Bakıda yağışdan sonra yaranan gölməçələr: “Bəs inkişaf edirdik?”
Dekabrın 9-dan etibarən Bakıya yağan leysan yağışlardan sonra bəzi evlərin həyətini su basıb, küçə və prospektlər suyun altında qalıb.
Sosial mediada yayılan videolarda bəzi ərazilərdə gölməçələr yarandığı görünür.
Yaranmış vəziyyət sosial mediada əsasən tənqidə səbəb olub.
"Cavabdeh məmurlar talançılıq etməsəydi, insanlar zülm çəkməzdi. Xalqın haqqını yeyib, Bakını bu günə qoyanlar niyə həbs edilmir?" – Qalib Vəliyev adlı sosial media istifadəçisi AzTV-nin yollarda yaranan çətinliklərlə bağlı hazırladığı videoya belə şərh yazıb.
Naidə Quliyeva adlı istifadəçi isə bildirib ki, "gör Bakı nə gündədir. Ancaq dövlətin pulunu yeməyi əla bacarırlar. Şəhərdə asfalt yol çəkirlər, traplar yox".
"25 ildə ideal qurduqları sistem tək korrupsiya və rüşvət olub. Ayrı ideal nə ediblərsə, birini heç kim deyənməz", - Marif Rzayev adlı istifadəçi qeyd edib.
Tural Məmmədov dövlət qurumlarını nəzərdə tutaraq yazıb ki, "bunlar ancaq onu bilir yollara xətt çəkib, radar qoyub, cərimə vuralar millətə".
"Günah yağışdadır, normadan artıq yağır. Məmurlardan icazə almır", - Blink 8317 adlı YouTube istifadəçisi yazıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bildirib ki, bəzi yollarda drenaj sistemi qurulmadığından, yığılan yağış suları tullantı su xətlərinə yönləndirilir, bu isə kanalizasiya şəbəkələrinin artıq yüklənməsinə səbəb olur.
Qurum paxtaxtda subasma ərazilərinin çox olduğunu və subasma hallarının mərhələli şəkildə aradan qaldırmaq məqsədi ilə tədbirlər həyata keçirdiyini bildirib.



