Azərbaycanda metro və avtobusda qiymət 60 qəpiyə qalxdı

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Oktyabrın 1-dən Azərbaycanda avtobus və metroda gediş haqqı 60 qəpik olacaq.

Bu, ictimai nəqliyyatın qiymətində 20 faiz artım deməkdir.

Hazırda bu məbləğ 50 qəpikdir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sentyabrın 29-da bildirib ki, qiymət artımı xidmətin keyfiyyətini artırmaq üçündür.

Qiymət artımı yalnız nağdsız ödənişlə çalışan müntəzəm şəhərdaxili, rayondaxili, qəsəbələrarası və şəhərətrafı avtobuslaru, o cümlədən metronu əhatə edir.

Nazirlik deyib ki, qiymət artımı nağdsız ödənişlə olan elektrik və ya sıxılmış təbii qaz ilə işləyən avtobuslara aiddir və bu da paytaxtdakı belə avtobusların təxminən 30 faizini əhatə edəcək.

Qurum nəğd ödəniş olan və ənənəvi yanacaqla işləyən marşrutlarda qiymətlərin dəyişməyəcəyin bildirib.

Qiymət artımı bütün ölkədə bu şərtləri ödəyən avtobuslarda tətbiq olunacaq, nazirlik açıqlayıb.

Rəsmi məlumata görə, qiymət artımı daşıyıcıların maliyyə vəziyyətini yaxşılaşdıracaq, avtobus parkının yenilənməsini sürətləndirəcək, ekoloji təmiz nəqliyyatın istifadəsini artıracaq.

Videoya YouTube kanalımızda baxın.