Qalpaq Muxtar SSR Özbəkistan SSR-in tərkibinə daxil edilib.

Sovet İttifaqının dağılmasından sonra bölgə Qaraqalpaqıstan Respublikasına çevrilib. 1993-cü ildə Qaraqalpaqıstanın Özbəkistana daxil olması haqqında 20 il müddətinə dövlətlərarası müqavilə imzalanıb.

Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev 2021-ci ilin dekabrında Özbəkistan konstitusiyasına dəyişiklik etmək təşəbbüsü ilə çıxış edib. Sənədə 170 dəyişiklik edilməsi təklif olunur. Xüsusilə, dəyişikliklərdə prezidentlik müddətinin beş ildən yeddi ilə qaldırılmasını təklif edilir.