You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Türkiyə: Zəlzələ zonasında 300-dən çox binadan götürülmüş beton nümunələri davamlılıq testindən keçməyib
Türkiyədə Trabzon Karadeniz Texniki Universitetinin (KTU) İnşaat Mühəndisliyi fakültəsinin alimləri tərəfindən bu ilin 6 fevral zəlzələsi nəticəsində dağılmış 300-dən çox binadan götürülmüş nümunələr zəlzələyə davamlılıq testindən keçməyib.
Keçirilmiş sınqaların yekununa dair hesabatda deyilir ki, 25 meqapaskal sıxılma gücünə davamlı olmalı betonun reallıqda sıxılma müqaviməti 10 meqapaskaldan aşağı olub.
"Bu o deməkdir ki, dağıntıların əsas səbəblərindən biri betonun keyfiyyətsizliyi olub", - KTU professoru, İnşaat Mühəndisliyi fakültəsinin müəllimi, doktor Ahmet Can Altunışık bildirib.
Kahramanmaraşda və ətrafında böyük dağıntılara səbəb olan 6 fevral zəlzələləsindən sonra Altunışık universitetdən 15 nəfərlik bir mütəxəssis işçi qrupu ilə bölgədə araşdırma aparıb.
Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin tapşırığı ilə Qaziantep, Kahramanmaraş və Hataydakı 10 minə yaxın binanı yoxlayan və zərərin miqyası barədə hesabat hazırlayan mütəxəssislər, eyni zamanda Baş Prokurorluq tərəfindən araşdırma aparılması üçün ərazidəki binalardan beton nümunələri toplayıblar.
DHA-nın məlumatına görə, universitet laboratoriyasında təxminən 300 nümunəni sınaqdan keçirən elmi qrup betonun sıxılma gücünün normativ aktlarda göstərildiyindən iki dəfə az olduğunu aşkar ediblər.
Laboratoriya sınaqları seçilmiş nümunələrin seysmik müqavimət testindən keçmədiyini aşkar edib.
Altunışık qeyd edib ki, 6 fevral zəlzələsi zonasında yerləşən binalardakı betonun seysmik müqavimət gücü 2011-ci il Van zəlzələsindən sonra orada yerləşən binalardan götürülmüş nümunələrin müvafiq göstəricilərindən daha aşağı çıxıb.
"Van zəlzələsindən sonra apardığımız araşdırmalarda oradakı binalarda betonun müqavimət gücü 10-11 meqapaskal olub. Builki zəlzələ zonasında yerləşən binalardakı beton isə 10-dan aşağı, təxminən 9 meqapaskal gücündə olub ", - alim qeyd edib.
Altunışık 2000-ci ilə qədər tikilən binaların təcili olaraq yenilənməsinin və müasir şəhərsalma və seysmik standartlarına uyğun tikilməsinin vacibliyini xüsusi olaraq vurğulayıb.